Vaxt.Az

Prezidentin dostu «vor zakon» olanda...


 

... Yoxsa «prezident» ləqəbli qanun oğrusu

Prezidentin dostu «vor zakon» olanda... Ötən ay mayın 13-də Çexiyanın Karlovı-Varı kurort şəhərində polisin MDB-dən olan bir qrup criminal avtoritetin «sxodkası»ına basqın edərək iştirakçıları saxlaması ilə bağlı qalmaqalın yeni təfərrüatları məlum olub. Xatırladaq ki, həmin «sxodka»nın iştirakçılarından biri də erməni əsilli nüfuzlu rusiyalı biznesmen, eyni zamanda kriminal avtoritet və «Ded Xasan»ın Soçi üzrə «smotryaşisi» olan Ruben Tatulyan («Robson») idi. Həmin Tatulyan ki, onun erməni hakim elitası ilə sıx əlaqələri var və fotolarda prezident Serj Sərkisyanla yanaşı dayanıb.

Virtualaz.org xəbər verir ki, Çexiya polisinin həmin «sxodka»da Tatulyanı da saxlaması barədə xəbərlər yayılandan sonra bu erməni kriminal avtoritet bütün gücüylə xəbəri təkzib etməyə çalışdı. Karlovı Varıya sadəcə istirahət üçün getdiyini və heç bir «sxodka»da iştirak etmədiyini bildirdi.

Bu da təsadüfi deyil. «Robson» son vaxtlar imicini dəyişməyə çalışır və istəyir ki, onun barəsində «kriminal avtoritet» və bandit kimi yox, iri biznesin hörmətli nümayəndəsi, xeyriyyəçi iş adamı kimi danışsınlar. Lakin bu, elə də asan deyil.

Primecrime.ru saytının yazdığına görə «Robson» həmin «sxodkada» iştirakını israrla təkzib etsə də onun saxlanılan kriminal avtoritetlərlə birlikdə olduğunu təsdiqləyən yeni faktlar var. Belə ki, Tatulyandan başqa həmin «sxodka»da cəmi 7 nəfər iştirak edib. Onlar «Gela» ləqəbli Gela Kardava, hansı ki, Oleq Qolomba adına saxta pasportla tutulub, «Giya Kutaisski» ləqəbli Qayoza Zviadadze və Oleq Zabrodin, habelə 48 yaşlı Andranik Mumcuyan, 30 yaşlı Artur Kardaqayev və 40 yaşlı Vaçaqan Taşyandır.

Çexiya hüquq-mühafizə orqanlarının bildirdiyinə görə «Grand Hotel Pupp» otelində keçirilən «sxodkanı» məhz Tatulyan maliyyələşdirmişdi. Toplantıda Mumcuyan, Taşyan və Kardaqayevin «vor zakon» tituluna namizədliyi müzakirə olunurdu. Karlovı Varı polisinin mətbuat katibi Katerjina Bemova həmin «sxodka»nın iki iştirakçısının saxlanıldığını, qalanların, o cümlədən Tatulyanın sənədləri yoxlanıldıqdan sonra buraxıldığını deyib. Belə ki Tatulyan saxlanılarkən Ermənistanın diplomatik pasportunu təqdim edib və polis onun barəsində tədbir görməyib. «Ermənistanın diplomatik pasportuna malik olan Ruben Tatulyanın hüquqları pozulmayıb, habelə onun hərəkət azadlığı heç bir halda məhdudlaşdırılmayıb», - Bemova bildirib.

Beləliklə, Çexiya polisi Tatulyanın «sxodka»da olduğunu rəsmən təsdiq edib və Sərkisyanın dostunu saxlanılmaqdan Ermənistan dövlətinin diplomatik pasportu xilas edib. Hansı ki, Rusiyada erməni kriminal avtoritetlərə kütləvi şəkildə Ermənistan dövlətinin diplomatik pasportlarının verildiyi məlumdur və bu barədə erməni KİV-ləri artıq yazıb.

Tatulyan kriminal avtoritet olmaqla yanaşı həm də Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelinin köməkçisidir, Soçi şəhər güləş Federasiyasının prezidentidir. O, «Vesna» SPA-hotelinin, «Novıy Vek Media» şirkətinin və Soçidə çoxsaylı kommersiya obyektlərinin sahibidir.

«Robson» habelə Ermənistan investorları Klubunun üzvüdür. Hansı ki, baş nazir Karen Karapetyan və erməni mənşəli rusiyalı milyarder Samvel Karapetyan da bu klubda «Robson»la çiyin-çiyinədir. Habelə fotolardan birində «Robson» Ermənistan prezidenti Serj Sərkisyanla və oliqarx Qaqik Tsarukyanla («Tupoy Qaqo») ilə birlikdədir. Digər fotoda isə biz onu «Ded Xasan»la eyni masa arxasında görürük.

Ermənistan hakim elitasının, şəxsən prezident Sərkisyanın criminal avtoritetlərlə sıx bağlılığı haqda bundan əvvəl də dəfələrlə faktlar açıqlanıb, yazılıb…

 





02.06.2017    çap et  çap et