Vaxt.Az

«Nazirlik səlahiyyətini aşmır, əksinə…»


 

Vitse-spkier: «Sizin niyə inzibati sözündən xoşunuz gəlmir?»

«Nazirlik səlahiyyətini aşmır, əksinə…» Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul olunub. Məruzənin müzakirəsi zamanı bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra irad və təkliflər səsləndirilib.

Deputat Qənirə Paşayeva bildirib ki, bələdiyyə sədrləri vəzifələrini bilmirlər: «İllər keçsə də, hələ də bələdiyyə institutunun nə olduğu bilmirlər. Məsələn, hesabatda Qobu bələdiyyəsi ilə bağlı faktlar qeydə alınıb. Orada yaşayan jurnalist dostlarımız var və bu barədə yazırlar. Orada elə məsələ yoxdur ki, problem olmasın. Sözügedən bələdiyyədə 900 min vəsait «silinib». Maraqlıdır, həmin vəsait geri qaytarılıbmı? Düzdür, bələdiyyə sədri işdən çıxarılıb, amma bu, böyük vəsaitdir, taleyi nə yerdə qalıb».

Deputat Fəzail İbrahimli isə bələdiyyədən çox ona nəzarət edən inzibati orqana etiraz edib: «Seçkili orqana necə inzibati nəzarət etmək olar? Onda Milli Məclisə də inzibati nəzarəti həyata keçirən orqan təyin edək».

O qeyd edib ki, nəzarət məsələsi Ədliyyə Nazirliyinin səlahiyyətində qalmalıdır: «Amma inzibati sözü seçkili orqana heç cür uyğun gəlmir».

Birinci vitse-spiker Ziyafət Əsgərov deputata belə cavab verib: «Mən bilmirəm ki, sizin niyə inzibati sözündən xoşunuz gəlmir. Xoşunuza gəlsə də, gəlməsə də elə inzibati olmalıdır. Əvvəla, bu, Konstitusiyada yazılıb. Nazirlik səlahiyyətini aşmır, əksinə, bələdiyyə üzvlərinin maarifləndirilməsini həyata keçirməlidir».

Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, irad və təkliflər növbəti ildə nəzərə alınacaq.

Məruzə səsə qoyularaq qəbul olunub.

 





14.02.2017    çap et  çap et