««Kıbrıs türklərindir» – bu da bizim cavabımız olmalıdır». Bu sözləri yunan nazirin açıqlamasına münasibət bildirən «Atlas» Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib
Poltoloq Kipr XİN rəhbərinin açıqlamasında adekvat cavab verməyin gərəkdiyini bildirib: «Kipr Respublikasının xarici işlər naziri İoannis Kasoulides Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağın Ermənistana aid olduğunu bildirdikdən bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verdi. Açıqlamada kiprli nazirin səsləndirdiyi fikirlərin beynəlxalq hüquqa və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə siyasətinə zidd olduğuna dair fikirlər yer alıb. Bunlar hamısı doğrudur. Ancaq Hikmət Hacıyevin açıqlamasında diqqətimi ən çox çəkən bu cümlə oldu: «Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır»».
Politoloqun fikrincə, əgər Kipr yunanlarının naziri Dağlıq Qarabağı Ermənistana birləşdirirsə, biz niyə Kıbrıs türklərinin müstəqil yaşamaq hüququnu tanımamalıyıq? «Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə təmasların genişləndiirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizi anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanısaq, Afina da Dağlıq Qarabağla bağlı «adekvat» addım ata bilər. O zaman rəsmilərimiz Afinanı eşitdilər. Növbə bizimdir. Bu dəfə isə bizim diplomatlar Afinaya gedib onları anlatmalıdırlar ki, əgər Kirp yunanlarının naziri İrəvanda verdiyi açıqlamaya düzəliş etməsə biz KKTC ilə bağlı yarımçıq saxlanılan işi davam etdirə bilərik. Yunanlara boşluq buraxmaq olmaz».
***
21:31 (30 may)
Kiprin Xarici İşlər Nazirliyinin başçısı İoannis Kusulides Qarabağı ermənilərin tarixi ərazisi adlandırıb. Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu o, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşündə bildirib.
İnformasiyaya əsasən, görüşün gedişatında tərəflər ikitərəfli münasibətlərin dərinləşməsi, erməni icmasının rolu və müdafiə sferasında əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.
Şimali Kipr və Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı, İoannis Kusulides bildirib ki, «bunları müqayisə etmək səhvdir, çünki Şimali Kiprdən fərqli olaraq, Türkiyə tərəfindən işğal edilmiş Artsax ermənilərin tarixi ərazisidir».
Virtualaz.org yaxın vaxtlarda məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini təqdim etməyə çalışacaq.