Vaxt.Az

«Nə imkanlı bura gəlir, nə də kasıb...»


 

Bakının ən köhnə «tolkuçka»larından biri bağlanır?

«Nə imkanlı bura gəlir, nə də kasıb...» «20 Yanvar» metro stansiyasının çıxışında yerləşən və «Velotrek tolkuçkası» kimi tanınan Bakının köhnə alış-veriş mərkəzi ən ağır günlərini yaşayır. Son illərə kimi paytaxtın ən qaynar ticarət mərkəzlərindən olan «Velotrek» demək olar ki, boşalıb. Mağazaların çoxu alıcı üzünə həsrət qaldığından bağlanıb. Girişdə yerləşən dükanlarda alıcı gözə dəysə də, içərilərə doğru alver tamamilə «ölüb».

Bunu virtualaz.org-a ticarət mərkəzində işləyən satıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, mağazaların boşalması prosesi artıq ötən ildən başlanıb və hələ də davam edir. Alıcı olmadığından ticarətçilər gətirdikləri malı sata bilmirlər: «Mən 12 ildir ki, burada alver edirəm. Heç vaxt bazarı belə boş görməmişdim. Alverin zəiflədiyi vaxtlar olub, hətta mağazaların müflis olub bağlandığı vaxtlar da olub, amma heç vaxt bazar belə boşalmayıb. Bir az irəliyə gedin, bayquş ulayır...», - deyə satıcı Yaşar kövrələrək bildirir.

Satıcılar deyir ki, mağazaların bağlanma prosesi ticarət mərkəzinin içərilərində yerləşən mağazalardan başlayaraq üzü çıxışa doğru gəlir. Əvvəllər girişdə yerləşən mağazalar daha əlverişli hesab olunurdusa, indi onlara da baxan yoxdur. Satıcılar mağazalarda günlərlə alverin getməməsindən şikayətlənir: «Əvvəllər burada 3 parça mağazam var idi. Alver olmadı, bir tərəfdən də nisyə mal aparanlar pulumu qaytarmadılar, daha təzə mal gətirə bilmədim. Mağazaların kirayəsini ödəyə bilmədim deyə, ikisi bağlandı. İndi ancaq biri işləyir. Ona da işləmək demək olarsa... Parça onsuz da «xodovoy» satılan mal deyil, olur ki, günlərlə heç nə satmırıq», - deyə özünü Zərifə kimi təqdim edən mağaza sahibi bildirir.

Mağazaların çoxunda kondisioner işləmir, istidən nəfəs almaq mümkün deyil. Sərinkeşi qoşub yanında oturan satıcı isə qonşu mağazanın satıcısı ilə diaqonal boyu dərdləşir: «Ay girəndən hələ əməlli alver eləməmişəm. Kreditin vaxtı çatıb, hansı pulla ödəyim? Alver var ki?! Ucuz da verirsən almırlar. Nə imkanı olan bura gəlir, nə də kasıb...»

Ayaqqabı satışı ilə məşğul olan digər bir satıcı isə deyir ki, ümid ancaq sentyabr ayına, dərslər başlanan vaxta qalıb: «Gündə 5-10 manat qazanırıq, onu da yerpulu veririk. Alıcılıq qabiliyyəti aşağı düşüb, müştərilərin çoxu buranı bəyənmir, durub «Sədərəy»ə, «Binə»yə gedirlər. Belə getsə, bu bazara insan ayağı dəyməyəcək. Ancaq ümidimizi sentyabrda dərslər başlanan vaxta bağlamışıq. Onda da hamı, az qala meyvə-tərəvəz satanlar da məktəbli ləvazimatı vururlar», - deyə satıcı bildirir.


«...Belə getsə, hamımız müflis olacağıq»


Boşalmış mağazaların şüşə arakəsmələrinin yanında üst-üstə tökülmüş paltarlar diqqətimizi çəkir. Üzərində «nə alırsan al, 10 manata» sözləri yazılmış lövhə də keçib gedənləri cəlb etmir. Qonşu mağazada işləyən satıcı bildirir ki, bunlar bir həftə öncə bağlanan geyim mağazasından qalanlardır. Türkiyə istehsalı olan geyimlər öz dəyərindən bir neçə dəfə aşağı verilsə də, alıcı tapılmır: «Bu mallar türk satıcınındır. Bir həftə olar ki, mağazanı bağladı. Mallarını mənə tapşırıb ki, gələn olsa baxım. İnanın ki, bu bir həftə ərzində cəmi 3 köynək satmışam», - deyə satıcı köynəyinin üst cibinə qoyduğu 20 və 10 manatlıq əskinasları çıxarır.

«Alıcı yoxdur, yer pulunu ödəyə bilmirik. Bu qonşu satıcı 200 manat aylıq kirayə haqqı verirdi. Elə adam var 300 manat verir, yeri darısqal olanlar 150 manat ödəyir. Çox çətindir, yerpulunu verə bilmirik. Əgər bunu aşağı salmasalar, hamımız müflis olub bağlanacağıq», - deyə satıcı sözlərinə davam edir.

Amma ticarət mərkəzinin boşalması ilə razılaşmayan satıcılara da rast gəldik. Məsələn, Kərim adlı satıcı bildirir ki, artıq bazarda vəziyyət stabilləşib. Onun sözlərinə görə, ticarət mərkəzinin birinci mərtəbəsində təzə yaradılan meyvə-tərəvəz bazarı burada da canlanma yaradacaq: «Mən deməzdim alver ölüb, əvvəl bundan daha pis idi. Artıq bazarın birinci mərtəbəsində yerləşən meyvə-tərəvəz bazarı salınandan sonra bura da gələnlərin sayı artıb. Məncə get-gedə bazarda canlanma yaranacaq», - deyə uşaq paltarları satılan mağazanın sahibi bildirir.


«Sədərəy»in adı çıxıb, bura daha sərfəlidir...»


Alıcıların çoxu isə alış-veriş mərkəzinin daimi müştəriləridir. Məsələn, həmsöhbətimiz Töhfə Əliyeva deyir ki, qızlarına cehiz almaq üçün həmişə bura gəlib: «Düzdür, mağazaların çoxu bağlanıb, amma mən həmişə buradan alış-veriş eləmişəm. Evimin yanıdır, mənə sərf eləyir, «Sədərəy»in adı çıxıb, bura oradan sərfəlidir», - deyə alıcı bildirir.

Gəldiyimiz yolla – boş mağazaların arası ilə geri qayıdırıq. Tərk edilmiş otaqlardan birinin şüşəsinə içəri tərəfdən vurulmuş Şaxta babanın şəkli diqqətimizi çəkir. Əllərimlə şüşəyə düşən işığın qarşısını kəsib içəri baxıram. İçəridəki bayram təmtərağını bayırdakı sükutdan bir qıfıl ayırır...

 





07.07.2017    çap et  çap et