Vaxt.Az

Sığorta agentləri endirim edə bilər?


 

«Qanunvericilikdə sözbəsöz yazılıb ki, icbari sığorta üçün endirim etmək, hədiyyə vermək qadağandır»

Sığorta agentləri endirim edə bilər? «Yanacaqdoldurma məntəqəsində maşınıma benzin vurdurarkən bir nəfər yaxınlaşıb sığorta şirkətindən olduğunu və avtomobilimi endirimlə icbari sığorta etdirə biləcəyini dedi. Doğrusu, əvvəl fikirləşdim ki, endirimlər qadağan olunubsa, bu, necə ola bilər. Amma sonra əgər endirim edilirsə, «niyə də yox» deyib razılaşdım». Bu sözləri bizimlə söhbətində «Hyundai» markalı avtomobilin sahibi Cəfər Poladov bildirdi.

Qeyd edək ki, ötən il «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Dəyişikliyə əsasən, qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

Maraqlıdır ki, qanuna edilən bu dəyişiklikdən sonra yenə sığorta şirkətləri müştəri cəlb etmək üçün endirim təklif edirlər. Müştərilər arasında razılaşanlar da az deyil. Sığorta agentlərinin etdiyi endirim nə dərəcədə realdır və müştərilərin aldadılmasına gətirib çıxarmaz ki?


«Bu, qanun pozuntusu sayıla bilməz»


Hüquqşünas Ceyhun Cəfərli deyir ki, sığorta bazarında icbari sığortanı həyata keçirən çox sayda sığorta şirkəti var: «Bu şirkətlər arasında rəqabət mövcuddur və rəqabətdə üstünlük əldə etmək üçün müxtəlif metodlara əl atırlar. Hesab edirəm ki, buna normal baxmaq lazımdır. Əlbəttə, vergi məsələləri baxımından hüquq pozuntusu olmamalıdır, dövlətin mənafeyi pozulmamalıdır. Qalan məsələlərdə, öz mənfəətindən müştəri bazarını itirməmək naminə imtina etməyi heç də hüquq pozuntusu saymıram. Ola bilər ki, sığorta şirkəti sənədləşmə işlərinə və agentə qalan məbləğdən müştəriyə endirim etsin. Bu, qanun pozuntusu sayılmamalıdır və sayıla da bilməz».

Qeyd edək ki, bir sıra şirkətlərin sığorta agentləri 5-10 faiz endirimlə sığorta haqqını müştəridən nağd alır və Hökumət Ödəniş Portalı vasitəsilə sığorta şirkətinin hesabına özlərinə məxsus debet kartlardan müştərinin adına tam köçürürlər. Sonradan sığorta şirkətindən 20 faiz komisyon alırlar. 20 faizdən də vergi faizi və müştəriyə etdiyi 5-10 faiz endirim haqqını çıxanda, yerdə qalan pul agentin qazancı olur. Yəni agentlər daha az müştəiylə işləməkdənsə, daha çox müştəriylə işləyib, daha çox pul qazanmağa üstünlük verirlər.

Agentlərin endirim müqabilində vətəndaşın avtomobili barədə məlumatları səhv sənədləşdirməsinə gəlincə, hüquqşünas deyir ki, bu, saxtakarlıqdır: «Məsələn, avtomobilin mühərrikinin gücünü az göstərərək sığorta haqqını sənəddə az göstərmək kimi problemlərin ortaya çıxması saxtakarlqıdır. Bu halda vətəndaş şikayətçi ola bilər. Sabah şirkət sığorta ödənişini verməkdən də imtina edə bilər. Məsələn, avtomobilin mühərrikinin həcmi 4000 kub.sm-dirsə, sığorta sənədlərində 3000 kub.sm kimi göstərilməsi düzgün deyil. Bütün hallarda vətəndaş öz sənədinə, aldığı sığorta şəhadətnaməsinə baxmalı, məlumatların düzgünlüyünü özü də yoxlamalıdır. Sabahısı qəza olanda da sığorta şəhadətnaməsi qüvvədədirsə, sığorta müqaviləsi üzrə öhdəlik götürdüyü məbləğ həddində ödənişləri həyata keçirməlidir. Müəyyən olunan məbləğdən artıq zərər vurulduğu təqdirdə, qalan məbləği təqsirkar şəxs qarşılamalıdır. Məsələn, vətəndaş şəxsi avtomobili ilə başqa bir şəxsin avtomobilinə, yaxud öz səhhətinə zərər yetirib. Əgər onun icbari sığorta şəhadətnaməsi qüvvədədirsə, zərərin sığorta şəhadətnaməsində göstərilən miqdarı sığorta şirkəti tərəfindən ödənilir. Məsələn, 5 min manata qədər. Əgər zərər 5 min  manatdan çoxdursa, artıq hissəni təqsirkar şəxs özü ödəməlidir».


