Vaxt.Az

Proqram açıqlanıb


 

Davos Forumu çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq

Proqram açıqlanıb Yanvarın 22-25-də Davosda (İsveçrə) keçiriləcək ənənəvi illik Dünya İqtisadi Forumunun proqramı bəlli olub. APA-nın forumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, builki toplantının mövzusu “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr” olacaq.
Siyasi liderlər, məşhur iş adamları və jurnalistlər dünyadakı ən ciddi problemləri, müasir cəmiyyətin qarşılaşdığı qlobal, regional və sənaye transformasiyalarını müzakirə edəcəklər. Proqrama bu il baş verəcək qlobal hadisələrə, qlobal enerji gündəminə, Yaxın Şərqdəki və Suriyadakı olaylara həsr olunmuş debatların keçirilməsi də daxildir. Elm sahəsində Nobel mükafatı laureatları ilə görüşlərin, ABŞ, Rusiya, Çin üzrə sessiyaların, Ukraynadakı son proseslərin müzakirəsinin təşkili də gözlənilir.
Yanvarın 23-də forum çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq məsələsi, bölgənin iqtisadi bazasının diversifikasiyası, transsərhəd ticarətin artırılması və s. mövzular müzakirə olunacaq.
Xatırladaq ki, Davos forumu dünya siyasi və biznes elitasının təxminən 2 min təmsilçisinin iştirakı ilə hər il keçirilir. Azərbaycan prezidenti də bu forumda dəfələrlə iştirak edib.
 





08.01.2014    çap et  çap et