Virtualaz.org Rusiya hərbi qaynaqlarına istinadən xəbər verir ki, iyunun 3-də Qərb hərbi dairəsinin 105-ci aviadiviziyasının 14-cü qvardiya qırıcı polkunun sərəncamına ilk iki Su-30SM qırıcısı verilib. Bundan əvvəl isə Baltik donanmasının tərkibinə daxil olan dəniz aviasiyası polkuna iki belə qırıcı verilmişdi. İndiyə qədər Rusiya Hava-Kosmik Qüvvələi cəmi 68 Su-30SM qırıcısı alıb. Donanma aviasiyasına isə 17 belə döyüş maşını verilib.
«Qərb hərbi dairəsinin aviaparkı ilin sonuna qədər tamamilə yenidən silahlanacaq. Polkun sərəncamına hər dəfə iki Su-30SM olmaqla cəmi 12 qırıcı veriləcək. İndiyədək 14-cü qvardiya polkunun sərəncamında olan və nisbətən az işlənmiş həmin sayda MiQ-29SMT qırıcıları isə ola bilsin Rusiyanın Ermənistandakı «Erebuni» aviabazasına veriləcək», - Rusiyanın «Voennoe obozrenie» saytı yazır.
Qeyd edək ki, Kreml son illərdə Ermənistandakı qoşun qruplaşını yeni aviasiya texnikası ilə gücləndirir. 2016-cı ilin fevralında Rusiya Ermənistandakı aviabazaya yeni nəsil MiQ-29 və MiQ-29S qırıcıları, habelə Mi-8MT nəqliyyat vertolyotları göndərilib. Bu ilin fevralında «Erebuni» aviabazasının komandiri Aleksandr Petrov bildirib ki, yaxın vaxtlarda bazaya MiQ-35 qırıcıları da verilə bilər.