Vaxt.Az

«İmtahan fırıldaqçıları» ilə orijinal mübarizə


 

Efiopiyada internet bloklanılıb

«İmtahan fırıldaqçıları» ilə orijinal mübarizə Efiopiyada bütün ölkə üzrə internetə çıxış bloklanıb. Məqsəd dövlət imtahanı suallarının kənara sızmasının qarşısını almaqdır, hökümət sözçüsü Məhəmməd Seid «Reuters» agentliyinə bildirib.

Onun sözlərinə görə, bu addım «keçən illər müşahidə edilmiş sızmaların qarşısını almaq üçün» atılıb.

2016-ci ildə dövlət qəbul imtahanlarının sualları internetdə yayıldığına görə, ölkənin sosial media şəbəkələrinə çıxış qapadılmışdı.

Lakin bəziləri bu cür izahatları sual altına alır.

Efiopiyada dövlət imtahanlarının keçirilməsi kampaniyası iyunun 8-də başa çatacaq.

Məhəmməd Seidin sözlərinə görə bloklanan yalnız sosial media saytlarıdır.

Lakin Efiopiyadakı mənbələr BBC-ə bildiriblər ki, internetin bloklanması daha geniş miqyas alıb - mobil telefon xətləri və birbaşa internet bağlantılarda da internetə çıxış mümkünsüz olub.

Oktyabr ayında hökümət əleyhinə etirazlar başlayandan bəri Efiopiyada fövqəladə vəziyyət rejimi davam etməkdədir.

Bir neçə həftə bundan əvvəl də mobil rabitə vasitələrinin internetə çıxışında kəsilmələr müşahidə olunmuşdu.

Çümə axşamı günü, BBC, Efiopiyada hökümətə məxsus vebsayta girə bilməyib. Eləcə də ölkədə rabitə xidmətlərinin yeganə provayderi olan Ethio Telecom şirkətinin saytına daxil olmaq mümkünsüz olub.

«Google»dan əldə olunan məlumata əsasən, çərşənbənin günortasından başlayaraq Efiopiyanın «Google» xidmətlərinə aid internet trafikində ciddi azalma müşahidə olunub.

 





01.06.2017    çap et  çap et