Rəsmi qurumların isə yaydıqları məlumata görə, casus şəbəkəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev açıqlama verərkən vurğulayıb ki, əslində onlar bir günün, beş günün casusları deyil: «Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezident tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Müdafiə Nazirliyi rəhbərliyinin prezidentin tapşırıqlarını düzgün icra etməsinin nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq da öz qiymətini verəcək», - deyə o əlavə edib.
«Yeni Müsavat»a danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev DTX sədrinin fikirlərini aşağıdakı kimi şərh elədi: «Ümumiyyətlə, cənab nazirin çıxışına belə aydınlıq gətirmək olar ki, Dağlıq Qarabağ münaqişəsi başlayan andan, yəni 1988-ci ildən indiyədək Ermənistan və onlara havadar olan digər xüsusi xidmət orqanları Qarabağdakı münaqişədən istifadə ediblər. Onlar bu yolla Azərbaycana qarşı hərtərəfli addım atmağı qarşılarına bir nömrəli məqsəd kimi qoyublar. Həm xüsusi xidmət orqanları və eyni zamanda hərbi əks-kəşfiyyat səviyyəsində, həm də baş kəşfiyyat idarəsi səviyyəsində bu istiqamət üzrə mühüm addımlar atılıb. Əsas məqsədlərindən biri bu olub ki, Azərbaycan ordusunda, eyni zamanda, strateji obyektlərdə hərbçi və mülki şəxslərdən istifadə edərək öz məqsədlərinə çatıb, nəticədə lazım olan məxfi və digər konfidensial məlumatları əldə etsinlər. Bu proses paralel başlayıb. Ümumiyyətlə, dünyanın hər yerində xüsusi xidmət orqanlarının dəst-xətti bu cürdür. Yəni əsas məqsəd Azərbaycana qarşı istənilən təxribatı törətmək üçün tam şəkildə böyük bir agentura şəbəkəsinin yaradılması məsələsi olub».
Ekspert mülki əhalinin düşmənə casusluq etməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: «Yuxarıda da qeyd etdiyim kimi, bu cür hadisələr bütün dünyada baş verir. Xüsusi xidmət orqanlarının agent cəlb etmə metodu da o qədər də bir-birindən fərqli deyil. Yəni burada mülki şəxslərdən də istifadə oluna bilər. Əsas məsələ odur ki, kim hansı istiqamətdə nə cür məlumata sahibdir. Bu baxımdan xüsusi xidmət orqanları lazım olanda mülki şəxslərdən də belə məsələlərdə istifadə edirlər. Bugünkü günün ən qalmaqallı məsələlərindən biri ABŞ-ın kəşfiyyat mənbələrində baş verən casus qalmaqalı ilə bağlı hadisələrdir. Bu proseslər göstərir ki, bütün dövlətlər arasında nə qədər müqavilələr olsa belə, xüsusi xidmət orqanları öz metodlarından istifadə edərək qeyd etdiyimiz istiqamət üzrə işlərini görürlər. Onlar öz şəbəkələrini genişləndirməyə çalışırlar ki, lazımi məlumatları əldə edə bilsinlər. Məlum məsələdir ki, istər müharibədə, istərsə də digər məsələlərdə məlumatı olan tərəfin hər zaman qalib tərəfə çevrilmə ehtimalı daha çoxdur. Ona görə də xüsusi xidmət orqanları çalışır ki, məlumatı olan şəxsləri agent kimi cəlb edib, lazımı informasiyalara sahiblənsinlər».
Casus kimi daha çox kimlərdən istifadə olunmasına gəlincə isə A. Nağıyev aşağıdakıları söyləyib: «Casus kimi o insanlardan istifadə olunur ki, onlar normal məlumatlara sahibdirlər. Əsas da bu məlumatlar xüsusi xidmət orqanlarının işində istər konkret, istərsə də strateji planları həyata keçirmək üçün işə yararlı olmalıdır. Təbii ki, hər kəsin bu işə cəlb olunması inandırıcı deyil. Yəni hər halda hansısa bir təşkilatda, məsələn, qapıçı ilə mühəndisin arasında fərq olmalıdır. Eləcə də hərbidə də bu cürdür. Əsgərin bilmədiyini, yəqin ki, komandir bilə, komandirin məlumatsız olduğu məsələdən isə ondan da yuxarı şəxsin məlumatı ola bilər. Bu baxımdan casus kimi işə cəlb edəndə də bu kimi məsələlər nəzərə alınır. Təyin olunur ki, kimin nəyə girişi var, kim hansı məlumata yaxındır, o istiqamətdə də işlər aparılır».
Ekspert fəaliyyətləri ifşa olunan casuslarla necə davranılmalı olduğuna da diqqət çəkdi: «Onlarla necə davranılmalı olduğu və digər bu kimi məsələlərin hamısı keçirilən məhkəmə prosesində üzə çıxacaq. Tarixi boyu bu cür hallar baş verib və heç bir dövlət bu kimi məsələlərdən sığortalanmayıb. Məhkəmələr keçirilib, bunlar ifşa edildikdən sonra artıq hansısa qeyri-insani və ya digər qərarlar qəbul oluna bilər. Həmin qərarlara onların necə dəfn olunması və digər bu kimi məsələlər də daxildir. Təbii ki, vətən xainlərinə qarşı heç zaman biristiqamətli münasibət olmayıb. Bu gün əgər Azərbaycan müharibə şəraitində yaşayırsa, paralel olaraq da bu proseslər gedirsə, ilk növbədə qanun öz işini görməlidir. Qanundan sonra isə nələrisə tətbiq etmək olar. İnanmıram ki, casus kimi ifşa edilən şəxslər həbsdən sonra çıxıb Azərbaycan torpağında normal vətəndaşlarla yanaşı rahat şəkildə yaşaya bilsinlər».