Vaxt.Az

ABŞ-dan 18 iranlıya sanksiya


 

Siyahıda iki təşkilat və üç şəbəkənin də adı var

ABŞ-dan 18 iranlıya sanksiya ABŞ Maliyyə Nazirliyi İranın raket proqramına dəstək verən və onunla əməkdaşlıq edən 18 fiziki və hüquqi şəxsə sanksiya qoyub.

Yeni sanksiyalar, Amerika prezidenti Donald Tramp hökumətinin İranın nüvə razılaşmasına və onun icrasına nisbi şəkildə sadiq qalması ilə bağlı bəyanatından bir gün sonraya təsadüf edib. Tramp hökuməti bildirib ki, İran nüvə sazişinə sadiq qalsa belə, onun məzmununa tam vəfadar deyil və məhz buna görə də Vaşinqton qeyri-nüvə sahələrində İrana qarşı sanksiyaları genişləndirəcək.

ABŞ Maliyyə Nazirliyinin iyulun 19-da yaydığı bəyanatında İranın ballistik raket proqramına dəstək verdiklərinə görə barələrində sanksiya tətbiq edilən 16 şəxsin, eləcə də «Sepah»ın hava-kosmik qüvvələrinə və «Baqir əl Ulum» araşdırmalar mərkəzinə bağlı 2 təşkilatın da adı var.  Siyahıda, «Sepah»ın hərbi sahələrdə ehtiyaclarını, o cümlədən də pilotsuz təyyarələrin avadanlıqlarını təmin edən, «Sepah»ın sürət qayıqlarının istehsalında və təmirində birbaşa iştirak edən üç şəbəkənin də adı öz əksini tapıb.

ABŞ maliyyə naziri Stiven Mnuçin məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Vaşinqton İranın şər xarakterli fəaliyyətinin, o cümlədən də onun beynəlxalq terrorizmə dəstəyini, insan hüquqlarını kobud şəkildə pozmasını və ballistik raket proqramının inkişafını dayandırmaq üçün əlindən gələni edəcək.

Nazir bildirib ki, sanksiyaya məruz qoyulan şəxslərin Amerikadakı bütün əmlak və bank hesablarına həbs qoyularaq Amerika vətəndaşlarının həmin şəxslərlə hər hansı bir sövdələşməsinə qadağa qoyulub.

İranın ballistik raket proqramına dəstək verdiklərinə görə adları ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilən bəzi İran vətəndaşları bunlardır: «Sepah»ın «Qüds» qanadı ilə əməkdaşlıq edən «Rayan Rüşd Əfzar» şirkətindən olan Seyid Rza Qasimi, Fərşad Hakimzadə və Möhsün Parsa Cəm. Eləcə də «Acili» şirkətinin 2 üzvü Məhəmmədrza Rzaxah və Məhəmməd Səid Acili.

 





19.07.2017    çap et  çap et