vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ŞOU BİZNES  
20:41 | 28 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 2443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... ucuz dəyərlərə hesablanır»

Rejissorlardan yeni filmlərdəki vulqarizmə ciddi irad

MÖVZU İLƏ ƏLAQƏLİ

Son illərdə ekranlaşdırılan kommersiya məqsədli komediya filmlərində ifrat vulqarizm, jarqonlardan yersiz istifadə baş alıb gedir. Kinoteatrların repertuarını zəbt edən və xeyli sayda tamaşaçı kütləsi toplayan yerli kinokomediyalarda məzmun və peşəkarlığın zəifliyi ilə yanaşı, qeyri-etik ifadələrin yersiz istifadəsi kino bazarının peşəkarlığında da mənfi təsir edir. Məzmunlu və qismən də olsa dünya standartlarına cavab verəcək filmi çəkmək istəyən rejissor və prodüsserləri də vulqarizmlə dolu komediya filmlərinə olan izafi maraq bu işdən soyudur.

Xüsusən də, «May name is İntigam», « Axırıncı yol», «Niyə», «Xoxan» və s. kimi müasir komediyalar ifrat vulqarlıq və məzmunsuzluqla cəmiyyətin kino zövqünü korlayır.

Azərbaycanın beynəlxalq müstəvidə ən çox uğur qazanan filminin - «Çölçü»nün müəllifi, kinorejissor Şamil Əliyev Modern.az saytına açıqlamasında bunun yolverilməz olduğunu qeyd edir:

«Vulqarizm o «komediyaların» demək olar ki, böyük əksəriyyətində var. Bu da ssenaridə dramaturgiyanın tələblərinin öz əksini tapa bilməməsindən irəli gəlir. Filmin intensiyası, yəni niyyəti lap əvvəldən ucuz dəyərlərə hesablanır. Müəlliflərin yaradıcı potensialı da bunu şərtləndirən vacib faklardan biridir».

Lakin o tipli filmlərin rejissor və aktyorları vulqarlıqla bağlı iradlara cavab olaraq, daha çox Avropa, Rusiya və Türkiyə komediyalarını misal göstərir, onlardakı qeyri-etik ifadələrin bolluğu ilə özlərini müdafiə edirlər. Bu yanaşmanın nə dərəcədə doğru olduğunu rejissor Şamil Əliyev bu cür izah edir:

«Yanlış düşüncədir. Nə tökərsən aşına, o da çıxar qaşığına. O komediyalarda - əsasən də Türkiyə və Rusiya istehsalı olanlarda- idiotizmin, debilizmin təbliği aparılmır. Əksinə! Bizimkilərin özləri çəkdikləri filmlərdən ləzzət alırlarsa, demək ya mənəviyyatda, ya da savadda problemləri var. Zövqsüzlük də baş alıb gedir».

Xalq artisti, dünyanın bir neçə ölkəsində filmlərə çəkilən Tariyel Qasımovun isə məsələyə münasibəti nisbətən fərqlidir. O, yerində işlədilən vulqar ifadəni qəbul etdiyi deyir. Xalq artistinin sözlərinə görə, vaxtilə böyük sənətkarlar da ara-sıra bu cür ifadələrdən yan keçməyiblər:

«Əslində, doğru məsələ qaldırmısınız. Amma bizim görkəmli sənətkarlarımız olub - məsələn, Nəsibə xanım Zeynalova -  onlar da hərdən işlədirdilər. Yəni, yeri gələndə o ifadələrdən işlətmək olar. Amma ifrata varanda çox pis olur. Hər şey əndazəsindən çıxanda eybəcərləşir. Biz insanlar susuz yaşaya bilməsək də, suyu da lazımından artıq içmək zərər verir. Yerində işlətmək olar. Vulqar sözün səslənməsi zəruridirsə, onu müəyyən mənada demək olar. Yoxsa, gülüş naminə işlətmək lazım deyil. Bizim mentalitet, adət-ənənə var. Başqa xalqlara, ölkələrə özümüzün mədəni, intellektual yönümüzü göstərməliyik. Biz elə insanlar deyilik ki, ağzımız söyüşlə açılıb, söyüşlə yumulsun».

«Kənddə sonuncu yəhudi» filmi ilə ABŞ və başqa ölkələrin festivallarında uğur qazanan rejissor Rüfət Əsədov isə məsələyə daha çox xarici kino ilə müqayisə kontekstində yanaşır. Rejissor belə ifadələrin Azərbaycan cəmiyyəti üçün olmadığı qənaətindədir:

«Əlbəttə ki, ekrandan jarqon, söyüş və s. bunlar yenilik deyil. Türk kinosundan danışa bilmərəm, məlumatım azdı, amma müasir rus filmi, tamaşalarda həmin ifadələrdən geniş istifadə olunur. Sovet vaxtı, təbii ki bu mümükün deyildi. Bu, əsasən Amerika və Avropa filmlərinin təsiridir. İkinci isə burada nə qədər qaçmağa çalışsaq da, mentalitet məsələsi var. Bizim auditoriya buna hazırdımı? Bunu qəbul edəcəkmi? Əsas budur. Mənim yadıma gəlir ki, birinci dəfə Rasim Ocaqovun «Təhminə» filmində, Zaurun atası Zaura müraciətlə Təhminəni söyəndə, onu konkret  küçə ifadəsi ilə həyat qadını adlandıranda, mən, 15 il Peterburqda yaşayan adam diksindim. Ona görə, mənim fikrimcə, hələ tezdir. Biz ona hazır deyilik. Digər tərəfdən bu nə qədər estetik yük daşıyır? Onsuz ötüşmək olmazmı? Məşhur muasir rus yazıçısı Eduard Limonovun bu barədə gözəl fikri var. O deyir ki, mən öz bədii əsərlərimdə söyüşdən, jarqondan istifadə edirəm. Çünki bu, dar bir mühit üçündür. Amma qəzet məqalələrimdə, müsahibədə heç vaxt elə ifadələrdən istifadə etmirəm. Çünki bunun əhatə dairəsi genişdir».