Vaxt.Az

Abbas Lisaninin mağazasına ETTELAAT basqını


 

Güney Azərbaycanlı fəalın dükanının qıfılı gecə saatlarında sındırılıb, əşyalar dağıdılıb, nəsə axtarırmışlar

Abbas Lisaninin mağazasına ETTELAAT basqını Tanımış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin Ərdəbildəki mağazasının qıfılı gecə saatlarında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən sındırılıb, məmurlar gizlicə mağazaya daxil olublar.

Əldə etdiyimiz məlumata görə, mayın 23-ü səhər saat 8 radələrində Oxtay (Mehdi) Lisani mağazaya gəlincə qapının qıfılının sındırılmasını görüb. O dərhal «Polis 110»na zəng edərək hadisə barəsində məlumat verib. Polis əməkdaşları bir müddət təxirdən sonra hadisə yerinə gəlib və ilkin araşdırmalara başlayıblar. Bu zaman Abbas Lisani özü də mağazaya gəlib və məlum olub ki, əşyalar ayaq altına atılıb qarışdırılsa da, mağazadan heç nə oğurlanmayıb.

Kimliyi Müəyyənləşdirən İdarəsindən mağazaya gələn şəxslər isə hadisə yerindən əl-barmaq izləri götürüblər. Sonra A.Lisani polis əməkdaşları ilə birlikdə 15-ci Polis Bölməsinə gedib, orada baş verən hadisəyə görə şikayətçi olduğunu bildirib.

«Mağaza şəhərin qalabalıq bir meydanında, eyni halda Yol Polisi İdarəsinin 24 saat işləyən kamerasının qarşısında yerləşir. Belə bir yerdə qıfılı sındıraraq mağazaya daxil olmaq faktı bir az düşündürücüdür. Əgər bu oğurluq faktıdırsa, o zaman nə üçün mağazadan heç nə oğurlanmayıb?! Onlar çox rahat şəkildə hər yeri töküb-dağıdıblar, görəsən nə axtarırmışlar?! Mən bir vətəndaş kimi Polis İdarəsindən mağazaya girən şəxslərin ən qısa müddətdə tapılıb cəzalandırılmasını tələb edirəm. Həmçinin onların və ya təhrik edənlər varsa, hamısının bu işdə nə məqsəd güddükləri aydınlaşmalıdır. Əks halda polisin vətəndaşların təhlükəsizliyini qorumaq gücündə olmaması vəya bu qərəzli işin arxasında məhz polisin özünün dayandığı məlum olacaq», - deyə şikayətdə bildirilib.

Qeyd edək ki, son zamanlar rejimin tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə qarşı təzyiqləri artıb. Fəalın özü və hətta ailəsi cəmiyyətdə təxrib və şantaj edilir, onun evi və iş yeri gizli şəkildə nəzarətdə saxlanılır. Baş verən hadisənin bu kimi təzyiqlərlə əlaqədar olduğu ehtimal edilir.

 





25.05.2017    çap et  çap et