Vaxt.Az

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür


 

Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsindən 25 il ötür

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür Bu gün Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür. Vaxt.az saytı xəbər verir ki, Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsindən 25 il ötür. 1918-ci ildə yaradılan və 23 ay sonra Sovet ordusu tərəfindən işğal edilən Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra Azərbaycan yenidən istiqlaliyyətinə qovuşub. XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırıb.

Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı yekdilliklə qəbul edildi.  Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: «Siz «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı? »

Azərbaycan xalqı yekdilliklə Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir. Dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycan xalqının ən böyük sərvətidir. Həyata keçirilən  uğurlu siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. 

2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik günü, 12 noyabr Konstitusiya günü, 17 noyabr Dirçəliş günü bayram kimi qalsalar da, istirahət günü deyil.

Qeyd edək ki, Prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalayıb.

 





18.10.2016    çap et  çap et