Vaxt.Az

İsti duşdan soyuq duşa keçməyin «möcüzələri»


 

«Kontrastlı su terapiyası» qan damarlarında nasos funksiyasını yerinə yetirir

İsti duşdan soyuq duşa keçməyin «möcüzələri» «The Daily Mail» yazır ki, Britaniyada Viktoriya zəmanəsinin adamları yaraları sağaltmaqdan tutmuş vahiməni götürməyədək bir çox müalicə üsullarını soyuq vannalarla edərdilər.

Məqalədə deyilir ki, belə görünür, keçmiş adamların hərəkətində həqiqətən də müdriklik olub.

Beləki idmançıların bir çoxu əzələ ağrılarından xilas olmaq üçün buzlu vannalardan və soyuq duşdan istifadə edirlər.

Bəziləri inanırlar ki, soyuq duş dəridəki qırışların azalmasına xidmət edir.

Məqalədə deyilir ki, alimlər tez bir şəkildə bədəndən axıdılan soyuq suyun immun sistemini möhkəmləndirdiyini və əhvalı yüksəltdiyini bildirirlər.

Ekspertlər inanırlar ki, isti və ya soyuq suyun müalicəvi gücü onların temperaturunda yox, əvəzlənməsi prinsipindədir.

«Kontrastlı su terapiyası» adlanan müalicə üsulu 20 dəqiqə müddətində isti duşun ardınca bir dəqiqəliyə soyuq duşa keçməyi və təkrar isti duşa qayıtmağı nəzərdə tutur.

Ekspertlər bildirirlər ki, bir neçə dəqiqə isti suyun altında vannada oturmaq dəridəki qan damarlarını «açır» və onun oksigenlə zənginləşməsinə imkan yaradır. Bunun ardınca bir dəqiqəliyə soyuq suya keçilməsi elə həmin damarları qəfil «bağlayır».

Ümumilikdə 20 dəqiqə ərzində davam etdirilən bu prosedur dəriyə yaxın damarlarda «sorğac» və ya «nasos» effekti yaradır və damarların ağ ciyərlərə oksigenlə zəngin daha çox qan aparmasını təmin edir.

Alimlər deyirlər ki, bu prosedurun əzələ ağrılarını azaltmaq da daxil, bir çox faydaları var, beləki, idman hərəkətləri zamanı damarlar əzələlərə onların işlətdiyi qədər oksigen çatdıra bilmir. Buna cavab reaksiyası olaraq əzələlər süd turşusu deyilən maddə buraxır ki, bu da ağrı hissinin yaşanmasına və idmandan sonra bərpanın ləngiməsinə mane olur.

Kontrastlı su terapiyası zamanı əzələlər məhz bu süd turşusundan azad olur. Amsterdamdakı Akademik Tibb Mərkəzində aparılmış araşdırma isə göstərib ki, «istidən-soyuğa» gündəlik duş proseduru bütün soyuqdəymələrin qarşısını 30 faiz alır.

Alimlər inanırlar ki, isti duşdan soyuq duşa keçilməsi zamanı orqanizmin xəstəliklərə qarşı döyüşən ağ qan hüceyrələrinin tətiklənmısi immun sistemini möhkəmləndirmiş olur.

Amma bu üsulun vasitəsilə dərinin daha cavan görünməsinə dair tapıntılar bir qədər mübahisəlidir. Dermatoloqlar bunun hələ isbata ehtiyacı olduğunu bildirirlər.

Bununla belə, idman sağlamlığı alimi Gergios Çeniçristos (Georgios Tzenichristos) deyir ki, dəriyə yaxın qan damarlarında qan axınının yaxşılaşması avtomatik olaraq dərinin elastikliyini artırmalıdır.

«Qanın daha yaxşı hərəkəti fibroblastların fəaliyyətini yaxşılaşdırır. Bu hüceyrələr isə dərinin əsas struktur zülalı olan kollagenin başlıca istehsalçısıdır», - deyir alim.

Amma alim bunu da əlavə edir ki, üzü gümrah saxlamaq üçün hər dəfə bütün bədəni yumağa ehtiyac yoxdur.

ABŞ-dakı Virciniya Birlik Universitetinin alimləri isə bildirirlər ki, isti duşun altında 20 dəqiqə dayandıqdan sonra üç dəqiqəliyinə soyuq suya keçmək ruhi sağlamlıqla bağlı problemlərin kəskinliyini azaldır.

Bu araşdırmada iştirak edən könüllülər həftələrlə davam edən isti-soyuq duş prosedurundan sonra əhvallarının xeyli yaxşılaşdığını bildiriblər. Belə prosedur xüsusilə də depressiyalı adamlar üçün faydalı ola bilər.

Alimlər deyirlər ki, qəfil soyuq su şırnağı dəriyə sanki elektrik effekti ilə təsir göstərərək beyindəki noradrenalin hormonunun səviyyəsini qaldırır. Depressiyalı adamlarda bu maddənin miqdarı çox aşağı olur.

«The Daily Mail» yazır ki, əgər belə kontrastlı prosedurdan ağlınız bir şey kəsmirsə, yenə də ilıq vanna qəbul etməyinizdən qalmayın.

«Loughborough» Universitetində aparılmış təcrübə göstərib ki, 40 dərəcə istiliyi olan ilıq vannada bir saatadək qalmaq orta hesabla 140 kalori yandırır. Bu isə yarım saatlıq piyada gəzmək zamanı yandırılan kalori qədərdir.

 





30.05.2017    çap et  çap et