Təbriz Apelyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Milad Əkbəri və Əli Həmzəzadə barəsində çıxarılan həbs qərarını təsdiqləyib. Əldə etdiyimiz məlumata görə, Təbriz Apelyasiya Məhkəməsinin 19-cu Şöbəsi mayın 18-də azərbaycanlı fəallar haqda hökm çıxarıb. Qərara əsasən məhkəmənin çıxardığı 4 aylıq həbs qərarı qüvvədə saxlanılıb.
Bundan öncə Təbriz prokuroru fəalların «sistemin əleyhinə təbliğ» və «əhalini qanunsuz toplaşmaya təşviq etmək»də ittiham olunduğunu bildirmişdir.
M.Əkbəri və Ə.Həmzəzadə 2016-cı il iyunun 30-da Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. M.Əkbəri 16 və Ə.Həmzəzadə 17 gün ETTELAAT təcridxanasında saxlandıqdan sonra Təbriz zindanının karantin bölümünə intiqal edilib. Onlar sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Fəallar ETTELAAT təcridxanasında saxlanılarkən məhkəmə və təhlükəsizlik orqanları məsullarının qeyri-insani davranışlarına etiraz olaraq aclıq aksiyası keçirmişdi.
Adını çəkdiyimiz fəallar bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.