Xəbərlərə görə ölkənin dağlıq və dağətətəyi bölgələrinə tez-tez dolu düşməsi nəticəsində fərdi və fermer təsərrüfatlarına, meyvə bağlarına, əkin-səpinə ciddi zərər dəyib.
Göydən yaşan bir parka buzla ilboyu əziyyət çəkdiyi məhsulu zay olan fermerlər çıxılmaz durumdadırlar. Ekspertlər hesab edir ki, havaların bu il də əlverişsiz keçməsi payızda kənd təsərrüfatının bir çox sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.
Məsələn, dünən Şəkiyə yağan güclü leysan, ardından doluya çevrilib, taxıl sahələri və meyvə bağlarına ciddi ziyan dəyib. Fermerlər alça, gilas, ərik ağaclarının məhv olmasından şikayətçidirlər. Dolu nəticəsində zərər çəkən rayonlardan biri də İsmayıllıdır. Dolu rayonun 10 kəndində meyvə-tərəvəz, tütün, üzüm və taxıl sahələrinə ciddi ziyan vurub. «Bostanda kartof, soğan, sarımsaq zay oldu, meyvə ağaclarında yarpaq qalmadı», - Qoşakənd kəndinin sakini Əskər Məmmədov bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon şöbəsindən isə dəymiş zərərin müəyyənləşdirildiyi deyilib. İlkin məlumatlara görə 510 hektar taxıl sahəsi zərər çəkib. Həmçinin üzüm, bostan sahələrində məhsul məhv olub. (ARB.tv)
Virtualaz.org saytına fermerlər tərəfindən daxil olan müraciətlərdə isə Quba-Qusar bölgəsində dolu və aramsız yağışlar nəticəsində meyvə bağlarına zərər dəydiyi, alça, ərik, gilas ağaclarının məhv olduğu bildirilib. Dolu Gədəbəy, Daşkəsən və Tovuzda kartof sahələri məhv olub. Nəticədə məhsuldarlıq aşağı düşüb. Gədəbəy sakinlərindən aldığımız məlumatlara görə, güclü dolu onların həyətyanı kartof sahələrini və digər əkinlərini, o cümlədən bağ-bağatı sıradan çıxarıb.
«Kartofun ikinci becərməsini təzə başa çatdırmışdıq ki, qəfildən göydən buz parçaları yağdı, kartof sahəsini qara şuma çevirdi, çətin ki bu gedişlə bitki təzədən özünə gəlsin, məhsul versin. Ötən il də ara vermyən leysan yağışlar üzündən məhsulumuz zay olmuşdu»-rayon sakinlərindən biri deyir.
Qeyd edək ki, virtualaz.org saytı bundan əvvəl dolunun təsərrüfatlara vurduğu ziyanın aradan qaldırılması üçün doludağıdan topların alınması və aqrar sığorta probleminə toxunub. Lakin hələ ki doludağıdan topların alınması təklifi elə təklif olaraq qalıb.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin rəhbəri İmran Cümşüdov deyir ki, nazirliyin yerlərdəki mütəxəssisləri mütəmadi monitorinq aparır və nazirliyə gündəlik məlumat verirlər: «Təbii fəlakətin məhsul istehsalına vurduğu zərər müəyyənləşdirilir. Ötən gün İsmayıllı və Tərtərdə bir neçə kənddə təsərrüfatlara ziyan dəydiyi müəyyənləşdirilib».
Şöbə müdiri əlavə edir ki, onların proqnozlarına görə yağan dolu məhsul istehsalına ciddi təsir göstərməyəcək. Çünki bir neçə təsərrüfatın ziyan çəkməsi ciddi problem yaratmır. «Gədəbəyin bir neçə kəndində 2-3 təsərrüfat zərər çəkə bilər. Bununla da kartof istehsalının azalacağını söyləmək olmaz. Əksinə hava şəraitinin belə keçməsi taxıl, pambıq, qarğıdalı və soyanın istehsalına müsbət təsir edəcək», - İ.Cümşüdov deyib.
Cümşüdov fermerlərə əkin sahələrinin sığorta etdirilməsini məsləhət görür. Baxmayaraq ki, sığorta şirkətləri risqin çox olduğunu əsas gətirərək kənd təsərrüfatının sığortasına maraq göstərmirlər. İ.Cümşüdov əlavə edir ki, sığorta sahəsində problemlərə baxmayaraq hələlik yeganə çıxış yolu sığortadır.