Vaxt.Az

«Yeganə» şadlıq evində nə baş verib?


 

«Məni restoranda soyuducuya salmaq istədilər, 3 gün saxladılar»

«Yeganə» şadlıq evində nə baş verib? Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Məhkəmə iclası «8-ci kilometr» bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsini iddia edən zərərçəkmiş Cəfər Səfərovun iddiası üzrə epizodun araşdırılması ilə davam etdirildi.


«Xalq Cəbhəsi dövründə vəziyyət ağır idi, kartof satırdım»


Şahid Əlisa Məhərrəmov ifadəsində bildirdi ki, Cəlilabad rayonundandı və Səfərov qardaşları ilə yaxın münasibəti vardır. Səfərov qardaşlarının zamanında bazarda nəzarətçi işləyib. 2005-ci ilin dekabrında MTN işçiləri bazara gələrək Qəhrəman Səfərovu və Əyyub kişini nazirliyə aparıblar. Onun sözlərinə görə, həmin günü qardaşlardan Salman Səfərovu ümumiyyətlə görməyib, gecə saatlarına qədər MTN-in həyətində iş yoldaşlarını gözləyib və onlar çıxandan sonra öyrənib ki, əməkdaşların saxlanılmasında məqsəd bazarın onların əllərindən alınması olub və MMC-nin rəhbərliyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqəli olmaqda təqsirləndirilib. Lakin şahid Əlisa Məhərrəmov istintaqda verdiyi ifadəsini tam dəqiqliyi ilə təkrarlayaraq bazarın MTN tərəfindən Səfərov qardaşlarının əlindən alınması barədə bildiklərinin hamısını danışsada, ancaq bazarın Səfərov qardaşları tərəfindən Çingiz Əsədovdan necə alındığından, pulun Çingizə necə verilməsindən xəbərsizdir.

Növbəti şahid Arif Abasov bildirdi ki, «8-ci kilometr» bazarının yaxınlığında yerləşən binada yaşayır və 2005-ci ilin dekabrında həyətdəki səs-küyə aşağı düşüb. A.Abbasovun sözlərinə görə, hadisə şahidləri ona bildiriblər ki, MTN əməkdaşları gələrək, «cəlilabadlılar»ı aparıblar və bazarı onların əlindən alırlar. Bazarın fəaliyyətinə nə qədər aidiyyatının olub-olmaması barədə suala şahid belə cavab verdi: «Xalq Cəbhəsinin hakimiyyəti dövründə vəziyyət ağır idi, bir müddət orada kartof satmışam». Şahid Arif Abbasov baş vermiş hadisələrin təfərrüatlarından xəbərsiz olduğunu dedi. Şahid ifadə verərkən ilk öncə Səfərov qardaşları ilə olam münasibətini gizlətməyə çalışsada, ancaq vəkillər onun istintaqda verdiyini ifadəsində qardaşlarla çox yaxın münasibətinin olduğunu, uzun müddət bazarda işlədiyini, qardaşlar üçün təmizlik işləri gördüyünü və hərdən onlara yemək hazırladığını dediyini xatırlatdıqdan sonra şahid istintaqda dediklərini təsdiq etdi.

Şahid Səyavuş Mirzəyev bildirdi ki, zərərçəkmiş Salman Səfərovun bacanağıdır və Salmanla uşaqlıq dostudur. Həmçinin bazar Səfərov qardaşlarında olanda bazarda nəzarətçi işləyib. O, demək olar ki, ittiham aktında və ifadəsində olan faktları sadaladı və dövlət ittihamçıları və vəkilləri maraqlandıra biləcək yeni heç nə demədi. Şahid ifadəsi yalnız onunla yadda qaldı ki, Səyavuş Mirzəyev ondan əvvəl ifadə verən Əlisa Məhərrəmovun dediklərini təkzib edərək Cəfərlə Qəhrəman MTN-də olanda Nazirliyinin önündə Əlisa Məhərrəmovun deyil, özünün və yalnız dostları Nurlanla Vüqarın gözlədiyini bildirdi. Digər maraqlı məqam isə şahidin istintaqda verdiyi ifadəsində Salman Səfərovun da MTN-ə aparılması və orada döyülərək ona işgəncələr verilməsi barədə dediklərini təkzib etməsi, adından yazılanların doğru olmadığını deməsi oldu. Vəkillər şahidə xatırlatdılar ki, o, istintaqda Salmanla bağlı təxminən bir vərəq həcmində ifadə verib. Şahid həmçinin bildirdi ki, onu heç kim istintaqa ifadə vermək üçün çağırmayıb, özü gedib istintaqda ifadə verib.


