«Hər bir gəncin pulu da, «dayday»ı da onun biliyidir»
Vizam.az şirkətinin təsisçisi Baba Ağayev düşünür ki, hər bir gənc 10-11-ci sinifdən bilməlidir ki, 10 il sonra harada olmalıdır: «Ən çətini budur. Bunu hər insan bacarmır. Amma bunu bacaran insanlar həyatda uğur qazananlardır. Məsələn, 10-cu sinifdə qarşına məqsəd qoyursan ki, mən İT sahəsində dünyada ən tanınmış şirkətlərdən birində işləyəcəyəm. Buna uyğun olaraq birinci kursdan sertifikatları almağa başlayırsan. Artıq universiteti bitirəndə hazır kadr olursan. Çox adam deyir ki, insanın uğur qazanması və yaxşı vəzifədə işləməsi üçün pulu və ya «daydayı» olmalıdır. Amma hər bir gəncin pulu da, «daydayı» da onun biliyidir. Əgər sən öz sahəni mükəmməl bilirsənsə və öz üzərində işləməyi bacarırsansa, mütləq uğur qazanacaqsan. Müəyyən yaş qrupu var ki, həmin qrupda mümkün qədər daha çox öyrənməlisən. Ondan sonra öyrəndiklərini tətbiq etməlisən. Bu yaş qrupu 20-25 yaş arasıdır. Bu yaş ərzində nə qədər çox öyrənsəniz, gələcəkdə onu çox tətbiq edəcəksiniz. Ətrafımda məndən qat-qat daha ağıllı gənclər var. Sadəcə, düzgün vaxtda başlamaq lazımdır və qorxmamalısan».
Biznes təlimçisi, saat kolleksioneri, «Oikos» beynəlxalq təşkilatının Bakı təmsilçiliyinin prezidenti Hüseyn Hümbətov isə hesab edir ki, karyeranın yaşı yoxdur. Hüseyn özü ilk iş həyatına 11 yaşında başlayıb: «Ailədə maddi vəziyyətimiz yaxşı olmadığı üçün 11 yaşında «moyka»da maşın yuyurdum. İlk dəfə 5 manat qazandım. Sevincimin həddi-hüdudu yox idi. O 5 manatı sevinə-sevinə anama apardım. Daha sonra Dərnəgüldə fəhlə bazarında işlədim. Çayxanada çayçı, kafedə ofisiant kimi çalışdım. İşləmək, zəhmət çəkmək məni heç vaxt yormur və hər vaxt işimdən həzz almışam».
Hüseyn hesab edir ki, məhz uşaq yaşlarından işləməsi onu zəhmətə, əməyə alışdırıb və bu gün 22 yaşında olmasına baxmayaraq, karyerasında istədiyi yerə gəlib.
«Karyera hədəfləməyən işçi heç kimə lazım deyil»
Şəxsi inkişaf, natiqlik və karyera üzrə təlimçi Tofiq Sadıxova görə, isə karyera anlayışı bizə səhv təbliğ edilib. Həmsöhbətimiz bildirdi ki, bizim üçün karyera deyəndə aşağı əmək haqqı ilə dövlət idarələrində işləyən insanlar nəzərdə tutulub: «Ancaq karyera istənilən işdə var və bu mütləqdir. İstər öz şəxsi biznesini qur, istər hansısa şirkətdə işlə və ya dövlət orqanında işlə - karyera anlayışı dəyişməz olaraq qalır. Karyera yüksələn xətdir, hədəfdir, məqsəddir. Necə ki, «general olmaq istəməyən əsgər əsgər deyil» deyiriksə, eləcə də karyera inkişafı istəməyən, hədəfləməyən işçi heç kimə lazım deyil. Hər bir insan öz üzərində işləməli, bilik və bacarığını daim artırmalıdır ki, karyera dəyişikliyinə iddia edə bilsin. Karyera qurmaq isə yaşa baxmır. Gənc kadrların tez bir müddətdə yuxarı vəzifələrə təyinat almaqları kimlərə görəsə «yəqin adamı var» yanaşmasıdırsa, reallıqda isə bu gərgin əməyin, zəhmətin və cəsarətin nəticəsidir. Nə qədər ki orta və daha yuxarı yaş insanlar öz bilik və bacarığını artırmaq istəməyəcək, o zaman gənclər müasir idarəetməni, texniki yenilikləri, xarici dil biliklərini artırıb daha da irəli gedəcəklər. Artıq «qırmızı diplom» dövrü bitmək üzrədir, müasir karyera yüksəlişi heç də kimin haranı bitirməsini yox, kimin nəyi bacarıb-bacarmadığını soruşur. Çünki müasir dünya tələbləri bunu tələb edir. Karyera qurmaq – heç də 45-50 yaşında şöbə müdiri olmaq deyil, karyera qurmaq düzgün hədəf, istiqamət müəyyən etmək və ona doğru irəliləməkdir. Əgər insan qarşısına bir məqsəd qoyub hər gün o məqsəd üçün nələrsə edirsə, o zaman bütün ətraf aləm onun bu hədəfə çatması üçün səfərbər olur. Uğur təsadüfən gəlmir heç vaxt. Əzm, iradə və zəhmətin bəhrəsində uğura çatır. İş həyatının uğuru da karyera yüksəlişidir. Karyeraya başlamağın isə yaşı olmur».
