Üsyan sığınacaqları
««Xalq Bank»da - Əməkdar İncəsənət Xadimi, rəssam Kamal Əhmədin əsərlərindən ibarət sərgidə gəzişən və layihə çərçivəsində hazırlanan bədii albomu əllərində tutan qonaqlar mübhəm qəhrəmanın şüuraltı dünyasına qonaq olduqlarından bəlkə də, xəbərdar deyillər. Bəlkə də, fərqində idilər...
Bəli, istər albomdakı, istərsə də, «Xalq Bank»ın sərgi salonundakı əsərlər Kamal Əhmədin ağrı-acılı ömrünün nişanələridir. Şüuraltısında gizlənmiş zədələridir. Uzun müddət bu zədələri, ağrıları kiməsə göstərməkdən çəkinib. Elə ona görə də çəkib... Anlaşılmadığını, qınaq obyekyt olduğunu bilə-bilə çəkib... Yox, deyəsən, düz demədim, əslində, hayqırıb, üsyan edib. Mənə inanmırsınızsa, «Xalq Bank»a gedin, çünki orada sərgi hələ bir neçə gün də davam edəcək. Giriş də pulsuzdur. Gedin və görün ki, rəssam necə hayqırır, üsyan edir. Dünyasını dəyişən sənətkar öz üsyanını bu əsərlərdə gizləyərək aramızdan gedib.
VAXT.AZ üçün hazırlayacağımız reportaj üçün bir-bir rəsm əsərlərini gözdən keçiririk. İlk baxışdan bəlkə də, nəsə anlaşılmır. Amma haradasa həmin üsyan, haray səsi gizlənib. Çalışıram ki, hər əsərdə həmin üsyanı tapım, daha sonra onun içində səyahət edim. Bəzən alınır, bəzənsə yox... Aha, deyəsən, tədbir başlayır. Uzun illərin peşəkar diktoru Dilarə Səlimova qonaqları salamlayır və «Xalq Əmanəti»nin növbəti buraxılışı haqqında məlumat verir. Az sonra söz başqalarına ötürüləcək. Onların yanına bir azdan qayıdacağıq. İndi isə sərgi salonundan asılan üsyan səslərinə qoşulub Kamal Əhmədin gizli dünyasına səyahət edək. Amma ehtiyatlı olun, bu «səyahət» çox ağrılıdır...
«Səyahət»
Kamal Əhmədin hər rəsm əsəri müəyyən zaman kəsimində yaranmayıb. O, hər əsərini anadan olduğu gündən etibarən, çəkməyə başlayıb. Qınamayın, ağrılar məhz bu cür uzun müddətə çəkilir.
Ailəsi əslən, İçəri Şəhərdən idi. İxtisasca mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa-Ağdama köçürlər. Oradakı xoşbəxt günlərin sayı az olur. Əvvəlcə anası, daha sonra isə atası vəfat edir. Vəssalam, uşaqlıq dünyası dağılan balaca Kamal özünün şüuraltı ağrıları ilə təkbətək qalır. Şüvəlandakı uşaq evində böyüyür və həmin ağrılarını da böyüdür. Bütün bunlar az imiş kimi, başqa uşaq evində böyüyən bacısı da iki yaşında vəfat edir, qardaşını bir müddət sonra nənəsi götürür, Kamal isə dediyimiz kimi, on səkkiz yaşınadək Şüvəlanda – uşaq evində qalır. Onu burada çox sevirlər, uşaq evinin direktoru onunla rəsmlə məşğul olur, sərgi və konsertlərə aparır, poeziyaya olan marağını təqdir edir. Uşaq evi kollektivinin böyük şairimiz Səməd Vurğunla görüşündə Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb edir. Səməd Vurğun səkkiz yaşlı Kamalı qucağına alıb, onun böyük gələcəyinin olacağını söyləyir.
Yorulmamısınızsa, səyahəti davam etdirək. Getdik! Müharibədən sonrakı illər... Qıtlığın, böhranən at oynatdığı bir dövr... Müharibə öz yaralarını böyük şəhərlər üçün saxlayaraq aradan çıxıb. Böyük şəhərlərin isə uşaq evləri ata-anasını itirən yetimlərlə doludur. Bunlardan biri də Şüvəlandakı uşaq evidir. Balaca Kamal internatın həyətindəki quyuda bir neçə uşaq meyitini görür. O gündən etibarən, möhkəm sarsıntı, diləgəlməz qorxu yaşayır. Hər gün bir tərbiyəçi onu aparıb evində saxlayır. Bu şüuraltı çarpıntılar haqqında isə kiməsə demir. Yəqin, indi fərqinə vardıq ki, niyə həmin illərə səyahət etdik. Kamal Əhmədin bütün əsərlərinə baxanda görəcəyik ki, onları Kamal yox, həmin illər, daha doğrusu, həmin illərin «travması» çəkib. Kamal Əhmədlə yanaşı avanqard əsərlərin əsl «müəllifi» ilə də tanış olmalı idik, ya yox?
