vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MƏHKƏMƏ, İSTİNTAQ  
11:19 | 18 may 2017 | Cümə axşamı Məqaləyə 1625 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pulu hissə-hissə gətirə bilməzdim»

1 milyonu qaçaq yolla Azərbaycana necə keçiriblər?

İlkin MURADOV

MÖVZU İLƏ ƏLAQƏLİ

MTN polkovnikinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda təqsirləndirilən MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutub.

Prosesdə zərərçəkmiş Vidadi Əzizovun dostu Elyar Abdullayev şahid qismində ifadə verib.

Zərərçəkmiş Vidadi Əzizov uzun illərdir, dost olduğunu deyən şahid sərbəst ifadəsində bunları deyib: «Vidadinin MTN tərəfindən saxlanılmasından xəbərim olmayıb. Bakıda olmamışam. 2012-ci ildən Vidadi ilə bir yerdə restoranda işləmişəm. Restoran Vidadinin idi. Mən də adminstrator idim. Həmin ərəfədə Vidadiyə tez-tez zəng gəlirdi. Hər dəfə də danışandan sonra əsəbləşirdi. Ondan zəng edənin kim olduğunu soruşdum. Bildirdi ki, polkovnikdir.

Vidadiyə Mirəziz Əsgərovun üç dəfə zəng etməsinin şahidi olmuşam. Deyirdi ki, «işlə, bizə də gətir». Bunu mənə Vidadi telefonda danışandan sonra deyib. Vidadinin dediyinə görə, ondan 100 min manat istəyib. Vidadinin pul verməsinin şahidi olmamışam. Onu bilmişəm ki, Mirəziz Vidadiyə dəfələrlə zəng edib. Biz Goranboy rayonunda fermada olduğumuz zaman da Mirəziz Əsgərov Vidadiyə zəng vurub».

Şahidin ifadəsinə arayış verən polkovnik Mirəziz Əsgərov bildirib ki, Vidadi Əzizov ilə 5 dəfə telefon danışığının olması istintaqla müəyyən edilib. Amma polkovnik deyir ki, həmin zənglərdən 4-nü Vidadi Əzizov ona edib: «Bir dəfə də mən ona zəng etmişəm. Amma şahid burada deyir ki, guya mən Vidadiyə dəfələrlə zəng etmişəm. Yalan danışmamaq üçün iltizama imza edib, məsuliyyət daşıyır».

Hakim isə bildirib ki, şahidlərin məhkəmədə verdikləri ifadələrə yekunda qiymət veriləcək. Daha sonra Mirəziz Əsgərov bildirib ki, məhkəmədə Vidadi Əzizovun yaxınları ziddiyyətli ifadələr verirlər.

Polkovnik deyib ki, Vidadi Əzizovun ətrafında əks-kəşfiyyat kompleks əməliyyat-axtarış tədbirləri keçirilib və bütün əməliyyatlar sənədləşdirilib: «İndi burada ziddiyyətli ifadələr verirlər. Məntiqə, ardıcıllığa uyğun olmayan ifadələrlə şəxsi ittiham etmək olmaz».

Daha sonra məhkəmədə zərərçəkmişin xalası qızının həyat yoldaşı Ziyad Rzayev ifadə verib. O, bildirib ki, Goranboy rayonunda yataq alıb və ferma salıb. Həmin fermanın salınması üçün vəsaitin bir hissəsini də Vidadi Əzizov verib.

«Sonra Vidadi qoyunlar da aldı və ferma işə başladı. 2012-ci ildə Vidadiyə MTN-dən zəng gəlib. Həmin zənglərlə bağlı maraqlandım. Vidadi dedi ki, pul istəyirlər. Mən də dedim ki, pul ver, canını qurtar. Sonradan Vidadi fermada olan qoyunları satdı. Fermada olan qoyunlar satılan zaman qızımın xəstə olması ilə bağlı Bakıda olmuşam», - deyən şahidə suallar verilib.

Mirəziz Əsgərovun vəkili Əlimərdan Sadıqov qeyd edib ki, şahid Z.Rzayevin ərizəsi ilə müdafiə etdiyi polkovnikin həbs müddəti 4 dəfə artırılıb: «Hər dəfə də qərarda qeyd olunub ki, Ziyad Rzayev şikayətçidir. Onun işdə ərizəsi var. İndi ifadəsində deyir ki, fermada olan heyvanlar satılan zaman orada olmayıb».

