«Bilirik ki, «Bank Standard» müflis elan olunub və bu proses müvafiq qanunvericiliyə əsasən aparılır. Bununla yanaşı, mən hesab edirəm ki, proseslər beynəlxalq təcrübəyə əsaslanaraq və ən şəffaf qaydada həyata keçirilir. Müflisləşmə o deməkdir ki, müflis elan olunan təşkilatın, o cümlədən bankın bu proses zamanı əldə olunan aktivləri onun bütün öhdəliklərinin icrası üçün yetərli olmayacaq. «Bank Standard»ın aktivlərini qiymətləndirmək üçün tender keçirildi. Dünyanın hər yerində tanınan KPMG audit şirkəti bankın aktivlərinin ləğvetmə dəyərini qiymətləndirir. Eyni zamanda, «BM Morisson» hüquq şirkəti bankın öhdəliklərinin strukturunu müəyyən edib. Qiymətləndirmə zamanı müəyyən olunub ki, bankın aktivlərinin realizasiyasından daxil olan vəsaitlər ödəmə ardıcıllığı ilə birinci olan Əmanətlərin Sığortalanması Fondunun tələblərinin təxminən yarısını ödəyə bilir. Bu isə o deməkdir ki, yerdə qalan kreditorlara ləğvetmə prosesində olan bankın aktivlərinin realizasiyasından daxil olacaq vəsaitlər yetməyəcək. Bu, obyektiv reallıqdır və bunun ətrafında hər hansı spekulyasiyalara yol verməyə əsas yoxdur. Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər, bu məlumatlara açıqdırlar. Yalnız bank sirri olan məlumatlar üçüncü tərəflərə açıqlanmır», - deyə o bildirib.
Qeyd edək ki, mayın 24-nə «Bank Standard» QSC-nin qorunan əmanətçilərinə 437 mln. 346 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1 faizi deməkdir.