İttiham aktından çıxarış FHN əməkdaşının əlinə necə keçib?


Prosesdə şahid qismində ifadə vermiş Balaş Babayev bildirdi ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində rəis müavinidir və rütbəsi mayordur. Şahidin sözlərinə görə, zərərçəkmiş Salman Səfərovla birlikdə sərbəst güləşlə məşğul olub və 1990-cı illərin əvvəllərindən dostluq münasibətləri yaranıb. Həmin dövrlərdə yarışlara gedəndə onun və digərlərinin xərcini Salman ödəyirmiş.

«Bütün Bakı bilir ki, «8-ci kilometr» bazarı Səfərov qardaşlarının əlindən MTN-in yüksək rütbəli zabitləri tərəfindən alınıb», - şahidin bu sözlərinə replika ilə cavab verən vəkil Şahin Rəfiyev bildirib ki, o da Bakıda yaşayır, ancaq bu məsələdən xəbəri olmayıb.

Vəkillər diqqət yetirdilər ki, şahidin əlində ittiham aktından çıxarışın surəti var və məhkəmədən həmin sənədin şahidə necə ötürülməsinin araşdırılmasını istədilər. Prosesə sədrlik edən hakim Həbib Həsənovun müvafiq sualına cavab verən zərərçəkmiş Salman Səfərov bildirdi ki, ittihamın surətini şahidə özü verib.

«Həmin sənəddə dövlət sirri olan məqamlar ola bilər, bunu sən nəyə görə şahidə vermisən?» – hakimin bu sualına zərərçəkmişin vəkili Zaur İbadov cavab verdi: «İttiham haqqında nə sirr var ki? Demək olar ki, başdan ayağa qədər mətbuatda dərc olunub, hamı da bilir. Burada qeyri-adi nə var?»


Səlim Məmmədovla konvoy arasında qalmaqal


Fasilədən sonra iclasın ikinci hissəsi qalmaqalla başladı. Vəkil Kamandar Nəsibov şifahi vəsatət qaldıraraq hakim Həbib Həsənova bildirdi ki, fasilədə vəkillərə təqsirləndirilənlərlə təkbətək görüşmək imkanı verilməyib: «Konvoyda olan idmançı görkəmli şəxs bildirdi ki, hakimin göstərişi belədir, görüşmək olmaz».

Hakim Həbib Həsənov heç kimə belə göstəriş vermədiyini və konvoyun öz daxili təlimatına uyğun hərəkət etdiyini dedi. Həmçinin konvoyada xəbərdarlıq etdi ki, heç kim onun adından danışmasın, belə bir göstəriş olmayıb.

Elə bu vaxt məhkəmə zalında təqsirləndirilənlərin əyləşdiyi şüşə qəfəsdə təqsirləndirilən Səlim Məmmədovla konvoy üzvü arasında dava düşdü. «Sən bilirsən kiminlə danışırsan? Öz pulumla mənə yemək verirsən, hələ danışmağa dilin də var?» – Səlim Məmmədovun əsəbi səsi eşidildi. Hakim vəziyyəti sakitləşdirməyə çalışdı və buna nail oldu.


«Yeganə» şadlıq evində nə baş verib?


Şahid qismində dindirilən «Yeganə» şadlıq evinin sahiblərindən biri Məmməd Rəhimov istintaqa cəlb edilməsinin səbəblərini anlamadığını qeyd etdi. Onun sözlərinə görə, şərikli rəhbərlik etdiyi şadlıq evi şəhərin tamam başqa istiqamətində yerləşir və onun bu məsələyə heç bir aidiyyatı yoxdur.

Vəkillər şahidə bir sıra kəskin suallar verdilər ki, onlardan bəzilərinə o cavab vermək istəmədiyini bildirdi.


Vəkil Kamandar Nəsibov: Şadlıq evində şərikiniz kim olub?

Şahid: Bunun məsələyə nə dəxli var?

Vəkil: Şərikiniz nə vaxt vəfat edib?

