Vaxt.Az

«Tələbələr başqa universitetlərə köçürüləcək»


 

Təhsil Nazirliyindən «Təfəkkür» universitetilə bağlı açıqlama

«Tələbələr başqa universitetlərə köçürüləcək» Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Bu barədə Təhsil Nazirliyi rəsmi açıqlama yayıb.

«Təfəkkür» Universiteti isə Təhsil Nazirliyi tərəfindən fəaliyyətinin dayandırılmasını inkar edib. Universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev Modern.az-a açıqlamasında belə bir xəbərin doğru olmadığını deyib.

«Təfəkkür» Universitetinin fəaliyyəti dayandırılmayıb. Bizə bu barədə heç bir bildiriş gəlməyib. Məlumat yanlışdır. Universitetin rektor əvəzini icra edən Rahim Hüseynov hal-hazırda yas yerindədir. Belə bir məlumatdan da xəbəri yoxdur».

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Modern.az-a açıqlamasında universitet rəhbərliyinin inkar xəbərinə belə aydınlıq gətirib.

«Ötən ilin oktyabr ayından etibarən «Təfəkkür» Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib.

Universitetin fəaliyyətini biz dayandırmamışıq. Onların öz Təsisçilər Şurası dayandırıb.

Rəsmi məlumatda bu, açıq şəkildə qeyd olunur. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Təhsil Nazirliyinin mövqeyi və məqsədi budur ki, orada təhsil alan tələbələrin hüquqları qorunsun və mənafeyi təmin olunsun.

Universitet tələbələrinin təhsillərinin davam etdirilməsi üçün, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək».

 





16.01.2017    çap et  çap et