Vaxt.Az

ATƏT-də sədr böhranı yaşanacaqmı?


 

Rusiya Maydan hərəkatının memarı hesab edilən Ştefan Fülenin baş katib seçilməsinə qarşıdır

ATƏT-də sədr böhranı yaşanacaqmı? ATƏT-də sədr məsələsində ciddi böhran yaşana bilər. Kreml quruma sədrliyə əsas namizəd kimi qeyd olunan Ştefan Fülenin yeni baş katib seçilməsinə qarşı çıxıb. Bu ayın sonunda qurumun indiki rəhbəri Lamberto Zanyerin səlahiyyət müddəti başa çatır. Onun səlahiyyət müddəti 2014-cü ildə başa çatsa da, daha üç illiyinə səlahiyyəti artırılıb. Hazırda çox aktiv şəkildə italyan sədrə əvəz axtarılır. İndiyə qədər beş nəfərin adı bəlli olsa da, favorit iki nəfərdir. Bunlar Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq məsələləri üzrə komissarı, çex Ştefan Füle və İsveçrənin inkişaf və əməkdaşlıq üzrə agentliyinin direktor müavini Tomas Qreminqerdir.

Qalibin adı ATƏT üzvləri arasında konsensus və məsləhətləşmələr aparıldıqdan sonra bəlli olacaq. Yəni 57 üzv dövlətin hamısı buna razılıq verməlidir. Lakin bəlli olan odur ki, Rusiyada bu namizədə qarşı çox sərt mövqe var və nəyin bahasına olursa-olsun onun seçilməsini istəmirlər. Onlarla yanaşı, Qazaxıstanın sabiq xarici işlər naziri, hazırda Britaniyada bu ölkəni təmsil edən Erlan İdrisov, ATƏT PA-nın keçmiş sədri, finlandiyalı İlkka Kanerva və Belarusun Avstriyadakı səfiri Yelena Kupçinanın da adı çəkilir. Rusiya tərəfi məhz belaruslu namizədi dəstəkləyir. Rusiya nəşrləri iddia ediblər ki, xanım namizədin şansı əvvəl elə də pis deyildi. Lakin gender faktoru səbəbindən bu, baş tutmayıb. Belə ki, təşkilatın tarixində hələ qadın sədr olmayıb. Qeyd olunur ki, Minskdə müxalifətin aksiyasının polis gücünə dağıdılmasından sonra bir sıra ATƏT üzvü olan ölkələr bəyan ediblər ki, Minskə qarşı mövqeləri dəyişib. Bu səbəbdən də Füle və Qreminqer favorit hesab edilirlər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan Füle 2010-2014-cü illərdə Avropa İttifaqının komissarı vəzifəsində çalışıb, «Şərq tərəfdaşlığı» layihəsini icra edib. Bu proqram Aİ-nin altı postsovet respublikası - Аzərbаycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrаyna ilə inteqrasiyasını nəzərdə tutur. Bu müddət ərzində o, Ukraynadakı münaqişənin həllində də yaxından iştirak edib. Bu ölkə ilə 2013-cü ildə Assosiativ sazişə imza atıb. O ki qaldı Qreminqerə, bu şəxs də Ukrayna problemi ilə məşğul olub. ATƏT-də çalışan diplomatlar bu şəxsin şansını yüksək qiymətləndirirlər. «Fülenin tərəfində isə nüfuz və məşhurluğu var. Güclü siyasətçidir, Aİ-də və onun hüdudlarından kənarda yaxşı tanınır», - deyə ATƏT-in tərkibində fəaliyyət göstərən və adının çəkilməsinin istəməyən milli nümayəndələrdən biri bildirib. Lakin mənbə bildirib ki, Füle yaxşı diplomat olsa da, qurumdaxili məsələlərdən o qədər də xəbərdar deyil: «Moskva yaranmış vəziyyətdə isveçrəli Qreminqerə dəstək verir».

«Kommersant»ın müraciət etdiyi ekspertlər bildirirlər ki, Füle əvvəl səsləndirdiyi bəyanatlarda antirusiya mövqe nümayiş etdirib. Söhbət Rusiyanın da narazılıqla və qısqanclıqla qarşıladığı «Şərq tərəfdaşlığı» proqramından gedir. Məhz Füle bu ideyanın müəlliflərindən biri hesab edilir. Ukraynada Rusiyanın hərbi müdaxiləsinə qarşı çıxıb, Avropa İttifaqının şərqə doğru genişlənməsi ideyasının müəllifi olub. Əksəriyyət onu Rusiya üzrə baş mütəxəssis hesab edir. «Moskvada onu Ukraynada baş verən Maydan hərəkatının memarı adlandırırlar. Bu səbəbdən də onun ATƏT sədri kimi fəaliyyət göstərməsi yolverilməzdir», - deyə Karnegi Moskva Mərkəzinin eksperti Aleksandr Qabuev bildirib. O deyib ki, Moskva sona qədər Fülenin namizədliyinə qarşı çıxacaq. Əgər iyunun 30-da keçiriləcək iclas zamanı konsensus əldə olunmasa, onda Zanyerin daha bir müddətə sədr təyin olunması məsələsi ortaya atıla bilər. Beynəlxalq əlaqələr üzrə Rusiya Şurasının rəhbəri Andrey Kortunovun sözlərinə görə, ATƏT kimi beynəlxalq strukturlarda baş katibin səlahiyyətləri müəyyən çərçivələrdə məhdudlaşıb. Lakin şəxsiyyət faktoru hər zaman təşkilatda əhəmiyyətli rol oynayır. Ekspert xatırladıb ki, bu gün ATƏT «ümumavropa xarakteri» daşıyan yeganə təşkilatdır və bu səbəbdən də Rusiyanı məhz onun prinsiplərinə üstünlük verməyə çağırıb.

 





02.06.2017    çap et  çap et