vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:05 | 17 may 2017 | Çərşənbə Məqaləyə 1528 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bülbül kimi ötürdün»

MTN polkovniki əsl həqiqəti söyləmək üçün qapalı iclas istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, mayın 16-da iclas bütünlüklə Bakıdakı məşhur mağazalar şəbəkəsinin sahibi, zərərçəkmiş Zabil Salmanovun iddiası üzrə epizoda həsr olundu. Qeyd edək ki, «EUROMODA», «RAMSEY», «FAİK SÖNMEZ»,«ENJOYMENT»,«KIP», «FLO», «OUTLET» və başqa bir sıra mağazaların sahibi olan zərərçəkmiş MTN əməkdaşlarının ondan zorla 437 min manat aldıqlarını iddia edir.


Füzuli Əliyev: «Bülbül kimi ötürdün»


Zərərçəkmiş Azər Zakirov ifadəsində bildirdi ki, Zabil Salmanovun şirkətində direktor müavini vəzifəsində çalışır. Onun sözlərinə görə, 2015-ci ilin mart ayının 1-də iş yoldaşı Emin Alıyevlə birlikdə Türkiyədən Bakıya qayıdıb. Hava limanında onları həmkarları Aqşin Nəbili qarşılayıb. Emin Alıyevi evinin yaxınlığında, Aqşin Nəbilini isə şirkətin anbarında düşürdükdən sonra evinə qayıdan zərərçəkmişi yaşadığı binanın yaxınlığında MTN əməkdaşları saxlayıb və nazirliyə getməyin lazım olduğunu bildiriblər.

A.Zakirov qeyd edib ki, MTN-də onu işi ilə bağlı xeyli sorğu-sual ediblər, telefonlarına qulaq asıldığı və bir-birinə göndərdikləri sms-ləri ələ keçirdikləri bildirilib. Zərərçəkmişin sözlərindən məlum oldu ki, o, nazirliyin əməkdaşlarından təkidlə saxlanılmağının səbəblərini soruşub və kommersiya sirri təşkil edən suallara cavab verməkdən boyun qaçırıb.

İfadənin bu yerində təqsirləndirilən Füzuli Əliyev yerindən replika atdı: «Yalan danışma, bülbül kimi ötürdün, elə Zabili də sən ələ verdin».

Zərərçəkmiş həmin gecəni MTN-də keçirdiyini bildirdi. Ertəsi gün Zabil Salmanov da nazirliyə gəlib və onlar nazirliyin əməkdaşları ilə birlikdə şirkətin ofisinə gediblər. A.Zakirovun sözlərinə görə, axtarış zamanı ofisdəki seyfdən 248 min 950 avro, 23 min dollar və 20 min manat götürülüb, bundan başqa, kompüterlər və sənədlər də MTN-ə aparılıb. Zərərçəkmiş MTN-də Zabil Salmanovdan 3 milyon manat tələb edildiyini, sonradan 1 milyon manata razılaşdıqlarını qeyd edib.


Məntiqdənkənar valyutadəyişmə əməliyyatı


Zərərçəkmiş Azər Zakirov qeyd edib ki, mart ayının 4-də o və Zabil Salmanov MTN-in yaxınlığında yerləşən «Sultan» kafesinin qarşısında təqsirlənmdirilən Füzuli Əliyevlə görüşüblər. F.Əliyev bildirib ki, götürülmüş pulların hamısını manata dəyişmək lazımdır. A.Zakirovun ifadəsində bildirdiyinə görə, onlar «28 May» metro stansiyasının yaxınlığındakı valyutadəyişmə məntəqələrindən birinə yaxınlaşıblar və burada F.Əliyevin Nemət adlı tanışı işləyirmiş.

Zərərçəkmiş dedi ki, Zabil Salmanov Füzili Əliyevdə olan pulları götürərək, həmin məntəqədə 337 min manata dəyişib və bundan sonra MTN polkovnikini nazirliyə geri qaytarıblar.

