Vaxt.Az

«Nazir qəşəng danışır, ancaq orduda qırğındır...»


 

«Belə ölkədə kim övladını hərbi xidmətə göndərər?»

«Nazir qəşəng danışır, ancaq orduda qırğındır...» Ermənistanın İstintaq Komitəsi son günlər təmas xəttində rəsmi məlumatlarda deyildiyi kimi «ölümcül güllə yarası alan» daha iki əsgərin intihar etdiyini bildirir.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Komitənin məlumatına görə Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin əsgəri, 1992-ci ildə anadan olmuş Qrişa Karapetyan mayın 17-də döyüş mövqeyində olarkən tabeçiliyində olan avtomatla özünü vurub. Faktla bağlı cinayət işi qaldırılıb. Karapetyan Ermənistanın Gegarkunik vilayətinin Vardenis şəhərindəndir.

Komitə habelə bildirir ki, 1998-ci ildə anadan olmuş kiçik serjant Arşak Arşakyanın ölümü ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb. O, çənəsinin altından dəyən güllədən ölüb. Arşakyan mayın 16-da o dünyaya yollanıb və Ermənistanın Kotayk vilayətinin Bureqavan kəndindəndir.

Xatırladaq ki, bunlar Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş hissələrində son həftələrdə baş verən bir neçə əsgər ölümlərindən biridir. Bir qayda olaraq hüquq-mühafizə orqanları hadisəyə dərhal intihar donu geyindirir. Lakin bu günlərdə məlum olmuşdu ki, Talış kəndi istiqamətində tabeçiliyindəki pulemyotla özünü güllələdiyi deyilən əsgəri əslində komandirlərdən kimsə güllələyib.

Ötən il Azərbaycanla sərhəd Tavuş vilayətindəki postlardan birində intihar etdiyi deyilən 19 yaşlı Arsen Mxitaryanın anası isəepress.am saytına danışır ki, əslində onun oğlunu öldürüblər. Və cinayətin üstünü açmaq əvəzinə hadisəyə intihar adı verib ört-basdır etmək istəyirlər. Əsgərin anası Lusine Mxitaryan deyir ki, bir neçə gün əvvəl övladları orduda ölən anaların İrəvanda Müdafiə Nazirliyi qarşısında keçirdiyi aksiyanı polisin necə dağıtdığını, əsgər anlarının qolundan tutub tulladığını görəndə sual edib: «Belə ölkədə kim övladını orduya göndərər?»

Lusine Mxitaryan erməni analarını indiki şərtlərdə orduya göndərməməyə çağırıb. Onun sözlərinə görə, oğlunun ölümü ilə bağlı aylardır davam edən süründürməçi və yalanlarla dolu ilkin istintaqın gedişi müdafiə naziri Vigen Sərkisyanın dediklərinə inanmağa məcbur edir: «Vigen Sərkisyan qəşəng danışır, orduda isə qırğındır», - Mxitaryan bildirir.

Əsgər anası deyir ki, onu hiddətləndirən daha çox batalyon komandiri Samvel Minasyanın oğlunun «ailədəki problemlərə görə» intihar etdiyini deməsidir. Mxitaryanın dediyinə görə, hadisənin baş verdiyi 3 iyul 2016-cı ildə Tavuş vilayətinin «Meqrab» postunda başqa hərbçilər də olub. Onlar istintaqa ifadələrində bir ağızdan deyiblər ki, heç biri güllə səsi eşitməyib.

«Həmin posta getdim, mənim iştirakımla ekspertiza keçirdilər. Boş patronla atdılar, buna baxmayaraq mən güllə səsini eşitdim, hərbçilər isə səs eşitdiyini boynuna almadı», - ölən əsgərin atası bildirib.

Mxitaryanların dediyinə görə müstəntiqlər onların oğlunun tabeçiliyindəki avtomatla özünü vurduğunu desələr də silahda əsgərin  barmaq izi qalmayıb.

 





19.05.2017    çap et  çap et