Rəsmi versiyaya görə insidentin baş verdiyi gün, iyulun 14-də, saat 10.00-da Qrişa Xaçatryan digər sıravi Martun Arutyunyanla birlikdə döyüş mövqeyində növbə çəkirmiş. 35 dəqiqə sonra istintaq orqanına Xaçatryanın başından aldığı güllə yarasından öldüyü haqda məlumat daxil olub. 19 yaşlı Xaçatryanın ölümü ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan bildirib ki, ilkin məlumata görə əsgər Azərbaycan tərəfinin açdığı atəşdən ölüb. Daha sonra MN əsgərin döyüş mövqeyində növbə çəkərkən öldüyünü bildiriblər. O vaxtkı müdafiə naziri Seyran Ohanyan isə jurnalistlərə əsgərin «silahla davranış qaydalarını pozma» səbəbindən öldüyünü deyib.
Lakin cəsədin yarılmasında iştirak edən hərbi ekspert Ruben Martirosyan bildirib ki, baş vermiş hadisə adi qətldir. Onun sözlərinə görə, əsgərin sinəsində, ayaqlarında, dizində, başında küt alətlə endirilən zərbələrdən qançırlar yaranmışdı. Bütün bunlar Qrişanın öldürüldüyünü göstərir.
Faktla bağlı cinayət işi qaldırılsa da 2015-ci ilin iyun ayında bağlanıb. Hüquq-mühafizə orqanları əsgərin ölümündə cinayət tərkibi olmadığı qənaətinə gəliblər. Əsgərin ailəsinin şikayətləri isə rədd edilib.