A.Zakirov mart ayının ortalarında Zabil Salmanovun Füzuli Əliyevə Yasamalda çörək zavodunun yaxınlığında yerləşən «Favorit» supermarketinin qarşısında daha 100 min manat verdiyini qeyd etdi.

Təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov zərərçəkmişə sualla müraciət edərək dedi: «Azər müəllim, əgər valyutadəyişmə məntəqəsində işləyən adam Füzuli Əliyevin tanışı idisə və pullar Füzuli Əliyevdə idisə, sizi nəyə görə ora aparırdı ki? Özü gedib dəyişə, yaxud başqa birindən bunu xahiş edə bilməzdimi?»

Azər Zakirov buna cavab olaraq özünün gördüyü barədə ifadə verdiyini bildirdi.


MTN polkovniki: «Rəsmi sənədlər də göstərir ki, biz görüşməmişik»


Məsələyə aydınlıq gətirmək üçün zərərçəkmişə bir neçə sualının olduğunu deyən təqsirləndirilən Füzuli Əliyev hakimə müraciət edərək bildirdi:

«Möhtərəm hakim, bütün zərərçəkmişlər və şahidlər ifadə verdikdən sonra mən sizdən xahiş edəcəyəm ki, ifadə verməyim və bu məsələ ilə bağlı əsl həqiqəti söyləməyim üçün iclası qapalı keçirəsiniz. Mən həmin ifadəmdə hər şeyi necə varsa, elə də danışacağam».

Zərərçəkmişin ifadəsi ilə bağlı Füzuli Əliyev qeyd etdi ki, valyuta dəyişmək üçün onun kiminləsə «28 May» metro stansiyasının yaxınlığına getməyə ehtiyacı yox idi: «Hamı bilir ki, «Elmlər Akademiyası» stansiyasının yaxınlığında ən ucuz valyuta mübadiləsi məntəqələri var idi. Bir də ki, istəsəydim, həmin məntəqədə işləyən adam valyutanı elə MTN-in həyətinə gətirərdi, nə böyük problem idi ki? Məsələ bundadır ki, belə bir şey olmayıb və bunlar hamısı ağ yalandır.

Telefon nömələrindən danışıqların açıqlamaları və «location» göstəriciləri də sübut edir ki, həmin gün və ondan sonra guya «Favorit»in qarşısında görüşdüyümüz gün bizim telefonlarımız heç bir halda bir-birinə yaxın olmayıb və biz, sadəcə olaraq, görüşməmişik. Bunların hamısı uydurmadır».


Pullar şirkətindir, yoxsa fiziki şəxsin?


Epizod üzrə digər zərərçəkmiş, Zabil Salmanovun xəzinədarı Yasin Qasımov ifadəsində özündən əvvəlki zərərçəkmişin ifadəsində göstərilən halları, demək olar ki, təkrarladı. Y.Qasımov MTN-ə aparıldığını və oradan gecə buraxıldığını qeyd etdi.

Vəkil Adil İsmayılovun seyfdən götürüldüyü iddia edilən pulların mənşəyinə dair suala cavab verən zərərçəkmiş seyfdə saxlanılan vəsaitlərin konkret olaraq şirkətə, yaxud fiziki şəxs kimi Zabil Salmanova aid olmasını açıqlaya bilmədi. «Həmin pulların arasında həm satışdan gələn pullar, həm də Zabil müəllimin şəxsi pulları var idi. Hansından nə qədər olduğunu deyə bilmərəm, özündən soruşun», - zərərçəkmiış bildirdi.

O da məlum oldu ki, xəzinədar Yasin Qasımov zərərçəkmiş Zabil Salmanovun həyat yoldaşının qardaşıdır.

Digər zərərçəkmiş Aqşin Nəbili şirkətin mərkəzi anbarının müdiri olduğunu, həmin gün özünün də MTN-ə aparıldığını bildirdi.

Epizod üzrə ifadə vermiş şahidlər MTN əməkdaşlarının şirkətdə apardığı axtarış və seyfdən pulların götürülməsi ilə bağlı zərərçəkmişlərin iddialarını təsdiq etdilər.

Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının cümə axşamı, mayın 18-i keçiriləcəyini elan etdi.