Vaxt.Az

Lenin Assancı haker adlandırdı


 

London polisi isə «Wikileaks»in qurucusundan əl çəkmir

Lenin Assancı haker adlandırdı Ekvador prezidenti Lenin Moreno jurnalistlərə açıqlamasında «Wikileaks»in qurucusu Culian Assancı haker saymasına baxmayaraq, onun Londondakı Ekvador səfirliyində qalmaqda davam etməsinə icazə verəcəyini bildirib.

Moreno, həmçinin Assancı Ekvadorun və ya digər ölkələrin daxili siyasətinə qarışmamağa çağırıb. Culian Assanc isə sosial media hesabında jurnalist və redaktor olduğunu, hətta ABŞ-ın onu haker hesab etmədiyini yazıb. O, ötən həftə hesabındakı digər paylaşımda Ekvadorda korrupsiya barədə sənədlər əlinə keçərsə, onları da ictimaiyyətə açıqlayacağını bildirmişdi.

Xatırladaq ki, 2010-cu ildə Stokholmda iki qadına seksual təcavüzdə ittiham olunan Assanc İsveç hüquq mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin çox keçmədən girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanc 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.

Bu il mayın 19-da İsveç prokurorluğu Assancın işi üzrə istintaqın dayandırılması barədə qərar çıxarsa da, Britaniya polisi onun həbsində israrlıdır. Bu səbəbdən «Wikileaks»in qurucusu Ekvadorun Londondakı səfirliyini tərk edə bilmir.

 





30.05.2017    çap et  çap et