Vaxt.Az

Rusiya fürsəti qaçırmaq istəmir


 

Kreml «Lavrov planı»nı Bakıya sırımaq istəyir

Rusiya fürsəti qaçırmaq istəmir Həmsədrlərin son bəyanatı nədənsə diqqətdən kənarda qaldı.

İlk dəfədir ki, vasitəçilər atəşkəs pozuntusu barədə ümumi sözlərlə narahatlıq bildirmək əvəzinə, tərəflərdən birini - Azərbaycanı açıq şəkildə günahlandırdılar. Bundan bir neçə saat əvvəl Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova eyni məzmunlu açıqlama vermişdi və həmsədrlərin bəyanatının da Rusiya tərəfindən, yaxud onun verdiyi məlumatlar əsasında hazırlandığı şübhə doğurmur.

Danışıqlar prosesində dominant vasitəçi Rusiyadır və ABŞ ilə Fransa onun bu rolunu hələ ki qəbul edirlər. Moskva son vaxtlar, xüsusən ötən ilin aprelindən sonra, siyasətini dəyişib və problemi həll etməkdə ciddi şəkildə maraqlı olduğunu nümayiş etdirir.

Rusiya Qərbin bu məsələdən kənarda dayandığı bir vaxtda fürsəti qaçırmaq istəmir və münaqişəni öz maraqları çərçivəsində nizamlayaraq, Azərbaycan ərazisinə sülhməramlı adı ilə öz ordusunu göndərməklə, Cənubi Qafqazda dayaqlarını daha da möhkəmləndirmək niyyətindədir. Sülh prosesinin iflası Moskvaya lazım deyil, çünki diplomatik uğursuzluq onun ayağına yazılacaq və nüfuzuna xələl gətirəcək. Bu durumda Qərbdən olan vasitəçilərin boşluğu doldurması və təşəbbüsü üzərinə götürməsi üçün imkan yaranacaq. (ABŞ bu gün Qarabağ məsələsinə az maraq göstərirsə, bu, o demək deyil ki, sabah da belə olacaq.)

Bu səbəblə, Rusiya hazırda digər həmsədrlər tərəfindən də dəstəklənən sülh planını (buna «Lavrov planı» da demək olar) tərəflərə, daha doğrusu, Azərbaycana qəbul etdirməyə çalışır. Görünür, Azərbaycan hakimiyyəti bu planla razılaşmaq istəmir. Moskvanın Bakıya təzyiqlərinin səbəbi bununla bağlı ola bilər.

Vəziyyət heç də yaxşı deyil...

 





19.05.2017    çap et  çap et