Şahid: 2003-cü ildə.

Vəkil: Bəs indi şərikiniz kimdir?

Şahid: Keçmiş şərikimin oğlu.


Vəkilin «Sizin «8-ci kilometr» bazarının keçmiş sahibi Cavid Əsədovun qardaşının oğurlanmasına aidiyyatınız var?» sualına şahid əsəbi halda «Siz mənə necə adam oğrusu deyə bilərsiniz?» cavabını verdi.

Məmməd Rəhimov digər yönəldici suallara heç nədən xəbərinin olmadığı və bu hadisəyə aidiyyatının olmadığı kimi cavablar verdi.


«Hilal Əsədov bazardakı payını arvadının adına keçirdi»


Şahid Rəşid Mehdiyev 2016-cı ilə qədər MTN-də işlədiyini və hazırda təqaüddə olduğunu bildirdi. Onun sözlərinə görə, 2006-cı ildə keçmiş MTN başçısının müavini, general Hilal Əsədovun tapşırığı ilə generalın yoldaşını müşayiət edib və həmin gün Ənvər Məmmədov «8-ci kilometr» bazarındakı payını qızının adına keçirib.

«Əvvəl «Şəfa» stadionu ilə üzbəüz Vergilər Nazirliyinin binasına getdik, orada sənədlər hazırlandı, daha sonra notariusa yollandıq. Ənvər müəllim yaşlı adam idi, payını qızının adına keçirdi», - şahid bildirib.

Şahid Elçin Məmmədov bildirdi ki, 1996-cı ildən 2000-ci ilə kimi MTN-nin Nizami rayon şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis müavini vəzifələrində çalışıb. Çingiz Əsədovu bazarın sahibi kimi tanıyıb və onunla iş ilə bağlı münasibəti olub. Sonradan MTN-nin Səbail rayon şöbəsinə rəis təyin olunduğu üçün baş verən məsələlərdən xəbəri olmayıb. Prosesin içində olmadığına görə bazarın kimdən-kimə necə keçdiyini bilmir. 2000-2005-ci illərdə MTN-nin Nizami rayon şöbəsinin rəisi Vəli Nağıyev olub. Şahiddən zərərçəkmişləri tanıyıb-tanımadığı soruşulan zaman o bildirdi ki, Səfərov qardaşlarını tanımır, yalnız MTN-nin Cəlilabad şöbəsinin rəisi vəzifəsində çalışarkən zərərçəkmişlərin atası Qürbət Səfərovla rastlaşıb. Belə ki, Qürbət Səfərovun üzərindən şəxsi istifadə miqdarından artıq narkotik vasitə aşkar edilmişdi. Şahid bu sözləri dedikdən sonra dərhal zərəçəkmişlər Salman və Cəfər Səfərov şahidin dediklərinə etiraz edərək, atalarına böhtan atıldığını bildirdilər. Hakim Həbib Həsənov tərəfləri sakitləşdirdi.


«Məni soyuducuya salmaq istəyirdilər», - şahid onu oğurlayanları tanıdı


Şahid Ərsəddin Əsədov qeyd edib ki, «8-ci kilometr» bazarının keçmiş sahibi Çingiz Əsədovun böyük qardaşıdır. Onun sözlərinə görə, qardaşı Çingiz bazarı 2001-ci ildə Səfərov qardaşlarına icarəyə verib. Bundan sonra Səfərov qardaşları bazara qanunsuz sahibləniblər və Çingizə bazara daxil olmağa icazə verməyiblər. Çingiz məhkəməyə müraciət etdikdən sonra məhkəmə Çingizin xeyrinə qərar qəbul edərək bazarda onun fəaliyyətini bərpa edib. Çingiz Əsədov məhkəmə qərarından sonra bazara gediyinin birinci günü zərərçəkmiş Səfərovlar bazarda hər kəsin gözü qarşısında qardaşı Çingizi döyüblər. Sonradan zərərçəkmiş Səfərovlar Çingiz Əsədovu və onun ailəsini axtarmağa başlayıblar.

