vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
21:17 | 22 fevral 2017 | Çərşənbə Məqaləyə 1346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Hizbullah» Suriyadan çıxacaq»

Rusiya əks-kəşfiyyatının sabiq rəhbəri İsraili sakitləşdirir

Sez FRANTZMAN, «Jerusalem Post»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Münaqişə bitdikdən sonra «Hizbullah» Suriyanı tərk edəcək». Bunu «Jerusalem Post»a eksklüziv müsahibəsində Oleq Sıromolotov bildirib, həmçinin əlavə edib ki, «Hizbullah»ın Suriyada qalmasının İsrail üçün uzunmüddətli təhlükə olması ilə bağlı narahatlığı başa düşür.

«Rəsmi Dəməşq Suriyadakı vətəndaş müharibəsində yardım üçün İran və «Hizbullah»ı dəvət edib və müharibə bitdikdə, bütün silahlı qruplarla yanaşı, onlar da bu ölkəni tərk edəcək», – Rusiya Federasiyası xarici işlər nazirinin müavini Oleq Sıromolotov «Jerusalem Post»a deyib.

«Mən İsrailin Suriyada «Hizbullah» və İnqilab Keşikçiləri ilə bağlı qorxusunu anlayıram və əlbəttə, qorxursunuz ki, onlar müharibədən sonra da Suriyada qalacaqlar».

«Bizim üçün «Hizbullah» Livan siyasətinin bir hissəsidir, Livan əhalisinin əhəmiyyətli hissəsi onları dəstəkləyir və onlar parlamentin bir hissəsidir, – Sıromolotov bildirib. – İran İnqilab Keşikçiləri Korpusu isə İranın hərbi strukturunun bir hissəsidir. Buna görə də onları beynəlxalq terrorçuların siyahısına daxil etməyin üsulu yoxdur».

Noyabr ayında baş naziri Benyamin Netanyahu rusiyalı həmkarı Dmitri Medvedyevə bildirib ki, İranın Suriyada baza yaratmasının qarşısı alınmalıdır. Netanyahu «İnterfaks» xəbər agentliyinə deyib ki, İran və «Hizbullah»ın Suriyadan İsrailə hücum etməsinin və ya «Hizbullah»a «qorxunc silah» verməsinin qarşısı alınmalıdır.

Rusiya üçün Suriya münaqişəsi Bəşər Əsədin qanuni hökuməti ilə onun opponentləri və terrorçular arasında münaqişədir.

«Rusiyanın fikrincə, Suriya münaqişəsi yalnız hərbi vasitələrlə həll edilə bilməz», – O.Sıromolotov deyib.

«Mərkəzi məsələlərdən biri terrorçuları müxalifətdən ayırmaq idi və keçən il biz müxalifət və terrorçular arasında bu fərqi müəyyən etmək üçün amerikalılarla razılığa gələ bilmədik».

Nazir müavini bildirib ki, bununla belə, Suriyaya dair Qazaxıstanda baş tutan Astana danışıqlarında müxalifətlə atəşkəs barədə razılaşma var.

İsrailin «Hizbullah»la bağlı fikirləri ilə razılaşmadığı kimi, Rusiyanı təhdid edən terror qruplarını da İsrail terrorçu hesab etmir. Sıromolotov Moskvada və digər yerlərdə məktəblərə hücumlar həyata keçirmiş «Qafqaz Əmirliyi»ni nümunə göstərib. Rusiya onu təhdid sayarkən, İsrail və ya digər ölkələr terrorizm kimi dəyərləndirmir.

İsraildə olarkən Sıromolotov Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri ilə görüşlərdə İsrail və Rusiyanın terrorizmə qarşı qlobal mübarizədə əməkdaşlıq yollarını müzakirə edib.

Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat bölməsinin sabiq rəhbəri kimi onun böyük təcrübəsi var və 2015-ci ildən cari vəzifəyə təyin edilib.

«Rusiya Federasiyası və İsrailin terrorla mübarizə təcrübəsi var və bu təcrübə ağır iş və insan resursları, habelə keçmişdə baş vermiş hadisələrə əsaslanır».

1990-cı illərdən Şimal Qafqaz regionunda terrorizmlə üzləşmiş ölkənin rəsmisi deyir: «Birlikdə işləyə bilmənin bir sıra yolları var. Onlardan biri məlumat mübadiləsidir, digəri BMT kimi beynəlxalq forumlarda əməkdaşlıqdır».

O.Sıromolotov vurğulayıb ki, İsrail-Fələstin münaqişəsi bitdikdə, Yaxın Şərqdəki terror təşkilatları artıq artmayacaq. «Rusiya Fələstinin milli birlik hökumətini tanıyıb və Mahmud Abbasla Netanyahu arasında danışıqları təşviq edir. «Hizbullah» kimi, HƏMAS-ı da terror təşkilatı yox, Fələstin siyasətinin bir parçası sayır». (strateq.az)