Vaxt.Az

Efirdə İslamın təhqir olunması aranı qatdı


 

Kamran Həsənli: «Çəkilişdə dinin təhqir olunması kimi bir hal olmayıb...»

Efirdə İslamın təhqir olunması aranı qatdı Müğənni Nadir Qafarzadənin «Space» TV-nin hələ ki efirə getməyən «Sizin saat» verilişinin çəkilişi zamanı verdiyi açıqlama qalmaqal yaradıb. Belə ki, onun estetik cərrahiyyə mövzusunda müzakirə zamanı dinin mövqeyini şərh edən ilahiyyatçı Elşad Mirini təhqir etdikdən sonra Allah və din ünvanına təhqiramiz ifadələr işlədərək studiyanı tərk etdiyi deyilir. Elşad Miri isə öz facebook profilində Nadir Qafarzadəni məhkəməyə verməklə hədələyib.
Məsələni daha dəqiqliyi ilə öyrənmək üçün Elşad Miriyə telefon açdıq. O, veriliş efirə getdikdən sonra Nadir Qafarzadəni məhkəməyə verəcəyini təsdiqlədi: «Veriliş cümə axşamı efirə gedəcək. Amma o verilişi hansı formada, hansı formatda verəcəklər bilmirəm. Veriliş yayımlandıqdan sonra onlar mənə səsin itmədiyini desələr, Nadir Qafarzadəni məhkəməyə vermək haqda düşünürəm. Nadirin orada işlətdiyi elə sözlər vardı ki, onlar hətta küçədə belə deyiləsi söyüşlər deyildi. Təsəvvür edin ki, mən illərdir eşitmədiyim sözləri Nadir Qafarzadədən eşitdim. 
O yalnız mənə qarşı yox, orada oturan tamaşaçılara qarşı da tərbiyəsizlik etdi. Həmçinin Allaha, dinə söymək məhkəməlik bir məsələdir. Mən sadəcə verilişin hansı formatda yayımlanacağını gözləyirəm. Verilişlə bağlı isə hansısa bir şikayətim olmayacaq. Aparıcı Kamran Həsənli özünü çox mədəni apardı. Hətta sonra mənə zəng edib ona qarşı aqressiv olmadığım üçün təşəkkür etdi. Mən orada bəzi məqamlarda susmağa üstünlük verdim. Burada təhqir, söyüş olmamalı idi. Çünki orada tamaşaçılar var idi. Tamaşaçıların qarşısında bunu etmək, insanın evdəkilərinə qarşı olan hörmətsizliyinin başqa bir formasıdır. Verilişdə mövzu estetik əməliyyatlarla bağlı idi. Nadir Qafarzadə dedi ki, mən estetik əməliyyatlar etdirmişəm, etdirəcəm də. Çünki səhnə adamıyam. Mən də, sadəcə olaraq, dini mövqeyimi bildirdim ki, bu, İslama uyğun olmayan bir məsələdir. Eyni zamanda bizim mental dəyərlərimizə, yəni kişilik anlayışına uyğun olmayan işdir. Mənim bu sözlərimdən sonra o insan aqressivləşdi. Mənim kişiliyimə heç kim heç nə deyə bilməz və sairə kimi sözlər işlədərək efiri 2 dəfə tərk edib yenidən qayıtdı. Mən bu xəstə təxəyyüllü insana nə deyə bilərəm ki?!»
Kamran Həsənlinin də baş verən qalmaqalla bağlı fikrini öyrəndik. O, Elşad Miri ilə Nadir Qafarzadənin artıq barışdıqlarını dedi: «Qalmaqal onların öz aralarında oldu. 10 dəqiqə sonra bir-birilərini başa düşdülər və barışdılar. Nadir verilişdən çıxıb getmək istədi. Ancaq sonradan qayıtdı və müzakirələrimiz davam etdi. Amma dinin təhqir olunması kimi bir hal olmayıb. Veriliş efirə həftənin 4-cü günü, axşam saat 10-a qalmış yayımlanacaq».
Kamran Həsənlidən verilişin qalmaqallı hissəsinin yayımlanıb yayımlanmadığını soruşduq. O, verilişin tam olaraq göstəriləcəyini dedi: «Sadəcə, olaraq söyüş olan hissələri təbii ki, verməyəcəyik. Amma bütün görüntülər yayımlanacaq».
Dini təhqir etdiyi iddia edilən müğənninin fikirlərini də öyrənmək istədik. Ancaq N.Qafazadə telefon zənglərimizə cavab vermədiyi üçün cəhdlərimiz boşa çıxdı.
 





08.01.2014    çap et  çap et