Vaxt.Az

«... Özəyini parçalayır»


 

Əflatun Amaşov: ««Reket jurnalistika» təkcə mətbuatın deyil, bütövlükdə cəmiyyətin bəlasıdır»

«... Özəyini parçalayır» Milli Məclisin bugünkü (31 may) iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı bir çox deputat öz çıxışlarında qeyd və təkliflərini bildirib. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qanun layihəsində cərimələrin artırılması təklifini irəli sürüb və bunun gələcəkdə qanun pozuntularının azalmasına müsbət təsirlər göstərə biləcəyini qeyd edib.

«Mən Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi, konkret olaraq cərimələrin artırılması ilə bağlı fikirlərimi bildirmək istərdim. Layihəyə diqqət yetirdim, demək olar bütün sahələr üzrə cərimələrin miqdarı artırılır. Əlbəttə, bu, müsbət haldır. O mənada ki, cəmiyyətdə məsuliyyət hissi dərinləşəcək.

Cərimə artımı nə dərəcədə adekvatdır? İndiki məqamda bu suala da cavab tapmalıyıq. Düşünürəm ki, adekvatlıq var. Ümumən cərimələrin miqdarında nəzərəçarpacaq artımın olması vacibdir. Amma layihədə diqqətimi çəkən bəzi məqamları da vurğulamalıyam».

Mətbuat Şurasının sədri, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma cinayətinə də diqqət çəkib: «Hazırda bununla bağlı cərimə 100-500 manatdır. Yeni layihədə isə bu rəqəm 500-1000 arası nəzərdə tutulub. Halbuki qanunsuz ov etmə üçün cərimə həddi 100-500 manatdan, 2 min - 3 min manatadək qaldırılır. Yaxud balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaya görə cərimənin 100-500 manatdan 3 min - 6 min manatadək qaldırılması təklif olunur.

Hesab edirəm ki, biz cərimələri artırarkən məsələlərin ictimailik dərəcəsinə önəm verməliyik. İndiki halda jurnalistin qanuni peşə fəaliyyətinə mane olma daha böyük məsuliyyətdir, nəinki qanunsuz ov etmə. Jurnalistin peşə fəaliyyətinə maneçilik yaratma həm də mənəvi məsuliyyətdir. İstərdim ki, məsələyə mövcud rakursdan yanaşaq».

Fikrimi davam etdirərkən A.Amaşov sosial şəbəkələrdəki saxta profillərlə bağlı məqamı vurğulayıb: «Son zamanlar sosial şəbəkələrdə çoxlu sayda saxta profillər meydana çıxıb. Həmin profillərdə müxtəlif şəxslər böhtan və təhqirlərlə üzləşirlər, mənəvi şantaja və terrora məruz qalırlar. Buna görə cərimə hazırda 1000-1500 manat arasıdır. Müzakirə etdiyim layihədə isə bu rəqəm 1000-2000 manat arası göstərilir. Müqayisəli yanaşsaq, daha bir qeyri-adekvatlıq da bundadır. Çünki son zamanlar sosial şəbəkələr həyatımıza daxil olublar. Onlar virtual yox, artıq real məkandır. Bu məkanda baş verən hadisə və proseslərin mənfi təsirləri daha çox aktuallaşmaqdadır. Bu gün saxta profillər ailələrin dağılmasına səbəb olur. Bir növ, cəmiyyətin özəyini parçalayır. Ola bilməz ki, bu məkanda nəzərdə tutulan məsuliyyət balıq ovlamaqdan az olsun?»

MŞ sədri qanun layihəsində təkcə jurnalistlərin deyil, həmçinin bəzi mətbuat nümayəndələrinin «fəaliyyəti»ndən ziyan çəkən şəxslərin də hüquqlarının qorunmasını təklif edib: «Böhtan və təhqirə görə cərimə həddinin də daha yüksək olmasını təklif edirəm. Əvvəl böhtana görə 100-500 manat arası cərimə nəzərdə tutulurdu, təhqirə görə isə 300-1000 manat. Yeni layihədə bu rəqəmlər 1000-1500 manatdır. Cərimələr daha yüksək olmalıdır. Həm də ona görə ki, hazırda bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar. Məqsədləri rəqiblərinə qarşı «qara piar» kampaniyası aparmaqdır. Biz araşdırmışıq məhz onların yaratdıqları saytlarda təhqir və böhtanlar baş alıb gedir. Düşünürəm ki, bu sayaq yarıtmaz hallarla mübarizə aparmaq üçün də cərimələr artırılmalıdır».

Cəmiyyətlə bərabər mətbuatın sağalmaz yarasına çevrilən rüşvətxorluqla mübarizədə, bu bəladan qurtulmaq üçün təkcə rüşvət alanın deyil, həmçinin rüşvətverənin də məsuliyyətə cəlb olunmasını təklif edən millət vəkili, Cinayət Məcəlləsində rüşvət vermək üçün nəzərdə tutulan cərimə miqdarının əhəmiyyətli dərəcədə artımı məsələsi üzərində də dayanıb. Onun fikrincə, cərimə həddinin 8-12 min arası olması nəzərdə tutulmalıdır. «Hesab edirəm ki, bu da vacibdir».

Əflatun Amaşov çıxışını korrupsiya halları, mətbuatımızın başbəlası «reket» jurnalistikası və bunlarla mübarizə ilə bağlı verdiyi təkliflərlə yekunlaşdırıb: «Ümumən rüşvət və korrupsiya hallarına qarşı mübarizə günümüzün tələbidir. Mübarizə həm qanunda nəzərdə tutulanları əsas götürməklə, həm də bir ictimai qınaq metodlarından yararlanmaqla aparılmalıdır. Hesab edirəm ki, Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Azərbaycan Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay öncə biz Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının tərkibini genişləndirdik. Komissiyaya dövlət qurumlarının təmsilçilərini də cəlb etdik. Çünki bilirsiniz, «reket jurnalistika» təkcə mətbuatın deyil, bütövlükdə cəmiyyətin bəlasıdır. Onun əsasında təmənnalı münasibət dayanır. Burada da iki qütb iştirak edir. Onlardan biri rüşvət alandırsa, birincisi də rüşvət verən. Hesab edirəm ki, dürüst fəaliyyəti olan heç kəs rüşvət verməz, yaxud hansısa nalayiq sövdələşmələrə getməz.

Ümumən sonda bir daha deyim ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri müsbət qiymətləndirirəm və dəstəkləyirəm».

 





31.05.2017    çap et  çap et