Vaxt.Az

«İŞİD gəlinləri» Suriya və İraqdan dul kimi qayıdırlar


 

Əri öləni bir həftənin içərisində başqa cihadçıya ərə verirdilər

«İŞİD gəlinləri» Suriya və İraqdan dul kimi qayıdırlar «The Telegraph» qəzeti yazır ki, Suriya və İraqda döyüşən islamçılarla evlənmək üçün oralara getmiş Britaniya qadınları ata evinə, yəni vətənə qayıdrılar. Onlardan bəziləri dul qalıb, bəzilərini isə İraq-Şam İslam Dövləti (İŞİD) adlanan təşkilat üçün son döyüşə hazırlaşan ərləri göndərib.

Məqalədə qeyd olunur ki, son aylarda 10-dək Britaniya vətəndaşı olan qadın və onların uşaqları ekstremistlərin «xilafət» adlandırdıqları ərazidən çıxıb. Antiterror polisinin verdiyi məlumata görə, onlardan ikisi artıq Birləşmiş Krallığın ərazisinə daxil olub.

Bu da bildirilir ki, böyük bir ehtimalla əcnəbi qadınlardan bir çoxu İraq və Suriya ərazisindəki İŞİD-in məhdudiyyətlərinə dözməyərək oradan qaçıb. Daxili İşlər Nazirliyi qarşıdakı aylarda daha çox qadının cihadçıları tərk edərək ölkəyə qayıdacağını gözləyir. Son illərdə 50-dək Britaniya vətəndaşı olan qadının İraq və Suriyaya getdiyi düşünülür.

Onlardan bəziləri oraya ərləri və hətta uşaqları ilə birlikdə gediblər. Amma əksəriyyəti gənc olan qızların bir çoxu İŞİD-in nəzarətində olan ərazilərə cihad səfərbərçilərinin təbliğ etdiyi din və müharibə romantikası üçün gediblər.

Lakin İŞİD İraq, kürd və Suriya qiyamçılarının, habelə beynəlxalq koalisiyanın zərbələri altında ərazilərini itirdikcə cihadçıların mövqeləri xeyli zəifləyib. Almaniyadan İŞİD-ə «gəlin getmiş» bir qız cihadçıları tərk edib və hazırda Suriyada qiyamçıların nəzarətində olan ərazidədir.

O, «The Telegraph» qəzetinə deyib ki, bu ilin əvvəllərindən bəri İŞİD ərazilərində təxminən 30-35 «avropalı gəlin» qalıb. Özünü Umm Ayşa kimi təqdim edən 28 yaşlı qadın deyir ki, onlarca əcnəbi qız-gəlin İŞİD ərazisini tərk edərək Türkiyəyə keçməyə cəhd göstərir. O həmçinin bildirib ki, cihadçılar qadın və uşaqları mədhəfə adlanan xüsusi təhlükəsiz evlərdə, cəbhə xəttindən və ərlərindən aralıda saxlayırlar.

«Bu lap qəfəsə salınmış cücə olmaq kimi bir şeydir. Qadınlarla qul kimi davranırlar», - qadın bildirib.

Şəriət qanunlarına görə, əri ölən qadın ən azı 4 ay 10 gün müddətində yas saxlamalıdır, lakin Umm Ayşa bildirir ki, ərləri ölmüş qadınları bircə həftənin içərisində başqa cihadçılara ərə verirdilər.

Qadın «What's App»la «The Telegraph» qəzetinə müsahibəsində deyir ki, cihadçılar ərazi itirdikcə daha da vəhşiləşirlər. Umm Ayşa deyib ki, İŞİD ərazisindən qaçan qadınların 35 faizi, ərləri öldürülüb dul qalanlardır. Qadın bunu qeyd edir ki, arvad-uşağını gizli yollarla «xilafətdən» çıxarmaq istəyən döyüşçüləri edam cəzası gözləyir.

«The Telegraph» yazır ki, hökumətin təxminlərinə görə, 850 Britaniya vətəndaşı olan kişi və qadın ölkəni tərk edərək Suriya və İraqa gedib. Onlardan 130-nun öldürüldüyü düşünülür. 350 cihadçı artıq Britaniyaya qayıdıb. Onlar ölkəyə daxil olan kimi polis tərəfindən dindirilirlər, lakin həbs barədə qərar yalnız kəşfiyyat materiallarına əsasən qəbul edilir. (BBC)

 





23.05.2017    çap et  çap et