vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
11:46 | 14 aprel 2017 | Cümə Məqaləyə 2570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qanun layihəsi ilə bağlı toqquşan maraqlar

«Siqaret qadağası» onları üz-üzə qoydu

Bəxtiyar MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun müddət müzakirə edilən «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Layihənin 10-cu («Tütün çəkilməsinə icazə verilməyən yerlər») maddəsinə görə, təhsil və tərbiyə müəssisələri, onların əraziləri, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) ticarət, məişət obyektlərində siqaret çəkmək mümkün olmayacaq. Bütün bunlardan başqa, siqaretin qadağan olunduğu yerlərə sosial xidmət müəssisələri, yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir); teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, yerüstü qapalı və yeraltı piyada keçidləri də daxildir. Əgər qanun qəbul edilərsə, Bakıda bir çox yerlərdə siqaret çəkmək mümkün olmayacaq. Məsələyə münasibət isə birmənalı deyil. 


«Siqaret çəkib adam öldürən, arvadını döyən görməmişəm, amma araq içənlər bunu edir»


Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında millət vəkili Aqil Abbas siqaret çəkdiyini, lakin elə yerlər var ki, orada qadağan edilməsinin tərəfdarı olduğunu deyib: «Məktəb, bağça ətrafı, hətta belə yerlərə yüz metr qalmış ərazidə siqaret çəkilməsi qadağan olunmalıdır. Eyni zamanda, kinoteatrda, teatrda və bu kimi digər yerlərdə də siqaret çəkməzlər. Amma restoranda siqaretin qadağan edilməsini qəbul eləmirəm. İnsan restorana gedir ki, istirahət eləsin, bir az desin-gülsün. Deyirlər ki, burada siqaret çəkmək qadağandır. Niyə, qardaş? Onda mən və ya mənim kimi insanlar niyə restorana gəlməlidir? Evimdəki yemək restorandan min dəfə dadlıdır. Niyə araq içmək olar, amma siqaret çəkmək olmaz? Araq siqaretdən də axmaq bir şeydir. Rəhmətlik atam deyərdi ki, indiyədək siqaret çəkib adam öldürən, arvadını döyən görməmişəm, amma araq içənlər bunu edir. Onda gəlin arağı da qadağan edək. İnsanlar arağı içib intihar edir, cinayət törədir».

Buna baxmayaraq, A.Abbas müəyyən yerlərdə siqaretin qadağan olunmasının tərəfdarıdır: «Türkiyədə də hər yerdə siqaret qadağan edilib, amma narkomaniya qadağan olunmayıb. Türk filmlərində siqaretin üstü bağlanır, amma narkomanın iynə vurması açıq göstərilir. İndi Türkiyədə bunun yolunu tapıblar, restoranlarda siqaret çəkmək üçün qış aylarında pəncərələrin yuxarısını kəsirlər. Bu «açıq alan» sayılır. 

Əslində insanın siqaret çəkmə mədəniyyəti olmalıdır. Bir evə qonaq gedibsən və orada körpə uşaq varsa, artıq həmin yerdə siqaret çəkmək mədəniyyətsizlikdir. Amma hər yerdə siqareti qadağan eləmək düzgün deyil».


«Bunu niyə təbliğ etməliyik?»


Millət vəkili Məlahət İbrahimqızı deyir ki, siqaret sağlamlığa, ətraf mühitə ziyan vurduğu halda, onu təbliğ etməməliyik: «Ona görə də parlamentdə bununla bağlı məsələ qaldırıldı və artıq qadağalar tətbiq olunacaq. Bəzən insanlar qapalı məkanda oturaraq, ətrafına baxmadan siqaret çəkir. Bəlkə ətrafında olan insanların allergiyası və ya hansısa xəstəliyi var? Eyni zamanda, toylarda, tədbirlərdə və ya iclaslarda siqaret çəkilir. Halbuki, bir insanın hüququ digər insanın hüququnun başladığı yerə qədərdir».

M.İbrahimqızı bu gün dünyada siqaretlə əleyhinə güclü mübarizə getdiyini də vurğuladı: «Amerikada, Avropada bu məsələ ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı hər il hesabatlarla çıxış edir və bu sənədlərdə ürək, qan-damar və onkoloji xəstəliklərə ən çox səbəb kimi nikotin göstərilir. Bilirik ki, nikotin insan sağlamlığına zərər vurur, onda bunu niyə təbliğ etməliyik? Bu qanunla həm  siqaretin insana ziyan vurduğunu bilərək, çəkənlərin, eləcə də istifadə etməyən insanların hüquqlarını pozmuruq».  


«Əminəm ki, bu qanunun qəbulu heç də hamının ürəyincə deyil»

  

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun layihəsi barədə məlumatlı olduğunu deyib: «Bununla bağlı media vasitəsilə millət vəkillərinə sözümü ünvanlamışam. Yenə də o fikirdəyəm ki, bir dəfə əl qaldırmaqla, bir düymə basmaqla hansısa rahat, münasib məkanda bir stəkan pürrəngi çayın, yaxud ləzzətli bir təamın üstündən bir siqaret yandırıb çəkmək, yüngülləşmək, sakitləşmək imkanını əlimizdən almaq istəyirsiniz. Amma əslində, bilirəm ki, aranızda bir çoxları uzun illərdən bəri siqaret çəkir, onunla dostluq edir. Hətta bəziləri təkcə parlament binasında yox, dəbdəbəli iclas salonlarında, digər ictimai yerlərdə siqaret çəkmək üçün yer axtarır. Əminəm ki, bu qanunun qəbulu heç də hamının ürəyincə deyil».


«Küçələr siqaret kötüklərindən azad olacaq»


Siaqret çəkməyənlər insanların, xüsusən qadınların siqaretlə bağlı qoyulacaq məhdudiyyətlərə münasibəti müsbətdir: «Çünki siqaret nəinki çəkənin özünə, ətrafdakılar da eyni qaydada zərərli təsir edir. Siqaret tüstüsünün orqanizminə mənfi təsir edəcək insanlar var ki, onların yanında siqaret çəkməklə sağlam yaşamaq hüquqları pozulmuş olur.

Yenilik həm də siqaret çəkənlərin sayının azalmasına təsir edə bilər. Məsələn, Türkiyədə siqaretlə bağlı məhdudiyyətin effektli nəticə verdiyi açıqlanıb. Qardaş ölkənin səhiyyə naziri Rəcəb Akdağ bir neçə gün əvvəl açıqlama verərək, siqaret çəkənlərin sayında azalma müşahidə olunduğunu bildirib».

N.Qurbanova qeyd etdi ki, Azərbaycanda son illər tənəffüs yolları və ağciyər xərçəngindən əziyyət çəkən insanların say çoxluğu siqaretlə bağlı tədbir görülməsini zəruri edirdi: «Məktəblərə yaxın ərazilərdəki köşklərdə də siqaret satışına qadağa qoyulsa, yaxşı olar. Çünki bu köşklərdə siqaretlər daha çox məktəblilərə satılır.

Məhdudiyyət küçələrin təmizliyi baxımından da faydalıdır. Hara baxsan, siqaret kötüyüdür, kim harada gəldi siqaret çəkib kötüyün yerə atır. Amma qadağadan sonra belə hallar azalacaq. Küçələr siqaret kötüklərindən azad olacaq».