Şahid isə bildirib ki, fermada qoyunların satılması üçün özü razılıq verib və bundan sonra Vidadi Əzizov qoyunları satıb. Digər şahid zərərçəkmişin əsgər yoldaşı Tərlan Abdullayev olub.

O, bildirib ki, ev almaq istəyib və bununla bağlı Vidadi Əzizovla aralarında söhblət olub: «Vidadi Montində ev aldı. Evin behini versə də, sonradan pul problemi ilə bağlı qalanını verə bilmədi. Sonra Vidadi Əzizov bazarı olduğu və bu bazarda ona kömək etmək üçün şərik lazım olduğunu dedi. Mən də taxta alveri ilə məşğul olan Nəsimi Cavadovla Vidadini tanış etdim. Bundan sonra onların arasında taxta alış-verişi olub. 2012-ci ildə Vidadiyə xaricdən 1 milyon manata yaxın pul gəlməli idi. Amma həmin pulu gətirə bilmirdi. Sonradan pulun gətirilməsini təşkil etmişdi. Həmin pulu götürəndə banka mən də getməli idim. Amma işimlə bağlı gedə bilmədim. Sonradan eşitdim ki, pulu götürəndə MTN əməkdaşları tərəfindən saxlanılıb. Vidadi MTN-dən çıxandan sonra evin pulunu mənə verdi».

İş üzrə şahid qismində Nəsimi Cavadov da məhkəmədə ifadə verib.

O, deyib ki, 2011-ci ilin noyabr ayında Vidadi Əzizovla Tərlan Abdullayevin vasitəsi ilə tanış olub: «Vidadi Bakıya 1 milyon gətirmək istəyirdi. O deyirdi ki, həmin pulu bank yolu ilə gətirmək mümkün deyil. Pulu Azərbaycana bankdan kənar gətirmək istəyirdi. Ona Namiq adlı adam olduğunu dedim. Sonra onları tanış etdim. Xaricdə pul hazır olandan sonra Vidadi məlumat verdi. Mən də Namiqə dedim. Pulu Namiq Bakıya gətizdirdi. Sonra Miri adlı bank işçisini vasitəsi ilə pulları bankda yoxlatdıq. Pulun 360 min manatını bankda saxladıq. Qalan pulu Vidadi ilə birlikdə götürürək çıxdıq. Bu zaman MTN əməkdaşları bizi saxladı. Bizi MTN-də 5-6 saat saxladılar. Bizə qarşı hər hansı təzyiq olmayıb».

Zərərçəkmiş Vidadi Əzizov pulların Azərbaycana qeyri rəsmi yollarla gətirilməsinə aydınlıq gətirib.

V.Əzizov bildirib ki, bank vasitəsi ilə həmin məbləğdə pulun ölkəyə gətirmək mümkün ilmadığı üçün nu yolu seçib: «Bir milyon manat öz pulum idi. Həmin pulu hissə-hissə gətirə bilməzdim. Çünki həmin pul mənə bir dəfəyə verilirdi. Sonrakı pulları Azərbaycana gətirə bilmədim. Dubaydan gələn pullar Türkiyə üzərindən Mustafa Küyün vasitəsi ilə Rusiyaya keçirilib».

Bu məsələyə polkovnik Mirəziz Əsgərov münasibət bildirib və deyib: «Bu pulları Vidadi Əzizov sahibkarlıq fəaliyyəti ilə əldə etməyib. Əgər sahibkarlıqla məşğul olubsa, vergi ödəməli idi. Həmin vergi sənədləri tələb olunsun. Bu pullar qeyri-qanuni işlərlə əldə olunub. Həmin dövrdə İrana qarşı beynəlxalq sanksiyalar var idi. İrandan pullar çıxarmaq mümkün deyildi. Buna görə də həmin pullar əvvəlcə Dubaya, sonra isə başqa ölkəyə keçirilib. Bu pullarda xüsusi xidmət orqanlarının pulları olub».

Daha sonra hakim bildirib ki, iş üzrə dəvət olunan şahidlər MTN-in əməkdaşları olub. Həmin şahidlərin məxfi işlərlə bağlı ifadə verəcəyini deyən hakim prosesin bu hissəsini qapalı keçirilməsini təklif edib. Bundan sonra proses qapalı keçirilib. Qapalı prosesdə MTN zabiti Aydın Manafov və digərləri ifadə verib.

Məlumat üçün bildirək ki, Vidadi Əzizovun 2011-ci ildə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə MTN-ə məlumat daxil olub, bununla bağlı əməliyyat tədbirləri keçirilib.