İndi isə sərgi salonuna qayıdaq. Burada daha kimlər yoxdu ki... Mədəniyyət, ədəbiyyat xadimləri, sənət sevdalıları, jurnalistlər, ictimai xadimlər və daha kimlər... Siz «səyahət etdiyiniz» müddətdə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, yazıçı Azər Abdulla, rəssam Rafael Güləhmədli, şair Çingiz Əlioğlu, professorlar Hamlet İsaxanlı, Cəmilə Həsənzadə və sənətkarın qızı danışdı.
Hər zaman cavan, enerjili görünən Fərhad Xəlilov sanki bir anlıq illərin o üzünə adladı. O zaman az adam tərəfindən qəbul olunan, bürokrat maraqların düşməni, azad ruhlu, çərçivələri yaran gənc dostu Kamal Əhmədlə yenidən görüşdü. Yenidən Səttar Bəhlulzadənin yanına gedib, siqaret çəkdilər, Qobustana yollandılar və nəyisə çəkməyə başladılar. Azad ruhlu, çərçivələrə sığmayan bu iki gənc yenə də ustad Səttardan çərçivəsizliyin sirlərini öyrəndilər. Kamal bu çərçivəsizliyin rəsmini çəkdi, Fərhad ustadla söhbətləşdi...
Bax belə, Fərhad Xəlilov sözünü qurtaran zaman bu xəyali görüş də bitdi.
O biri natiqlər də çıxışlarında ən çox bu məsələlər- rəssamın çərçivələrə sığmaması, qeyri-adi yanaşma tərzi, sərt xasiyyəti, doğruluğu və klassik ədəbiyyatı, fəlsəfəni, Füzuli, Nizami poeziyasını gözəl bilməsi haqqında danışdılar.
Bir az da o haqda...
Bütün bunların hamısı əslində, Kamala böyük Səttardan keçmişdi. Səttar Bəhlulzadə ilə tanışlığı, bu sənətkarın həyat tərzi, fikirləri Kamalı dərindən sarsıdır, gənc rəssamın qarşısında tamamilə yeni üfüqlər açılır. Bəhlulzadə kommunizmdən əvvəlki dövrün adamı idi, ona mədəniyyətimizdən millilik və ənənələrin sıxışdırılıb çıxarılması təsir etmirdi. O, son gününə kimi əski əlifba ilə yazmış, milli mentallığını, xalqına böyük ehtiramını, onu dərindən duymaq bacarığını, zəngin mədəniyyətini kövrək, zərif bir tutiya kimi bütün həyatı boyunca daşımağa müvəffəq olmuşdu. Bununla belə, Səttar müasir və klassik dünya incəsənətini, musiqisini və ədəbiyyatını çox gözəl bilirdi. O, rəngkarlıq simfoniyaları tamaşaçını nəfis, zərif Şərq estetika dünyasına aparmağı bacaran böyük rəssam-mənzərəçi idi. Səttar Bəhlulzadənin mənzərələri sitat gətirməyi sevdiyi Füzulinin poeziyası qədər əzəmətli təsir gücünə malik poetik ecazla dolu idi. Onların koloriti müəllifinin sevdiyi muğamın mediativ səsi kimi mürəkkəb və musiqili idi. O, «poetik realizm» dünyasını yaratmışdı.
Kamal da Səttar kimi Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, böyük mütəfəkkirlərdən sitatlar gətirir və hədəfi üfüq xətti kimi xəyali və əlçatmaz həqiqəti tapmaq olan əsl dərvişə çevrilir.
Biz isə olduğumuz sərgi salonuna qayıdaq. Çox gəzdik, deyəsən. Nolar, unudulmuş bir dərvişi yada salmaq, savabdı. Necə ki, bunu «Xalq Bank» etdi. Xatırladaq ki, «Xalq Əmanəti» layihəsi «Xalq Bank» ASC tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin «Azərbaycan sikkələri» kitabı də bu layihə çərçivəsində işıq üzü görüb və maraqla qarşılanıb.
Artıq adamlar yavaş-yavaş sərgi salonunu tərk etmık üzrədi. Amma siz həftəiçi hər gün axşamüstü haqqında danışdığımız rəssamın əsərləri ilə tanış olmaq üçün «Xalq Bank»a yollana bilərsiz. Orada sizi divardan asılı halda qalan, bəzən eşidib, bəzən isə eşitmədiyiniz hayqırtılar qarşılayacaq. Amma o hayqıran əsərlərə diqqətlə baxın... Orada üsyanın da ağladığını, göz yaşı axıtdığını görəcəksiniz...Özü də elə belə yox, müharibədən sonrakı dövrün Şüvəlanında hazırlanan göz yaşını...