Vaxt.Az

Urmiya gölündə suyun səviyyəsi aşağı düşüb


 

Millət vəkili hökuməti yalan şayiələr yaymaqda ittiham edib

Urmiya gölündə suyun səviyyəsi aşağı düşüb Bir çox hökumət rəsmilərinin yalan iddiasına rəğmən Urmiya gölündə suyun səviyyəsi aşağı düşüb. Bununla bağlı Urmiya Gölünü Canlandırma Mərkəzinin rəsmisi Fərhad Sərxoş «İsna» xəbər agentliyinə açıqlama verib.

«Hazırda Urmiya gölündə su səviyyəsi tarazlığı 1270.93 metrdir. Bu, ötən illə müqayisədə su səviyyəsinin aşağı düşdüyünü göstərir. Lakin nigarançılığa heç bir səbəb yoxdur. Ona görə ki, bu il ötən illə müqayisədə yağıntılar 20 faiz azalıb və bu, gölün su səviyyəsinə öz təsirini göstərib. Biz 10 illik proqram əsasında hərəkət edirik. Düşünürəm ki, büdcə vəsaiti vaxtında təmin olunacaq və Urmiya gölü yenidən bərpa ediləcək», - deyə o vurğulayıb.

Urmiya Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Ofisinin müdiri əlavə edib ki, «ötən il payızın ilk ayında göldə vəziyyətin sabitləşdirmək mərhələsi sona çatdı və artıq canlandırma prosesi gedir. Hazırda proqram əsasında hərəkət edirik və ekoloji tazarlığa çatmaq üçün lazımi işlər görülür».

Urmiya gölünün son vəziyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu açıqlamaların əksəriyyətinin həqiqəti əks etdirmədiyi qısa müddətdə üzə çıxır. Bir neçə gün öncə Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur hökuməti Urmiya gölü ilə bağlı yalan şayiələr yaymaqda ittiham edib.

Sosial şəbəkələrdə isə son günlərdə Urmu gölü ətrafında duz fırtınalarının başladığını göstərən müxtəlif görüntülər yayılıb. Baharın ikinci ayından başlayan duz fırtınaları göldə vəziyyətin heç də müsbətə doğru dəyişmədiyinə işarədir.

 





05.06.2017    çap et  çap et