Vaxt.Az

«Volkswagen» «Toyota»nı keçdi


 

ABŞ avtomobil sənayesi isə yavaşladı

«Volkswagen» «Toyota»nı keçdi Almaniyanın avtomobil nəhəngi «Volkswagen» yapon rəqibi «Toyota»nı keçərək ilk dəfə dünyanın ən çox maşın satan şirkəti oldu.

Son 4 ildə ən çox avtomobil satan titulunu əlində saxlayan «Toyota», 2016-cı ildə dünya üzrə 10 milyon 175 min maşın, «Volkswagen» isə 10 milyon 310 min maşın satıb.

Alman avtomobil nəhəngi tullantı sınaq testlərində hiylə işlətdiyinə görə göstərilən reaksiyalara və buna görə ona qarşı qaldırılan bir çox iddialara baxmayaraq bu satış rəqəmini əldə etməyə nail olub.

«Audi», «Porche» və «Skoda» markalarının istehsalçısı olan «Volkswagen» Çindən gələn tələbat sayəsində satışlarını 3,8 faiz artırıb.

Şirkət digər bazarlarda da üstünlüyü ələ keçirməyə başlayıb. Belə ki, «Volkswagen»in Golf modeli İsveçdə ən məşhur avtomobil seçilib.

50 ildən sonra ilk dəfədir ki, «Volvo» ölkənin ən çox avtomobil satan şirkəti titulunu qazana bilməyib.

ABŞ avtomobil sənayesində yavaşlamadan təsirlənən «Toyota» satışını 0,2 faiz artırıb.

General Motors ötən ilin satışlarını gələn həftə açıqlayacaq. Lakin satışların həm «Volkswagendən», həm də «Toyota»dan geri qalacağı gözlənilir.

 





31.01.2017    çap et  çap et