Vaxt.Az

«NATO və Türkiyə ilə həmrəyik»


 

Pentaqon Rusiyaya və Türkiyə arasındakı növbəti gərginliyə münasibət bildirdi

«NATO və Türkiyə ilə həmrəyik» Pentaqon Rusiyaya məxsus təyyarənin Türkiyə hava məkanını pozduğunu təsdiq etməyə hazırdır. ANS PRESS-in məlumatına görə, ABŞ-ın müdafiə nazirliyinin nümayəndəsi Mark Rayt Ankaranın rus hərbi təyyarəsi tərəfindən Türkiyə hava məkanının pozulmasına dair bəyanatını təsdiq etdiklərini bildirərək, Rusiya və Türkiyəni münaqişənin genişlənməməsi üçün danışıqlara və tədbirlərin görülməsinə çağırıb.

«Biz baş verənlər haqda xəbərdarıq və ötən gün daha bir Rusiyaya məxsus təyyarənin Türkiyənin və NATO-nun hava məkanını pozduğunu təsdiq etməyə hazırıq. Keçən insidentlər zamanı da bəyan etdiyimiz kimi, ABŞ NATO və Türkiyə ilə həmrəydir və

biz Rusiyanı Türkiyənin hava məkanına hörmət etməyə və regionda qeyri-sabitliyə səbəb olan addımlara son qoymağa çağırırıq», - deyə Mark Rayt qeyd edib.

Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yayıb. XİN bildirib ki, hadisə 2016-cı il yanvarın 29-da baş verib. Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisədən əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. «Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu da Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir», - deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.

Rusiyanın Müdafiə Nazirliyi isə SU-34 təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edir.

Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək «dəhşətli hadisələrə» görə Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazının onun nəzərinə çatdırdığı da bildirilir.

İki ölkə arasında oxşar hadisə 2015-ci ilin noyabr ayında da baş vermişdi. Ankara dəfələrlə hava sərhədini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu.

Su-34 döyüş təyyarələri taktiki bombardman üçün modernləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyasıdır. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirməyə imkan verən xüsusi bir dizayna sahibdir.

 





31.01.2016    çap et  çap et