«Qırmızı diplomlu»lar dövrü yerini bacarıqlılara verməkdədir»
Karyeranın yaşına gəldikdə isə müsahibimiz deyir ki, hər bir gənc kiçik yaşlarından əməyə alışdırılmalıdır: «Avropada valideynlər məktəbli övladlarını yay aylarında işləməyə göndərirlər. Bizdə də bu ənənə Sovetlər birliyi zamanı olub, yay aylarında atalarımız, analarımız sovxozlarda işləyiblər, kimi pambıq yığıb, kimi də meyvə yeşiklərini hazırlayıb. Bunun əvəzində də az miqdarda məvacib əldə ediblər. Öz qazandıqları pullarla özlərinə dondurma, şirniyyat almağın zövqünü yaşayıblar. Ancaq bu gün kimsə övladını yayda işləməyə göndərərsə, qınaq obyekti ola bilər – çünki yalnız ehtiyacı olanların övladları işləyir düşüncəsi var. Lakin burda başqa bir vacib məqam gəncin kiçik yaşlarından zəhmətə alışması, öz zəhmətinin qarşılığını qazanması və qazandığı məbləğdən düzgün istifadə etmək bacarığının formalaşması da var. Bu, həm də ilkin maliyyə savadlılığıdır. Bu gün əhalinin böyük əksəriyyətinin banklara borclu olması, işsiz insanların hələ də qazanc yeri tapmamasının kökündə həm də bu amil durur. 20-25 yaşına qədər xərclədiyi pulu evdən alan və pulu necə qazanmağın yollarını bilməyən gənclər daha sonra ailə başçısı olarkən də ciddi çətinliklə qarşılaşırlar. Biz elə düşünürük ki, universiteti bitirməmiş işləməyə ehtiyac yoxdur. Ola bilər maddi baxımdan kiminsə ehtiyacı olmasın, ancaq işləmək təkcə pul qazanmaq deyil, işləmək kollektivlə iş, ünsiyyət, rəsmiyyət, ciddilik, məsuliyyət kimi bacarıqların formalaşmasına təkan verir. Yuxarıda qeyd etdiyim kimi «qırmızı diplomlu»lar dövrü yerini bacarıqlılara verməkdədir. Bir gənc nə qədər tez işləməyə başlayarsa bir o qədər çox təcrübəsi olmuş olacaq. İşləmək istəyən gənc üçün isə hər yerdə iş var. Könüllülükdən başlayaraq, yarım gün iş, assistantlıq, «frilans» dediyimiz sərbəst iş və ən nəhayət tam iş. Bunlardan hansından başlamanızdan asılı olmayaraq, Siz həmyaşıdlarınızdan bir addım öndə olmuş olursunuz. Sabah başqa namizədlər iş müsahibəsinə təkcə diplomla gedirsə, gənc yaşlarından işləyən biri diplomdan əlavə çox dəyərli iş təcrübəsini də özü ilə aparır. «Bizdən təcrübə istəyirlər deyərək» şikayət etmək əvəzinə vaxtında o təcrübəni əldə etmək lazımdır. Təcrübə isə hər yerdə var, yetər ki gənclər o təcrübəni əldə etmək üçün işləmək istəsin. İşə başlamağın, karyera qurmağın heç bir yaşı, zamanı yoxdur. Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci kursunda oxuduğumuz müddətdə qrup yoldaşımız neft şirkətlərinin birində işə düzəldi. Sıradan bir işə. Dərsləri ilə yanaşı ora da gedib-gəlirdi. Biz universiteti bitirəndə isə o, 4 il ərzində Neft Akademiyasına toplam ödədiyi təhsil haqqı qədər əmək haqqı olan müqavilə imzaladı. Odur ki, gənc yaşından işləməyə, əziyyət çəkməyə qorxmayın. Heç bir əziyyət nəticəsiz qalmır, sadəcə o əziyyəti yarıda qoyan, sona qədər çəkməyənlər olur».
