Ən azı ona görə ki, bu şəxsi digər bütün digər meyxanaçılardan daha mədəni, intellekt, əxlaq səviyyəli görmüşəm. Və eynən indiki meyxana mühitinin daha da dərin düşüklük bataqlığına girməməsində onun az-çox, rolunun olmasını bilmişəm. Və həm ən azı ona görə ki, bu insan meyxana mühitində narkomaniyanın, narkotik ticarətçilərinin nə dərəcədə hegemon mövqe tutduqlarını bilərək, yenə də bu zəhərə və onu yayanlara, ondan qazananlara qarşı cəsarət və riskli fədakarlıqla mövqe qoyub. Demək ki, özü xeyli meyxanaçılardan fərqli, narkotik aludəçisi olmayıb. Bu da onu göstərir ki, bu insan həmin mühitə uyğunsuz mahiyyət və təbiətə aid olub, buraya həyatın qeyri-xoş təsadüfündən düşüb və düşməsəydi bəlkə də bu bacarıqla, istedad, qabiliyyətlə başqa, müvafiq sahələrdə, uğurlar da əldə edərdi. Bu, ağır faciəli yekunun əksinə.
Ona görə də, Rəşad Dağlının törətdiyi bu ölüm hadisəsinin kriminoloji dərinliyinə varmadan və bunu bilmədən onu belə kəskin günahlandırıb, qınamaq, meyxana əleyhdarlarının, həm, eynilə də bir sıra “ittiham həvəskarlarının” ona təhqirli və təhdidli yanaşmasını doğru hesab etmirəm.
Aydın olmalıdır ki, Rəşadın törətdiyi bu ölümün motivi nədir, ömründə toyuq başı kəsməyən bir şəxs bu ifrat addıma niyə getsin? Və bu hadisə nədən başlayıb və öncə, kim-kimə zəng vurub görüşə çağırıb, o zəngdən hansı həyati təhlükə hiss olunub ki, özü ilə silah-bıçaq gəzdirməyən toy-şənlik adamı, həmin görüşə bıçaqla gəlib?! Və bıçaq mətbəx ya xüsusi soyuq silahmı olub?
Həmin faciəli görüşdə ilk söz atıb, təhqir-söyüş edən kim olub, mübahisəni kim başlayıb, söyüş və qarşılıqlı dava-tutaşma olubmu? Və bu ölən şəxsin Rəşada qarşı nə iddiası, ya qərəz, qisası olub, nə istəyirmiş, narko-əmələ görə həbsdə yatan şəxs, narkoticarətin əleyhinə ictimai sərt çıxış edən tanınmış meyxanaçıdan? R. Dağlı ilə mübahisə bu zəmində tənbeh məqsədlimi idi?
Hadisənin bütün bu, kriminalistik məqamlarını istintaq obyektiv, qanuni şəkildə araşdırmalıdlr, düzgün prosessual qaydada. Və hadisə Rəşad Dağlıya qarşı əsas da onun son, narkoticarətə, narkomafiyaya qarşı ağır, kəskin çıxışı ilə bağlı qisas, onu təhdid, tənbeh zəminində olmuşsa, bu, başqa məsələ. O zaman həbs edilən şəxsə yönəlik, qanunda təsbit edilmiş yüngülləşdirici hallar tətbiq edilməlidir, təbii ki. Əksinə, əgər ki, Rəşad sırf özü günahkardırsa, öz cəzasını alsın.
P. S. Bu məsələni, aparılan istintaqın gedişatını və obyektivliyini izləyib, diqqətdə saxlayacam... Məni bu məsələdə maraqlandıran əsas məsələ, bu hadisənin Rəşadın narkoşəbəkəni sancması və “narkomafiya” əli ilə bağlı olub-olmamasıdır. Burada aydınlaşmalıdır, narkoşəbəkə məsələsi.