Vaxt.Az

Bakıda ipoteka böhranı başlayıbmı?


 

İqtisadçı ekspert: «Real gəlir o krediti ödəməyə imkan vermir»

Bakıda ipoteka böhranı başlayıbmı? Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillərin kütləvi şəkildə geri qaytarılması ilə bağlı məlumatlar yayılıb. Son bir neçə ay ərzində əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb.

«Marja»nın araşdırmasına görə, maddi vəziyyəti pisləşən ailələr aylıq kredit borclarını ödəyə bilmirlər və buna görə də, ipoteka ilə aldıqları mənzili ya şirkətə geri qaytarır, ya da satışa çıxarırlar. Mənbə yazır ki, mənzil alanlar azaldığından geri qaytarılmış və elan saytlarına yerləşdirilmiş mənzillər satılmır.

«Bu gün 20-25 ilədək ipoteka ilə təklif edilən 3 otaqlı mənzilin ilkin ödənişinə yeni binada 2 otaqlı, 2 otaqlının ilkin ödənişinə 1 otaqlı mənzil almaq olar. Hətta 3 otaqlı mənzilin ilkin ödənişinə köhnə binalardan 3 otaqlı mənzil almaq mümkündür. Bir növ bazarda məntiqsiz vəziyyət yaranıb. Məsələn, 3 otaqlı 109 kv.m mənzil üçün 72500 manat ilkin ödəniş, 25 illik, aylıq 772 manat ödəniş şərti mövcuddur. Səbəblər 40 faizə çatan ilkin ödəniş, mənzilin kvadrat metrinin 1500 manat civarında olması və ipoteka faizidir. Əgər ipoteka ilə alınmış mənzillərin satışa çıxardılması daha da artarsa, bir neçə tikinti şirkəti daha çətin vəziyyətə düşəcək. Eyni zamanda, bu vəziyyət Beynəlxalq Banka da pis təsir edir».

Araşdırmaya görə, şərtlərin ağır olması satışların da zəifləməsinə səbəb olub. Bu gün bir sıra tikinti şirkətləri vəsait çatışmazlığına görə (satış az olduğundan) binaları vəd etdikləri tarixdə təhvil verə bilmirlər.

Hazırda bu sahədə çətin vəziyyətin yarandığını iqtisadçılar da təsdiqləyirlər. İqtisadçı ekspert Qadir İbrahimlinin virtualaz.org-a bildirdiyinə görə, əhalinin kütləvi şəkildə ipoteka ilə alınan evlərdən imtina etməsi gəlirləri azalması, insanlar iş yerlərini itirməsi ilə bağlıdır. İqtisadçının sözlərinə görə, əgər iki il əvvəl orta statistik ailənin ərzaq səbəti 400 manat idisə, indi 700-800 manat aralığındadır.

«Bu baxımdan da ipoteka krediti götürənlər getdikcə krediti qaytarmaq ümidlərini itirirlər. Son çarə kimi aldıqları mənzilləri geri qaytarmaqda görürlər. Problemin kökü bundadır və məsələnin inzibati yolla həlli mümkün deyil. Yəqin ki, proses davam edəcək. Çünki daşınmaz əmlak bazarının böhrandan çıxmasından danışmaq tezdir. Əhalinin gəlirlərində yaxın illərdə artım baş verməyəcək. Nominal olaraq 5-10 faiz artım ola bilər, amma inflyasiya tempi, dərəcələri həmin artımı üstələyir. Təbii ki, real artıma gətirib çıxarmır. Bu baxımdan da yaxın 3-4 il üçün bazarın bu seqmentində sabitliyin yaranacağını düşünmək olmaz», - deyə Q.İbrahimli bildirir.

İqtisadçı hesab edir ki, bu problemin aradan qaldırılması üçün hər hansı güzəşt edilsə belə faydasız olacaq. Yəni, 3-5 faizlik güzəşt heç nəyi dəyişməyəcək. Çünki əhali iş yerini itiribsə, real gəlir o krediti ödəməyə imkan vermir.

Lakin daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov ipoteka krediti ilə alınmış mənzillərin kütləvi şəkildə qaytarılması ilə bağlı yayılan məlumatlarla razılaşmır.

Onun sözlərinə görə, bu tamamilə yanlış məlumatdır və həqiqəti əks etdirmir: «Tamamilə səhv məlumatdır. Belə məlumat yazıblar ki, Xırdalanda 100 kv. metr evə 75 min manat ilkin ödəniş tələb olunur. Əslində isə Xırdalanda 100-105 kv. metr 3 otaqlı evin qiyməti 75 min manatdır. Bu 10 faiz ilkin ödəniş necə 75 min manat ola bilər? Çox səthi yalan, böhtan dolu məlumatdır. Xırdalanda təmirsiz mənzilin bir kv metrinin qiyməti 650 manatdır. Satılan evlərin qaytarılması tamamilə yanlışdır. Mən neçə ildir daşınmaz əmlak bazarının iştirakçısıyam. Necə olur ki, mənim məlumatım yoxdur? Ola bilər ki, 1-2 nəfər aldığı mənzili geri qaytarsın. Həmişə belə hallar olub, kütləvi şəkildə ipoteka ilə alınan mənzillərin qaytarılması ilə bağlı yayılan fikirlər tamamilə əsassızdır və belə şeylərə uymayın».

Xatırladaq ki, Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə verib. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda, satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır, həmçinin qalan aylıq ödənişlər də yeni alıcı tərəfindən banka ödənilir.

Mənzilin tikinti şirkətlərinə qaytarılması zamanı isə alıcı cərimələnir (mənzilin dəyərinin 2 faizinə çatan dəbbə pulu), MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur. Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya Banka ödədiyi vəsait qaytarılır.

Bundan başqa, bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar Banka keçir və Bank mənzili satışa çıxarda bilər.

Digər tərəfdən, Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditini dayadırdıqdan sonra tikinti şirkətləri 3-5 illik daxili kredit təklif etməyə başladılar. Daxili kreditdə ilkin və aylıq ödəniş çox yüksək olur. Adətən tikinti şirkətləri 50 faizədək ilkin ödəniş tələb edirlər. Daxili kredit ilə alınmış mənzillərin geri qaytarılması halları da artıb.

 





05.06.2017    çap et  çap et