İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Vəramin şöbəsinin əməkdaşları bir həftə əvvəl yeni xristianların ev kilsəsi şəraitində təşkil edilən dini yığıncağına hücum çəkərək hər 13 nəfəri tutub naməlum istiqamətə aparıblar. Tutulanların hamısının kimliyi bəlli olmasa da, onlardan 4-ünün adları mediaya açıqlanıb: Məhəmməd Şahqasimi, Zəri Şahqasimi, Bəhram Tacik və Simin Mirzayi.
Bildirilir ki, əvvəllər Emanuel kilsəsinin üzvləri olan tutulanlar, ölkənin təhlükəsizlik qüvvələri həmin kilsəni bağlayıb onun fəaliyyətinin qarşısını alandan sonra öz ibadət və dini mərasimlərini ev kilsəsi şəraitində keçirirdilər. Tutulan şəxslərin hazırda harada saxlandığı və konkret olaraq nədə günahlandırıldığı bilinmir.
Qeyd edək ki, İrandakı şəriət cəza qanunlarına görə, islamı tərk edən və başqa dinləri qəbul edən hər bir şəxs “mürtəd” sayılır və ölüm hökmü ilə cəzalandırılır.