Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, ilkin mərhələdə qeydiyyatdan tez və ya gec keçmək önəmli deyil: «Bu mərhələdə qeydiyyatdan keçmək zamanı sosial mənzil almaq imkanlarına təsir göstərmir. Belə ki, sosial evlərə elektron müraciətin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni birinci mərhələdə tez müraciət vacib olmasa da, ikinci mərhələdə «ilk müraciət ilk mənzil» prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir. Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hamısının qeydiyyatdan keçməsinə ehtiyac var».
İqtisadçı qeyd edib ki, hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var: «Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif edilsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb, hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar».