vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
01:17 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 1109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir ağrılıq söhbətə...

...Bir gülləlik cavab

Tural TURAN

Bu gün özümə və ona çox yazığım gəldi. Açığı, indiyə qədər heç özümə yazığım gəlməmişdi. Ona isə daha çox, çünki məndən bir neçə addım qabaqdadır.

O, ədəbi mühitə koma vəziyyətindən süni nəfəslə qoşulan Salyanın adını bilmədiyim bir kəndindən Bakıya üz tutub (İllər öncədən). Orada özünə və içindəki adsız sözlərə, doğulacaq şeirlərə yer tapmadığı üçün... Bəlkə də qoşqularının, düzgülərinin Salyanda atasız – obrazsız doğulacağından qorxduğu üçün, nə bilim... Çox uzatmayacağam, Rasim kişinin oğlundan danışıram – Emildən. (Emil Rasimoğlundan)

Bu gün onunla ənənəvi çay masasında görüşmək üçün «28 May»a yollandım. Görüş yerinə gecikmişdim. Sağ olsun, gözləmişdi. Gözümə bir təhər dəydi bu dəfə... Dedi ağrıyıram. «Gəzən xəstəlik»dən tutub deyəsən.

O, tələbəlik dövründən anasının isti yeməklərini qoyub on gün Salyanda, iyirmi gün Bakıda söz-söz nəfəs alan adamlardandır. Tapıntı-obraz mühitindən uzaq düşməmək üçün paytaxtdan qopub Kür aşağı getmədi, qaldı (elə indi də qalır).

Yaman soyuqlayıb, dünəndən. Boynum-kürəyib qartıb-deyir. Çayxanadan çıxanda gəl aptekə girək, dava dərman alaq- dedim. İstəmədi, istiotla, türkəçarə ilə vəziyyətini düzəldəcəyini söylədi. «Neftçilər» metrosunda məndən ayrıldı. Metrodan çıxıb avtobusa minəndə məni də yəhudisayaq altı dəfə asqırma tutdu. O an hiss etdim ki, çor mərəz mənim də üstümü alıb. Yadıma Emil düşdü, ağrısını indi daha içdən duyurdum şairin. Başladıq yazışmağa, ağrılarımız kimi kəsik-kəsik, amma bütöv «qısalıqlar»la:

Mən:

- Ağrılar içimizin dəyirman daşıdı,

Üyüdür içimizin dərd qabağını.

Ağrılar dərdimizi buxar- buxar daşıdı,

Dua-dua kəsdi

Qəfil ölümlərin qabağını.

 

Emil Rasimoğlu:

- Ağrıların şəklini çəkirəm

bütün dəyirman qutularının üstünə...


Mən:

- Nə ata var yanında, nə də ki, ana,

Şeirlərinə de, sətir-sətir çay dəmləsin,

Yorğan olub üstünə çəkilsin, qağa.

(Yaman təsirləndim deyir. Mən də qızdırmadandır - yazıram).


Emil Rasimoğlu:

- Qardaş, ağrı- dar ağacıdır...!


Mən:

- Ağrı bir çürük ipdir,

İntiharların ağrısını daddırıb adiləşdirir.

Boynumuzu böyüdür, gələcəkdə

İp keçməsin deyə...

Davam elə bunu deyir. Bir gülləlik cavab da sən yaz – yazıram ona... Qağa, tətiyə gücüm çatmır – deyə cavab gəlir.

Üzündə təbəssüm yaratmağa çalışıram. Xəstə-xəstə güləndə ağrılar iki qat artır dodaqda, bağışla, şair.

Məndə isə vəziyyət yaxşıya doğrudur, indi üç-üç asqırıram...

24 (çiçək) aprel 2017 – Bakı, Saat 00:50