Bu şikayətlə virtualaz.org-a kənd sakinləri müraciət ediblər. Şikayətçilər bildirirlər ki, şəhid Rauf Verdiyevin adını daşıyan bağça ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də, nə yanmış bağçanın qalıqları sökülür, nə də yenisi tikilir.
«Bu bağça 20 il əvvəl tikilib. Burada 60-a yaxın uşaq təhsil alırdı. İki il əvvəl bağça qısaqapanmadan yandı. O vaxtdan da 15-ə yaxın işçi işsizdir. İcra hakimiyyətinə, bütün aidiyyəti orqanlara şikayət eləmişik, amma maraqlanmırlar», - deyə kənd sakini Daşdəmir Qubadov bildirir.
Sakinlər deyirlər ki, uşaq bağçasının yanan binasında həm də Mədəniyyət Evi və poçt yerləşib. Qısaqapanma zamanı yalnız binanın qapı-pəncərəsi yanıb. Binaya müəyyən qədər zərər dəysə də, tamamilə yararsız vəziyyətə düşməyib, onu təmir etdirmək mümkündür.
Mədəniyyət Evinin keçmiş direktoru İlham Rəsulovun sözlərinə görə, İcra hakimiyyəti binanın təmir olunmamasını kifayət qədər maddi vəsaitlərinin olmaması ilə əlaqələndirir: «İcra hakimiyyətinə dəfələrlə şikayət eləmişik, bizə deyirlər ki, vəsaitimiz olanda təmir edəcəyik. Bağçanın işçiləri əmrlə işdən çıxarılmayıblar. ASAN İmza da almışıq, nömrə işləyir, amma işçilərə əmək haqqı verilmir. İcra hakimiyyətindən deyirlər ki, əmək haqları dondurulub. Bu bina tamamilə yararsız vəziyyətə düşməyib, onu təmir etmək mümkündür. Cəmi 7-8 otaqlı binadır, onun da bütün otaqlarının yanmadığını nəzərə alsaq, bunun təmiri nə qədər vəsait aparacaq ki?».