«Endirimin müştəriyə isti-soyuğu yoxdur»


Sığorta üzrə ekspert Hikmət Allahverdiyev deyir ki, avtomobil sahibinə hansısa sığorta şirkəti tərəfindən endirim təklif edilməsi qanunsuzdur: «Amma hadisə zamanı müştərinin əlində sistemdə olan müqavilədən çıxarış varsa, müştəri üçün isti-soyuğu yoxdur. Sığorta şirkəti onun ödənişini həyata keçirməlidir».

H.Allahverdiyev hesab edir ki, sığorta şirkətləri endirim edə bilməzlər: «Ola bilsin, sığorta agentləri öz qazanclarından müştəriyə endirim etsinlər. Düzdür, bu da qanunla qadağan olunub, ancaq edirlər».

Qeyd edək ki, ötən ilin noyabrından etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır. 

H.Allahverdiyevin sözlərinə görə, əgər sənədlərdəki məlumatları sığorta agenti sistemə doğru daxil edibsə, o, kiməsə hədiyyə etsə də, sığorta şirkətinin məsuliyyəti yerində qalır: «İstənilən halda müqavilənin ödənişi bank vasitəsilə sığorta şirkətinin hesabına tam şəkildə daxil olur. Yəni endirim edən əskik hissəsini cibindən ödəməlidir. Noyabrtın 1-dən sonrakı dəyişiklərdən sonra, məsələn, sığorta haqqı 100 manatdırsa, müştəriyə 100 manatlıq kod verilir və o kod vasitəsilə bankda, poçtda, ödəniş terminalında və elektron kartla ödəmə apara bilər. Sığorta haqqını tam şəkildə ödəmək lazımdır. Endirimi kim edirsə, müştərinin yerinə pulu da o ödəməlidir. Məsələn, hansısa agent müqavilə əsasında işləyirsə, öz komisyon muzdunu həftədə, ayda bir dəfə nağdsız hesablaşmalar haqqında qanuna görə, bank hesabı ilə alır, oradan vergisini ödəyib o pulu nağdlaşdıra bilir. Əgər kiminsə cibində kifayət qədər vəsaiti varsa, o adamlar bu işlə məşğuldurlar ki, özləri müştərinin yerinə ödənişi edir və gözləyir ki, bunun komisyon haqqı gələndə ödədiyi pulun bir hissəsi qayıtsın. Onu da deyim ki, məbləğin minimum 5 faizini də gəlir vergisi kimi ödəyir. Amma bu üsuldan istifadə etmək belə, qanunsuzdur. Çünki qanunvericilikdə sözbəsöz yazılıb ki, endirim etmək, hədiyyə vermək qadağandır». 


İcbari Sığorta Bürosunun münasibəti


İcbari Sığorta Bürosundan «Trend»ə verilən məlumata görə, ölkədə icbari sığorta müqavilələrinin rəsmiləşdirilməsi hər bir icbari sığorta sinfi üzrə tənzimləyici orqan tərəfindən müəyyən edilmiş sığorta haqları əsasında baş verir və bu məbləğlərdən kənara çıxmalar yolverilməzdir. Bununla belə, icbari sığorta müqavilələri əldə edərkən sığorta vasitəçiləri tərəfindən bir sıra hallarda vətəndaşlara endirimlər və güzəştlər təklif olunur. Hazırda bu hallara əsas etibarilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) sahəsində rast gəlinir. İcbari Sığorta Bürosu sığorta vasitəçilərinin və sürücülərin nəzərinə çatdırır ki, AVSMMİS müqavilələri bağlayan zaman bu cür endirimlərin və hər hansı güzəştlərin tətbiqi qanuna ziddir və nəticə etibarilə sığortalıların hüquqlarının pozulmasına yol açır.

 





18.05.2017    çap et  çap et