«Uşaq zəhmətə alışmalıdır»
Sosial psixoloq Əhəd Kazım isə deyir ki, uşağın zəhmətə alışdırılması valideyndən asılıdır. Müsahibimizin sözlərinə görə, hələ uşaq yaşlarından valideyn məişət daxilindəki bəzi işlərə övladlarını cəlb etməlidir: «Sosial baxımdan cəmiyyətə inteqrasiya çox önəmlidir. İnsan nə qədər tez iş fəaliyyəti ilə məşğul olursa, o qədər yaxşıdır. Bu o demək deyil ki, uşaq hansısa ağır işlə məşğul olub pul qazansın. Məsələn, evdə valideyn uşağa iş buyurmalı, onu zəhmətə alışdırmalıdır. Məktəbli olduqdan sonra isə 15 yasında müxtəlif təşkilatlarda işləməlidir. Uşaqlarda ünsiyyətdə olmaq qabiliyyəti, iş bacarıqları o vaxtdan formalaşır. Bəzi insanlar düşünür ki, imkanım varsa, övladımın işləməyinə ehtiyac yoxdur. İmkanlı ailənin uşağı belə, cəmiyyətə inteqrasiya etmək və sosial vərdişlərə yiyələnmək üçün işləməlidir».
Müsahibimiz 15 yaşından kuryer işləyib: «15 yaşımda yayda kuryer işləyirdim. Hətta yaşım az olduğu üçün işə qəbul etmirdilər. Ərizə yazıb məni işə qəbul etmələrini xahiş etmişdim. Bu, mənim üçün çox yaxşı təcrübə idi. Düzdür, böyük pul qazanmırdım, amma mənə kifayət edirdi. Yuxarı siniflərdə valideynlər uşaqları motivasiya etməlidirlər ki, yay vaxtında da, könülü işləsinlər».
Bəs beynəlxalq təcrübədə necədir?
Mühəndis Seymur İlyasovbizimlə beynəlxalq təcrübəni bölüşdü. Həmsöhbətimiz deyir ki, beynəlxalq səviyyədə qəbul edilmiş qanuna görə, insan 8 mərhələli karyera yolu keçir: «Bunun ilk 4 mərhələsi uşaqlıq dövrünə təsadüf edir. Məhz uşaq o dövrdə hansı qərarı versə, növbəti 4 mərhələni onun üzərində inşa edəcək. Xarakter, özünə inam, yaddaş, ətrafı analiz etmə qabiliyyəti, uşaq vaxtı formalaşır. Uşaqlıqdan valideyn övladının nəyi bacara biləcəyini kəşf etməli və onu müəyyən işlərlə maraqlandırmalıdır. Birinci 4 mərhələdə uşaq istiqamətləri öyrənməli, ondan sonrakı 19 yaşa qədər olan mərhələdə isə özünə yol seçməlidir. Bu da artıq karyeranın bel sütunudur. Orta məktəbdə oxuyarkən artıq istiqamət bəlli olmalıdır. Ən geci 8-ci sinifdə oxuyanda uşaq artıq öz sahəsini müəyyənləşdirib, real işi öyrənməlidir».