Məlum olduğu kimi, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı qərarını «yersiz və qeyri-dost» adlandırıb. XİN sözçüsü həmçinin Rusiya tərəfinə iradını bildirərək Azərbaycanın ÜAK üzvləri ilə əlaqəsini təbii saydığını deyib: «Biz təşkilatın Ədliyyə Nazirliyinin tələblərini yerinə yetirməsi haqda da məlumatlıyıq... Necə ki, Ermənistan Rusiya Erməni İttifaqının üzvləri ilə əlaqə saxlayır, Azərbaycan da ÜAK üzvləri ilə təbii ki, həmişə əlaqə saxlayıb», - deyə H.Hacıyev faktiki şəkildə Moskvanı Azərbaycana və azərbaycanlılara qarşı iradlarını rədd edib və onu ikili standart siyasəti yürütməkdə ittiham edib.
***
Ancaq cavab da özünü çox gözlətməyib. Özü də yenə Rusiya XİN-in rəsmi nümayəndəsi, bədnam Mariya Zaxarova öncə çıxıb. Və xanım növbəti dəfə Azərbaycan tərəfinin, o sırada rəsmi Bakının, Hikmət Hacıyevin ünvanına yolverilməz sərt, haqsız tənqid və hətta aşağılayıcı ifadələr yağdırıb. Xanım Zaxarovanın eyni gündə həmçinin, erməni sevgisi də təzədən «fontan» vurub. Gəlin ardıcıllıqla izləyək.
Moskvada keçirilən ənənəvi brifinqdə Zaxarova əvvəlcə ÜAK-ın ləğvinə rəsmi Bakının verdiyi reaksiyanı haqsız şəkildə tənqid edərək deyib: «Biz Azərbaycan XİN-in nümayəndəsinin Rusiyanın daxili siyasəti ilə bağlı çıxışına diqqət elədik. Orada ölkəmizdə millətlərarası əlaqələrdə balans, islahatlar konsepsiyası, mədəniyyətlərarası dialoqun inkişafı perspektivləri haqda da sözlər var. Hesab edirik ki, belə bəyanatlar yersizdir. Biz habelə, Azərbaycan XİN-in mətbuat xidmətinin ÜAK-ın ləğvi haqda Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı söylədiklərini də təəccüblə qarşıladıq. ÜAK federal qanunvericiliyinin çoxsaylı pozuntularına görə ləğv edilib. Bu qərarın Azərbaycana qarşı qeyri-dost addım kimi qiymətləndirilməsi qəribədir», - deyə Zaxarova Rusiya Ali Məhkəməsinin qərarına bəraət qazandırıb (Haqqin.az).
Bu harasıdır, xanım Zaxarova ÜAK-ın ləğvində «erməni izi»ni də inkar edib və bununla bir daha xislətini göstərib. «Kədərlidir ki, Azərbaycanın xarici siyasət idarəsi yenə də bir sıra KİV-lərdə gedən versiyalardan istifadə edir və həm də açıq şəkildə «erməni izi»ndən danışır. Biz öz ölkəmizdə millətlərarası münasibətləri necə tənzimləmək barədə hansısa şübhəli məsləhətlərə ehtiyac görmürük» - Zaxarova rəsmi Bakıya iradənə bildirib.
***
Eyni gündə Rusiya XİN rəsmisi cəbhə xəttində işğalçı qüvvələrə məxsus «OSA» zenit-raket kompleksini tam qanuni surətdə məhv edən Azərbaycanı faktiki, atəşkəsi pozmaqda suçlayıb. Sitat: «Müxtəlif qaynaqlardan aldığımız informasiyalara əsasən, mayın 15-də gündüz Azərbaycan tərəfindən təmas xəttinin o biri tərəfindəki hərbi obyekt atəşə məruz qalıb».
Bundan əlavə, eyni tarixdə Rusiyadan Mariya Zaxarovanın timsalında Azərbaycana qarşı daha bir demarş edilib. Belə ki, XİN rəsmisi Bakıda saxlanılan və böyük məbləğdə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə 8 il müddətinə azadlıqdan məhrum edilən erməni əsilli Rusiya vətəndaşı Marat Qalustyanın müdafiəsinə qalxıb - bir növ Lapşinin müdafiəsinə qalxan kimi.
«Azərbaycandakı Rusiya səfirliyi əlindən gələni edir ki, Bakıda Rusiya vətəndaşının hüquq və maraqları tam qorunsun. Prosesdə səfirliyimizin nümayəndəsi də iştirak edib. Səfirliyik həm Qalustyanın özü və vəkili, həm də Azərbaycan hakimiyyəti ilə daimi təmasdadır. Müvafiq apelyasiya şikayəti verilib. Hadisələrin sonrakı inkişafında onun Rusiyaya verilməsi də istisna deyil» - Zaxarova bildirib.
Bu yerdə təbii ki, işğal altındakı Azərbaycan rayonu Kəlbəcərə - sırf öz dədə-baba yurduna qanuni şəkildə getdiyinə görə tam qanunsuz şəkildə separatçı rejim tərəfindən ömürlük həbsə məhkum edilmiş başqa bir Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi yada düşür. Onun «məhkəməsi» ilə nəinki Ermənistandakı Rusiya səfirliyi maraqlanmadı, üstəlik, ötən ay bu barədə xanım Zaxarovaya sual verən azərbaycanlı jurnalistin timsalında o, bütün Azərbaycan mediası və xalqını aşağıladı. Amma Bakıda narkotik üstündə tutulan ermənini, avantürist Lapşini görün, Rusiya dövlət səviyyəsində necə müdafiə edir...
***
Sadalanan fakt və gəlişmələr Rusiyanın Azərbaycana qarşı ikili standart siyasətinin təzahürləri olmaqla yanaşı, şübhə yox ki, həm də rəsmi Bakıya qarşı növbəti demarşlar, İrəvana isə reveranslardır. İki paytaxt arasında son vaxtlar müşahidə edilən diplomatik gərginlik fonunda həmçinin Qarabağda yeni müharibə xəbərdarlıqlarının artması diqqət çəkir. Ötən sayımızda yazdığımız kimi, bir sıra ekspertlərə görə, Rusiya hətta yeni müharibədə maraqlı da ola bilər. Belədirsə, şimaldan gələn de-marşları təzyiq kimi də qəbul eləmək lazım gəlir.