Vaxt.Az

Qoyunların ağrı çəkməsini qeyd edən proqram hazırlanıb


 

Yeni sistem heyvanın ağqrısı barədə fermerə məlumat verəcək

Qoyunların ağrı çəkməsini qeyd edən proqram hazırlanıb «The Daily Telegraph» yazır ki, yenicə yaradılmış süni zəka proqramı qoyunların üzündəki beş müxtəlif ifadədən heyvanların ağrıdan iztirab çəkib-çəkmədiklərini müəyyən ediblər. Bu sistem qoyunlar üçün qoyulmuş su axurlarının üstündə xüsusi kameraların quraşdırılmasını nəzərdə tutur.

Yeni sistem axura yaxınlaşan qoyunun ağrı keçirib-keçirmədiyini fermerə xəbər verir və beləliklə ağrının səbəbi olan xəstəliyə və ya zədəyə qarşı çarə edilir.

Məqalədə deyilir ki, bu sistemdən başqa heyvan növlərinin də ağrılarını müəyyən etmək üçün istifadə oluna bilər.

Alimlər inanırlar ki, gələcəkdə bu sistemin köməyi ilə gəmiricilərin, ev heyvanları və ya atların da ağrısını müəyyən etmək mümkün olacaq.

«Cambridge» Universitetinin Kompüter Laboratoriyasından professor Peter Robinson deyir ki, heyvanlarla insanların üz ifadələri barədə ilk müşahidələri Darvin aparıb. O yazırdı ki, insanlar və heyvanlar emosiyalarını heyrətamiz şəkildə eyni tərzdə ifadə edirlər.

Professor deyir ki, alimlər məhz bu müşahidədən nəticə çıxarıblar. Onlar düşünüblər ki, insanda olduğu kimi heyvanlarda da üz ifadələri olmalıdır.

Alim deyir ki, kənd yerlərində çox olub və dəfələrlə ayaq saxlayaraq qoyunlarla «söhbət» edib. Onun məqsədi heyvanların üzündə hər hansı ifadənin olub-olmadığını aşkarlamaq idi.

Tədqiqatçıların yaratdığı alqoritm ağrının işarələrinə - gözlərin daralmasına, yanaqların sıxılmasına, qulaqların sallanmasına, dodaqların gərilməsinə və burun pərlərinin dəyişməsinə diqqət yetirir.

Araşdırmada iştirak etmiş başqa bir alim - professor Marva Mahmud deyir ki, diqqətlə nəzər yetirdikdə ağrı çəkən qoyunla ağrı çəkən insanın üzündə eyni ifadələri görmək mümkündür.

«The Telegraph» yazır ki, şablon ifadə modellərini cizgiləmək üçün «Cambridge» alimləri 500 qoyunun fotolarını təhlil ediblər. Bu işdə onlara baytar həkimlər də kömək ediblər.

Alimlər deyirlər ki, qoyunların üzündəki ağrılı işarətlər ən müxtəlif xəstəliklərdən xəbər verir və bu ifadələrin öyrənilməsi, diaqnozun tez bir zamanda qoyulmasına xidmət edə bilər.

 





02.06.2017    çap et  çap et