Vaxt.Az

Həbib Sasanian casusluqda ittiham edilir


 

Güney Azərbaycanlı fəalın səhhətində problem var

Həbib Sasanian casusluqda ittiham edilir Keçən iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində «separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun» həbs edildiyinə dair məlumat yaydı. Nəzarət altına alınanlardan biri Həbib Sasanianı yaxından tanıyan fəal Əqil Azərdoxt onun dörd aydır nəzarətdə saxlanıldığını, digərlərinin isə müvəqqəti olaraq sərbəst buraxıldığını bildirir. Ərdəbildən Amerikanın Səsinə danışan fəalın dediklərinə görə, casusluq ittihamı ilə günahıandırılan Sasanianın sağlıq durumu yaxşı deyil.

Yarı-rəsmi Fars xəbər agentliyinə istinadən, Şərqi Azərbaycan Ədliyyəsinin başqanı Hikmət Əli Müzəffəri tutulanların «GAMO adlı qrupun üzvləri olub, dövlət sirri olan hərbi və iqtisadi sənədləri toplayıb və İran İslam Respublikasının düşmənlərinə verdiyini» irəli sürüb.

Əqil Azərdoxt Həbib Sasanianın «casusluq fəaliyyəti göstərəcək mövqeyə sahib olmadığını, ittihamın gülünc olduğunu» vurğulayır:

«Casusluğu o adam edə bilər ki, əli ölkənin məlumatına çata bilsin, böyük adam olsun. Həbib Sasanianın əlində hansı məlumat ola bilər ki, casusluq edə.»

Həbib Sasaniyanı 2006-cı ildən bəri tanıdığını ifadə edən Azərdoxt onun mədəni və milli fəaliyyətlər göstərib, şeir və məqalələr yazdığını bildirir: «2006-cı ildə tanış olub, mədəni fəaliyyətlərdə əməkdaşlıq etmişik. O, şeir və yazılar yazırdı.»

O, məhbusun dörd aydır ailəsilə ancaq telefon vasitəsilə təmas qura bildiyini, vəkillə təmin olunmadığını qeyd edir.

«Ailəsi ilə sadəcə telefonda danışıb bir neçə dəfə. Vəkili yoxdur, pulu yoxdur ki vəkil tutsun, ailəsi kirayə evdə, başqalarının yardımı ilə yaşayır... Mənə də Təbriz zindanından telefon edib. Mənə dedi ki, təşənnüc (qıcolma) keçirirəm, tamam bədən orqanlarım, həzm sistemim, mədəm ağrıyır,» deyə Azərdoxt söyləyir.

O, həmçinin Həbib Sasanianın bu günə qədər mühakimə edilmədiyini, nəzarət müddətinin hər ay daha bir ay uzadıldığını bildirir.

 





22.10.2016    çap et  çap et