Vaxt.Az

«Bacarırlarsa cavab versinlər»


 

İranlı deputat: «Hesab edirəm ki, «Fitilə»çilərə ən ağır cəza nəzərdə tutulmalıdır»

«Bacarırlarsa cavab versinlər» İran parlamentinin Qərbi Azərbaycan əyalətindən seçilmiş deputatı Mehdi İsazadə noyabrın 10-da jurnalistlərə açıqlamasında Azərbaycan türklərinin dövlət televiziyasından yayımlanan «Fitilə» adlı proqramda təhqir olunmasına münasibət bildirib.

Mehdi İsazadə deyib ki, «Fitilə» proqramı əməkdaşlarının etdiyi əmələ görə azərbaycanlılardan üzr istəməsi qəbul edilmir: «Mən ölkənin Məhkəmə Sistemindən bu şəxslərə ən ağır cəza verilməsini istəyirəm. Sırf üzrxahlıq etmək kifayət deyil. Hesab edirəm ki, bu şəxslər cəzalandırılmalıdır.

Həmişə Həzrət Əbülfəzl və İmam Hüseyn adları dilində gəzən və onların ətrinin iyini verən azərbaycanlıların ağzı üfunət qoxuya bilməz. Mən Azəridilli bir şəxs kimi bu cənabların üzrxahlığını qəbul etmirəm və hesab edirəm ki, «Fitilə»çilərə ən ağır cəza nəzərdə tutulmalıdır. Axı biz nə qədər gedib millətə izah edib deməliyik ki, kimsə bir qələtdi eləyib, siz bağışlayın. «Fitilə»çilər bacarırlarsa indi çıxıb türkdilli əhaliyə cavab versinlər».

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan «Fitilə» adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada bir nəfər həlak olub, onlarla yaralı var. Polis yüzlərlə azərbaycanlını həbs edib.

 





11.11.2015    çap et  çap et