Virtualaz.org bildirir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub.
Müraciəti Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov oxuyub.
Dövlət başçısı müraciətində qeyd edib ki, Azərbaycan dünyada tolerant mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir: «Bu ilin Azərbaycanda «İslam həmrəyliyi ili» elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi də mühüm hadisədir.
Azərbaycan dayanıqlı inkişafa nail olan müasir ölkədir. Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib.
Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu tədbiri əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək».
Tədbirdə Azərbaycanın baş prokuroru Zakir Qaralov çıxış edərək bildirib ki, «Müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyə, mənəvi həmrəyliyə və tərəfdaşlığa böyük ehtiyacı var. Bu da ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir».
O həmçinin bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşıya qoyulan məqsədlərə tam nail olunması üçün hər cür şərait mövcuddur.
Qeyd edək ki, tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, Ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İƏT-in Baş Katibinin müavinindən ibarət nümayəndə heyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkənin digər hüquq-mühafizə qurumlarının və QHT-lərin nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək tədbir zamanı beynəlxalq və regional qurumlar, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən həyata keçirilən ən yaxşı təcrübələr, effektiv mexanizm və tədbirlər, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yollarına dair məsələlər müzakirə ediləcək.