Cənab Ərdoğanın Vaşinqtona səfəri Birləşmiş Ştatların İslam Dövləti qrupunun nəzarətindəki Raqqadan sıxışdırılıb çıxarılması üçün Suriya kürdlərini silahlandırması ilə bağlı qərarından iki həftə sonraya təsdadüf edir. Türkiyə isə belə qərara qarşı qətiyyətlə çıxış edərək, Suriya kürdlərinin Türkiyədəki kürd terror təşkilatı ilə əlaqəsi olduğunu deyir.
Cənab Ərdoğanın tərəfdaşları və opponentləri çərşənbə günü, onun prezidenti Trampla görüşü zamanı Ağ Evin qarşısına toplaşmışdı.
Görüşdən sonra birgə keçirdikləri mətbuat konfransı zamanı cənab Tramp Türkiyənin terrorla bağlı narahatlıqlarına ehtiyatla yanaşıb. «Biz Türkiyəni İŞİD və kürdlərin PKK kimi terrorçu təşkilatlarla mübarizədə dəstəkləyirik və həmin terrorçu qruplar üçün təhlükəsiz guşələrin olmamasını təmin edirik.»
Lakin cənab Ərdoğanın təkidinə baxmayaraq, o, Suriya kürdlərinə dəstək məsələsinə toxunmayıb. «Biz terrora qarşı mübarizə bəhanəsi gətirən bu qruplaşmalara regionda dini və etnik strukturları manipulyasiya etməyə imkan verməyəcəyik» deyə, cənab Ərdoğan bildirib.
Cənab Ərdoğanın Birləşmiş Ştatları keçən il hökumətə qarşı çevriliş cəhdində ittiham etdiyi Fətulla Güləni Türkiyəyə ekstradisiya etməyə razı salmaq səyləri də baş tutmayıb. Təhlilçilər Türkiyənın avtoritar liderinin bu iki məsələ ilə bağlı Birləşmiş Ştatların güzəştə gedəcəyini gözləmədiyini, lakin onun digər məsələlərdə razılıq əldə etdiyini deyirlər. «Yaxın Şərqdə Demokratiya Layihəsi»ndən Hovard İssenştat: «Çox guman ki, o, Türkiyə daxilində PKK-ya qarşı təhlükəsizliyin təmin edilməsinə tam dəstək əldə edib və İraqın şimal bölgəsindəki Sincara hücumlara razılıq alıb».
Amerikanın Səsinə Skype vasitəsilə müsahibə verən Yaxın Şərq üzrə ekspert Hovard İssenştat Ərdoğanın Trampla görüşünün onun ölkəsində prestijini artırdığını deyir. Birləşmiş Ştatlar keçən il Türkiyədəki çevriliş cəhdini qınasa da, Ərdoğanın ölkədə jurnalistlərə və dissidentlərə qarşı repressiyalarını pisləyib. «Bu, bədbəxt nikaha bənzəyir. Bütün bədbəxt evliliklər kimi bunların da bir yerdə qalmaq üçün səbəbləri var. Yəni Türkiyə ilə Birləşmiş Ştatlar da xoşbəxt olmadan, uzun zaman bir yerdə qalacaq».
NATO üzvü olan Türkiyə onun özünün də təhlükəsizliyinin asılı olduğu beynəlxalq kəşfiyyat şəbəkəsinə malik güclü hərbi alyansın bir hissəsidir. Türkiyə Birləşmiş Ştatlar üçün strateji baxımdan mühüm hərbi bazalara çıxış imkanı verən güclü regional tərəfdaşdır.