Həmin vaxt Çingiz və ailəsi Səfərov qardaşlarından gizləndiyi üçün Çingizin «Qara Qarayev» metrosunun yanında olan evində özü qalırmış. Qapını döyən şəxslər özlərini polis əməkdaşı kimi təqdim ediblər. Aşağı düşəndə isə Salman Səfərovla bacanağı Səyavuş Mirzəyevi görüb. Çingizin harda olduğunu öyrənə bilməyəndə Salman Səfərov ilk öncə telefonla kiminləsə danışaraq Çingizin evdə olmadığını deyib, daha sonra isə onu tutaraq «Yeganə» şadlıq evinə gətiriblər. Həmin vaxt orada Səfərov qardaşları və restoranın sahibi Məmməd adlı şəxs olub.

Qeyd edək ki, şahid məhkəmə zalında oturanlar arasından onu döyən şəxslərdən zərərçəkmiş Cəfər Səfərovu və «Yeganə» şadlıq evinin sahibi Məmməd Rəhimovu tanıdı.

Şahidin sözlərinə görə, şadlıq evində Məmməd Rəhimov onun başına tapança ilə çoxlu sayda zərbə endirib, Cəfərin onun xalası oğlu olduğunu deyərək Çingizin harada gizləndiyini soruşub. Lakin o, Çingizin harada olduğunu deməyib. Daha sonra hansı cəzanın verilməsi müzakirə olunub. «Cəfər dedi ki, gəl, onu soyuducuya salaq. Soyuducu iri idi, yəni evlərdə işlədilənlərdən deyildi. Məmməd Rəhimov onunla razılaşmayaraq cavab verdi ki, bu zibili ora salma, yeməkləri də xarab eləyər». Şahid əlavə etdi ki. onu şadlıq evində əsir kimi 3 gün saxlayıblar.

Vəkillərin suallarını cavablandıran Əsrəddin Əsədov bu hadisəyə qədər ona keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin başçılıq etdiyi dəstənin hücum etdiyini və döyüldüyünü deyib. Həmçinin şahid bildirdi ki, » 2005-ci ildə MTN-də üzləşmə zamanı Cəfərdən soruşanda ki, niyə məni oğurlayıb, dedi ki, mən oğurlamamışam, Məmməd oğlurlayıb. Sonra da saat 4-5 olardı Cəfərgil də, biz də MTN-dən çıxdıq». Qeyd edək ki, zərərçəkmiş Cəfər Səfərov MTN-dən gecə 23-də buraxıldıqlarını iddia edir.

Çarpaz dindirilmədə zərərçəkmiş Cəfər Səfərov və şahid Məmməd Rəhimov şahid Əsrəddin Əsədovun yalan danışdığını və deyilənlərin uydurma olduğunu bildiriblər.

Şahid Sədrəddin Əsədov da məhkəmədə qardaşı Əsrəddin Əsədovun ifadəsinə oxşar ifadə verərək qardaşının zərərçəkmiş Səfərovlar tərəfindən oğurlanaraq «Yeganə» şadlıq evində gizlədilməsi faktını və Çingizin bazarda «Azpetrol»un sabiq rəhbəri Rafiq Əliyevin adamları tərəfindən döyülməsini təsdiq etdi. Şahid bildirdi ki, o qardaşı Çingizi zərərçəkmişlər Səfərov qardaşları tapmasın deyə Nardaranda aparıb gizlədib. Şahid həmçinin vəkillərin suallarını cavablandırarkən bildirdi ki, onun qardaşı Çingiz heç vaxt bazarı 240 min dollara Səfərov qardaşlarına satmayıb. Bazarı ili 140 min dollara Səfərovlara icarəyə verib ki, həmin pulu da Səfərovlar qardaşına hissə-hissə veriblər. «Bazarı qardaşım Çingiz öz əlləri ilə tikib-yaradıb», - deyən şahid onu da qeyd etdi ki, 2005-ci ilə kimi qardaşı Səfərov qardaşlarından çoxlu şikayətlər yazsa da, ancaq sabiq nazir Fərhad Əliyevə görə heç kim onların şikayətini araşdırmırdı.

Onu da qeyd edək ki, şahidlər Əsrəddin və Sədrəddin Əsədovlar zalı tərk edərkən məhkəmədə iştirak edən zərərçəkmiş Səfərov qardaşlarının hamısının şahidlərin arxasınca gedərək zalı tərk etmələri diqqət çəkən məqamlardan biri oldu.

Hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının iyunun 5-də keçiriləcəyini elan edib.

 





04.06.2017    çap et  çap et