Nəticədə, neftin qiymətində də müsbət dinamika müşahidə olunub: dekabr ayında qeydə alınan 53-54 dollarlıq orta qiymət indi də qalmaqdadır. Bu zaman, əlbəttə ki, müxtəlif amillərin təsiri altında qiymətlərin dəyişkənliyi baş verib, lakin ümumi dinamika göstərir ki, OPEC-in hasilatın dondurulması barədə razılaşması yalnız müsbət nəticə verib.
Ötən müddət ərzində həm OPEC üzvləri, həm də razılaşmaya qoşulan digər ölkələr hasilat barədə mütəmadi hesabatları təqdim ediblər. Bu hesabatlara əsasən, bütün ölkələr razılaşmaya sadiq qalıb və bu da öz müsbət nəticələrini verib. İndi söhbət razılaşmanın müddətinin artırılmasından gedir. Müxtəlif proqnozlar səslənir - razılaşmanın müddəti uzadıla bilər, yaxud uzadılmayacaq, və yaxud da uzadılsa belə, icra edilməyəcək. Lakin OPEC-in, onun əsas üzvlərinin bəyanatlarına, Rusiyanın mövqeyinə, digər amillərə əsaslansaq, fikrimizcə razılaşmanın uzadılacaq. Amma yeni sövdələşmənin bazara təsiri yenə də şübhə doğurur. Səbəb birdir: ABŞ-ın planları.
Əgər əvvəllər bu planlar barədə müəyyən dərəcədə nəzəri baxımından danışılırdısa, indi planlar real olaraq ortadadır. ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən təqdim edilmiş 2018-ci il üçün federal büdcəsində neftə aid iki əsas təklif yer alıb.
Birincisi, təklif olunur ki, ABŞ strateji neft ehtiyatlarının yarısı satılsın. Hazırda bu ehtiyat fondunun həcmi 700 milyon barelə yaxındır, satış üzrə təklif isə o deməkdir ki, gündə təxminən əlavə 100 min barel neft bazara buraxılacaq. Müqayisə üçün qeyd edək ki, böyük çətinliklərlə, aylara davam edən müzakirələr, bütün siyasi, geosiyasi, iqtisadi amillər, nəhayət dövlət başçılarının şəxsi arqumentləri hesabına nail olunmuş OPEC razılaşması nəticəsində təklif gündəlik 200-250 min barel həcmində azalıb. Qeyd edək ki, təklifin 2018-ci ilin büdcəsinə daxil edilməsi heç kimi aldatmasın – ABŞ-ın neft ehtiyatlarının satılması prosesi artıq başlayıb. Belə ki, strateji ehtiyatlar bu ilin yanvarında 6,4 milyon barel, fevralda 10 milyon barel satılıb.
İkincisi, Tramp administrasiyası Alyaskanın Arktika regionunda olan yataqların «açılmasını» təklif edir. Burada hasilat başlasa, bu o deməkdir ki, ABŞ-ın hasilatı gündə 10 milyon barel təşkil edəcək və ya indiki səviyyədən (9,3 milyon barel – «Reuters») təxminən 700 min barel artıq olacaq. Yəni dünya neft bazarı neft içərisində üzəcək, OPEC-in səyləri nəticəsində bazarda azaldılmış həcm ABŞ-da hasilatın artması hesabına balanslaşdırılacaq. Yuxarıda göstərilən cədvəldən aydındır ki, indi təklif və tələbat tarazlığı son dərəcədə kövrəkdir – demək olar ki, yalnız OPEC-in razılaşması nəticəsində əldə olunmuş azalma hesabına tələbatın təklifin üstələnməsi baş verir. Təklifə gündə daha 1 milyon barelə yaxın neftin əlavə edilməsi neft bazarında təsəvvür edilməz nəticələrə gətirib çıxara bilər.
Tam olaraq aydındır ki, hazırda neft bazarında sabitləşmə bilavasitə təkliflə tələbatın tarazlığından asılıdır. ABŞ-ın planları reallaşsa, təklif tələbatı nəzərə çarpan dərəcədə üstələyəcək. Neftin ucuzlaşması baş verəcək və bu proses, ola bilər, çox sürətli keçəcək. Nəticədə, OPEC razılaşmasına qoşulmuş ölkələr bu razılaşmanın faydası olmadığını görüb yenidən hasilatı artırmağa başlayacaqlar. Bəziləri gəlirləri bərpa etmək üçün hasilatı artıracaq, bəziləri dempinq siyasətinə keçəcək – nəticədə isə həm təklif artacaq, həm də qiymətlər daha da sürətlə aşağı düşəcək. Məhz bu səbəbdən deyirik ki, proseslər təsəvvür edilməz nəticələrə gətirib çıxara bilər.
Burada bir məqama da toxunmaq lazımdır: Alyaskada neft hasilatı bu gün-sabah baş verməyəcək, lakin bu amil heç kimi sakitləşdirilməməlidir. Çünki neft bazarı çox və çox həssasdır – sadəcə xəbərin özü belə qiymətləri endirə bilər, sadəcə planlar çaxnaşma yarada bilər. İkincisi isə unutmaq lazım deyil ki, neft bazarında qiymətlərə tək fiziki tədarük üzrə qiymətlər deyil, neft üzrə fyuçerslər, «kağız neft» adlanan əqdlər təsir edir. Bu əqdlər bir neçə ay qabaqdan və daha çox ortamüddətli proqnozlara əsaslandırılan qiymətlər üzrə bağlanılır. Ortamüddətli proqnozlar isə, yumşaq desək, ümidverici olmayacaq. Bütün bunu nəzərə alaraq, bu fonda OPEC-in iclası müəyyən mənada lap vaxtına düşür – bəlkə müzakirələrdə hansısa çıxış yolu tapılacaq, amma vəziyyət cavabdan çox suallar yaradır.
Məsələn, niyə büdcə paketi və bununla birlikdə neft üzrə planlar Trampın Səudiyyə Ərəbistana səfərdən dərhal sonra elan edilib? Neft bazarını çaxnaşma vəziyyətinə sala biləcək ABŞ-ın planları neftin məqsədli ucuzlaşdırılmasına hesablanmayıbmı? ABŞ-a ucuz neft niyə bu dərəcədə lazımdır? ABŞ-ın iqtisadiyyatı və xüsusən istehsal sahəsinə ucuz neft ciddi fayda verəcəkmi? İstehsalın maya dəyərində neftin payı o dərəcədə yüksəkdir ki, dünya miqyasında neft müharibəsi aparılması buna dəyər? Bunlar cavabsız suallardır? Təəssüf ki, bu suallar da cavabsız da qalacaq, OPEC-in iclasında isə ən yaxşı halda problemlər yalnız konstatasiya ediləcək. Çünki ABŞ-ın mövqeyini nəzərə alsaq, neft bazarında ortamüddətli vəziyyət çıxışmaz görünür.