Vaxt.Az
AXCP də getdi
Cəbhəçilər partiyalarını İP-dən aldılar
“Milli Şura yaranandan sonra İctimai Palata (İP) ömrünü başa vurmuş hesab edilir. Milli Şura yaranmamışdan öncə də İP-in hər hansı tədbiri keçirilmirdi, sessiyası çağırılmırdı. İP missiyasını başa vurub”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, İctimai Palatanın hər hansı işlək strukturu yoxdur: “Ona görə də İctimai Palataya tarixin bir parçası kimi baxa bilərik. Bu gün faktiki olaraq, belə qurum mövcud deyil”.
F.Qəhrəmanlı qeyd edib ki, İctimai Palatanın sessiyasının keçirilməsi mümkün deyil: “İP sessiyası keçirilə bilməz. Çünki sessiyanın çağırılması üçün yetərsay olmalıdır. Sessiyanın çağırılmasına birtərəfli qaydada belə cəhd olunsa, mümkün olmayacaq. Yetərsayı təşkil edən insanlar o qurumun mövcudluğunu qəbul etmirlər”.
AXCP funksioneri qeyd edib ki, hazırda əsas diqqət Milli Şuranın üzərindədir: “Müsavat Partiyasının Milli Şurada olduğu dövrdə də demişik ki, əsas aparıcı qurum Milli Şuradır. Paralel strukturları saxlamağa ehtiyac yoxdur. İctimai Palata missiyasını başa vurduğuna görə onu yenidən dirçəltməyə ehtiyac yoxdur”.
08.01.2014 çap et